QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qara iddialı danışdı..

O, Azərbaycanın ən istedadlı futbolçularından sayılır. 17 yaşı hələ tamam olmayıb. Artıq səsi Almaniyadan gəlir. Əslən qarabağlıdır. Ən böyük arzusu `Qarabağ`ın Avropada səs gətirməsidir. Bu yaşından ambisiyası çox böyükdür. Yüksək hədəflərə köklənib. Balaca boyuna baxmayaraq meydanın istənilən mövqeyində oynamağa hazırdır. Bəli, söhbət məhz Qara Qarayevdən gedir. 2 aya yaxın `Hoffenhaym`ın düşərgəsində olan vunderkind komandamızın baş məşqçisi Qurban Qurbanovun sevimli oyunçularındandındır. Təsadüfi deyil ki, Almaniyadan dönər-dönməz Qarayev `Muğan`la oyunda start heyətində meydana çıxdı. Düzdü, buna qədər Qaranın `Qarabağ`da əsas heyət təcrübəsi vardı. Amma bu dəfə meydanda özünə daha əmin olan futbolçu vardı. Qara Qarayev həm Almaniya, həm də gələcək planları haqqında saytımıza ürəyini boşaldıb.

 - Qara, səfər necə keçdi?

- Əla. Düşünürəm ki, bu səfərin mənə ancaq xeyri dəydi.

- Belə bir yaşda uzun müddət ailədən uzaq qalmaq asan idi?

- Əslində, mən artıq bu həyata öyrənmişəm. Uzun müddətdi millinin təlim-məşq toplanışlarında olduğum üçün demək olar ki, darıxmırdım. Təbii ki, ailəm, vətənim yadımdan çıxmırdı. Amma qarşımda tək məqsəd vardı. Mümkün qədər bu şansdan maksimum faydalanmaq.

 - `Hoffenheim”ın oyunlarını izlədiz?

- Əlbəttə. Orada olduğumuz müddətdə bütün ev oyularını canlı izlədik. Üstəlik, bazalarımız yaxın olduğuna görə məşqləri də izləmək şansımız oldu.

 - Başqa millətlərin futbolçuları var idi?

 - Belə italyan, türk, koreyalı vardı. Amma onlar orda yaşayanlar idi. Sadəcə biz idik təlim keçən.

 - Orda sizə münasibət necə idi?

 -İlk günlər ağızbüzənlər var idi. Azərbaycan adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var? Amma şükürlər olsun ki, oyunumuzla onların fikirlərini dəyişdirə bildik.

- Özünü ordakı həmyaşıdlarından zəif hesab edirsən?

 - Yox. Niyə ki. Onların bizdən elə də fərqi yoxdur. Sadəcə düzgün məşq etmək lazımdır

- Yeri gəlmişkən,  məşq sistemində fərq var?

 - Elə əsas fərq məşqlərdədi(gülür). Orda isinmə hərəkətlərinə elə də fikir vermirlər. Burda 11 yaşından bizi `ştanga`nın altına salırlar. Orda isə yüngül isinmə hərəkətlərinin ardından ancaq futbolla məşğul oluruq. Trenajor zalında da edilən təmrinlər fərqlidi.

- Bəs, fiziki hazırlıq barəsində deyilənlər..

 - Maraqlandım. Dedilər ki, əsas fiziki yükləmələr mövsümöncəsi çalışmalarda həyata keçirilir. Yəqin qışda da fizikaya  vaxt ayırarlar.

- Hansı mövqeədə oynayırdın?

- Baş məşqçi məni yarımmüdafiədə oynadırdı. Amma boyumun balaca olduğunu söyləyib cinahda oynamağımın daha faydalı olacağını söylədi.

 - Hoffenhaym sizə necə təsir bağışladı?

 - Bilirsiz də ora kənddi. Cəmi 2000 nəfər əhalisi var. Amma ətraf zonanın ən populyar komandasıdı. Ona görə də oyunlarına 25 min adam gəlir.

- Almanca bir şey öyrənə bildin?

 - Elə də yox. Ancaq istədiyimi soruşa bilirdim.

 - Nə zamansa orda oynaya bilərsən?

- İndi özümü hazır sayıram. 17 yaşım olsa da, 19-larla məşq edirdim. Baş məşqçi mənimlə ciddi maraqlanırdı. İnşallah, tezliklə hər şey məlum olacaq.

- Orda günü necə keçirdi?

 - Səhərlər futbolçular dərsə gedirdi. Məşqlərimiz axşam olurdu. Ona qədər internetə baxır, ailəmizlə danışırdıq.

 - Futbolçular təhsilə belə ciddi fikir verirlər?

- Hə. Daha doğrusu müəllim bazaya gəlirdilər. Hər bir futbolçu üçün ayrıca proqram tuturdular. Buna görə də onlar üçün xüsusi çətinlik olmurdu.

 - Qayıdaq `Qarabağ`a. Oyunları izləmək şansın olurdu?

 - Təəssüf ki, yox.  İnternet saytımızdan oyunumuzu canlı izləyə bilirdim. Qollara da ordan baxırdım. Komandamızın uğurları mənə əlavə ruh verirdi. Bilirdim ki, burdan nə qədər yaxşı formada qayıtsam oynamaq şansım yüksələcək.

 - Elə, ilk oyundaca meydana çıxdın.

 - Hə, sağ olsun Qurban müəllim. Mənimlə söhbətdə dedi ki hazırlaş meydana çıxacaqsan. Açığı, bir qədər gözlənilməz oldu. Amma oynamağa hazır idim.

 - Oyunundan razı qaldın?

- Nə deyim. Buna Qurban müəllim qərar verə bilər. Mən öz üzərimə düşəni etməyə çalışıram.

 - Bu il `Qarabağ`dan nə gözləyirsən?

Çox şanslıyam ki, bu yaşda belə bir komandaya düşmüşəm. Əla komandamız var. İnşallah, çempion olmaq istəyirəm. Eyni zamanda, klubumu və ölkəmi də Avopada ən yaxşı şəkildə təmsil etmək istəyirəm.