QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` hər iki cəbhədə mübarizə aparacaq gücdədi`

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Premyer Liqann 23-cü turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”la oyunu necə şərh edərdiniz?
- Matçın çətin keçəcəyini öncədən də bilirdik. Amma “Xəzər Lənkəran” daha güclü olub. Hər iki komanda çoxlu hücumlar təşkil etdi. Həm onlar, həm də biz mümkün qədər tez və çox qol vurmaq üçün çalışdıq. Sonda biz bir top fərqi ilə qələbə qazandıq. Altılığa qələbə ilə başlamaq çox xoş oldu.

- Vurduğunuz qolu necə xatırlayırsız?
- Müdafiəçi mənə mane olmağa çalışırdı. Amma mən hiylə işlədib topu uzaq küncə göndərdim. Şadam ki, qol vurdum, komandama qələbə gətirdim.
 
- Artıq qarşıda sizi Azərbaycan kubokunun da oyunu gözləyir. Komanda belə sıx qrafiklə oynamağa hazırdı?
- Biz hələ “Xəzər Lənkəran”la oyundan tam ayılmamışıq. Bir az istirahət edəndən sonra “Qəbələ” ilə oyun haqda düşünərik. Onların da yaxşı heyəti var. Bizə problem yarada bilərlər. Özü də son dövrlər çox inamlı oyun sərgiləyirlər.
 
- Onların “Neftçi” ilə oyununun nəticəsi sizi təəccübləndirmədi?
- “Neftçi” yaxşı komandadı. Çoxdan uduzmurdular. Amma futbolda həmişə qələbə qazanmaq da mümkünsüzdü. Hər halda “Qəbələ”nin belə böyük hesabla qələbə qazanması bir qədər gözlənilməz oldu.
 
- “Qarabağ”ın kubokdakı şanslarını necə dəyərləndirərdiz?
- Heç bir komanda kubokun yarımfinalında dayanmaq istəməz. Kubokda hər şeyə iki oyunda aydınlıq gəlir. Biz ilk oyunda qələbə qazanmaq istəyirik ki, üstünlük qazanaq. Fikrimcə, “Qarabağ” hər iki cəbhədə mübarizə aparacaq gücdədi.
 
- Gürcüstanla Azərbaycan AÇ-2020-ni təşkil etmək təşəbbüsü ilə çıxış etməkdədi. Siz bu ideyanı nə dərəcədə dəstəkləyirsiz?
- Mənə şanslarımızı şərh etmək çətindi. Məsələn, Gürcüstanda stadionlarla bağlı məlum problemlər var. Böyük stadionlar bizdə azdı. Yaxşı meydançalar da çatışmır. Amma ona əminəm ki, UEFA bizim ölkələrə belə bir şans yaratsa, hər ikisi bu AÇ-nin yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.