Qarabağ TV
TPL
UEL
Planlarım ancaq `Qarabağ`la bağlıdı

O, son illərdə Azərbaycanın ən yaxşı futbolçusu sayılır. 2009-cu ili karyerasının ən yaxşı illərindən saymaq mümkün olsa da, o yox, Vaqif Cavadov son günlərini yaşadığımız ilin «ən yaxşı»sı seçildi. Amma Rəşad Sadıqov bunu özünə dərd etmir. Millinin kapitanı, «Qarabağ»ın lideri «KomandA»nın redaksiyasında baş tutan söhbətimizdə çox şeylərdən danışdı. Bəribaşdan bir şeyi deyək ki, deyəsən, həmişə xaricdə oynamasına öyrəşdiyimiz Rəşadı yaxın vaxtlarda legioner kimi görə bilməyəcəyik.

- Rəşad, artıq Premyer-Liqanın 17 turu arxada qalıb. Səncə, builki çempionat əvvəlkilərdən nəylə fərqlənir?
- Fərq var. Əvvəlki dövrlərə nisbətən klubların səviyyəsi artıb. Amma baxımlı oyunların sayı çox deyil. İndi çempionatda gərgin oyunların sayı artıb. Komandaların böyük əksəriyyəti nəticəyə oynayır. Həm də 7 komandanın çempionluğa oynaması klubların səviyyəsinin göstəricisidi.
- Bu mövsüm “Qarabağ” necə təsir bağışlayır? Son tura qədər lider olsaz da, birinciliyi əldən verdiz…
- Lider olmağımız özümüz üçün də bir az gözlənilməz oldu. Gəlin, hər şeyə real baxaq. “Qarabağ”ın heyəti azərbaycanlı gənc futbolçulardan ibarətdi. Bunun üçün də mövsüm başlayanda birinci yeri tutmağımız barədə qarşımıza şərt qoyulmamışdı. Amma biz ön sıralarda gedirik. Üstəlik, çalışırıq ki, nəticə haqda fikirləşməyək. Çempion olmaq əsas məqsədimiz deyil. Əsas məqsəd gənc futbolçuların üzə çıxarılmasıdı.
- Zədəyə görə uzun müddət oynamadın. Rəşad Sadıqovsuz “Qarabağ”ın müdafiə xətti necə təsir bağışladı?
- Müdafiə xəttinin çıxışı çox xoşuma gəldi. Həm Zaur Həşimovla Admir Telinin müdafiədəki tandemi, həm də Maksim Medvedyevlə Elnur Allahverdiyevin hücuma verdikləri dəstək məni heyran etdi. Amma əvvəl belə deyildi. Son vaxtlar bu futbolçular çox «artırıblar». Mənim oynamamağıma baxmayaraq, müdafiə xəttində heç bir problem olmadı. Hətta mənim oynamağıma elə də böyük ehtiyac yox idi.
- Xaricə getmək üçün bir nömrəli namizədimiz olan Sadıqov transfer dönəmində yenidən legioner həyatı yaşayacaqmı?
- Sözün düzü, Türkiyənin birinci liqasından bir neçə təklif var. Amma planlarım hələ ki, “Qarabağ”la bağlıdı.
- Əvvəlki vaxtlara nisbətən ölkədən kənara çıxmağa istəkli görünmürsən. Səbəb “Qarabağ”la bağlıdı, yoxsa Türkiyənin birinci liqasında oynamaq istəmirsən?
- Hazırda bütün diqqətimi “Qarabağ”a yönəltmişəm. Mövsümün sonunu gözləmək istəyirəm. Xalqımızın, həmçinin mənim bu komandaya böyük rəğbətim var. Onun üçün də komandada qalıb uğur qazanmaq istəyirəm.
- Xidmətində maraqlı olan klubların adlarını deyə bilərsən?
- “Kocaelispor” israrla məni istəyir. Komandaya təzə prezident gəlib, komandanı tamamilə dəyişir. Hətta dünən klubun prezidenti və kapitanı da mənə zəng vurmuşdu. Bir də birinci liqanın liderləri sırasında olan bir komanda da məni heyətində görmək istəyir. Amma hələ heç biriylə danışığa getməmişəm. Çünki bu düzgün deyil. Mənim hələ “Qarabağ”la yaya qədər müqaviləm var.
- Bəs “Qarabağ”ı Azərbaycanın hansısa bir klubuna dəyişərsənmi?
- Əvvəla, deyim ki, “Qarabağ”ı pula dəyişmərəm. Bəlkə başqa bir səbəb olar, onda nəsə ola bilər. Ancaq elə bir fikrim yoxdu. Ən azı bu mövsümün axırına kimi “Qarabağ”da qalmaq istəyirəm.
- Necə düşünürsən, yayda Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ”ın futbolçuları artıq ölkə kənarına çıxmalıdılarmı? Yəni oyundaşlarına məsləhət görürsənmi ki, sənin kimi legioner həyatı yaşasınlar?
- Məncə, hələ tələsmək lazım deyil. Bugünkü gündə biz onları tələsdirməklə «yandıra» bilərik. Həm klubda, həm də yığmada davamlı oynayıb «artırmaq» lazımdı. Çox güman, ilk transferimiz Vaqif Cavadov olacaq. Ona “Tvente”yə keçidində uğurlar arzulayıram. Həm də onun Avropada oynaması bizim üçün reklamdı. Bundan sonra futbolçularımızın Avropaya ayağı açıla bilər.
- Bir az da sənin bu səviyyəyə çatmağında müstəsna xidməti olan “Neftçi”dən danışaq. Komanda son vaxtlar uğursuzluq zolağına düşüb. Klubda baş verən prosesləri izləyirsən?
- “Neftçi” mənim üçün çox doğma komandadı. Orda baş verənləri yaxından izləyirəm. Bu gün çatdığım səviyyəyə görə “Neftçi”yə borcluyam. Fikirləşirəm ki, son baş verən hadisələrdən sonra komanda mütləq toparlanmalıdı. Amma «Neftçi»ni qarşıda çətin qrafik gözləyir. Son matçlarda «altılıq»da qərarlaşan komandalarla qarşılaşacaqlar. Hətta «altılığ»a düşməmək qorxusu da var. Fikrimcə, komanda bu oyunlara ciddi yanaşmalıdı. Çox istərdim ki, komanda «altılığ»a düşsün və ən azı Avropa Liqasına qatılmaq üçün mübarizə aparsın. Çünki “Neftçi” bizim adımızdı. Xaricdə çoxları bizi məhz “Neftçi”ylə tanıyır.
- Təklif olsa, kömək üçün “Neftçi”yə qayıdarsan?
- «Neftçi»yə həmişə kömək etmək istəyirəm. Amma bu gün planlarım ancaq “Qarabağ”la bağlıdı. Çünki dar günlərimdə “Qarabağ” mənə dəstək oldu. Bunun üçün də “Qarabağ” qarşısında öz borcumu yerinə yetirmək istəyirəm.
- Hərdən heç ürəyindən keçirmi ki, “Neftçi”də sənə qarşı edilən haqsızlığın cəzasını çəkirlər? Axı səni və başqa bir neçə futbolçunu komandadan heç də gülər üzlə yola salmamışdılar…
- Yox, elə bir şey heç vaxt fikirləşməmişəm. Mən orda alnıaçıq olmuşam. Bir «Neftçi»sevər kimi həmişə komandanın uğurlu çıxış etməsini istəmişəm.
- “KomandA”nın keçirdiyi sorğuya görə Vaqif Cavadov ilin futbolçusu seçildi. Siyahıda sənin də adın var idi…
- Bu mövsüm göstərdiyi oyuna və ustalıq səviyyəsinə görə məhz Vaqif ilin futbolçusu seçilməliydi. Belə də oldu. Bundan başqa, Elvin Məmmədovla Rəşad Sadiqovun da əməyini itirmək olmaz. Həm yığmanın, həm də klubumuzun aldığı nəticələrdə bu futbolçuların müstəsna xidməti olub. Amma son nöqtəni Vaqif qoyduğu üçün ilin futbolçusu da elə özü seçildi. Vaqifə görə çox sevinirəm. O ki qaldı mənim seçilməməyimə, son vaxtlar zədəli olmağım buna təsir göstərdi. Bir də ki, qoy məndən qabaqda həmişə Vaqif kimi gənc futbolçular olsun. Çünki gənclər bizim futbolun gələcəyidi.            

Mənbə: "KomandA" qəzeti