QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: `Vaqifdən başqa heç kimi satmayacam`

"Tvente" ilə "Qarabağ"ın birgə futbol məktəbi olacaq ...Mən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəllə görüşəndə Vaqif Cavadovun müqaviləyə imza atmasına hələ bir neçə saat qalırdı. Son 20 günün ən aktual olayını Tahir bəylə müzakirə etməyin bir başqa yeri var. Çox sevincli görünən klub rəsmisinin ürəyi dolu idi. Və duyğularını, fikirlərini oxucularla bölüşmək üçün də hər hansı başqa qəzeti yox, məhz "Futbol+"i seçmişdi ki, buna görə ona təşəkkür edirəm. Beləliklə, danışmaq növbəsi Tahir Gözələ çatdı. Başlanğıcını ötən il avqustun 27-də götürən transfer danışıqlarında əsas rollardan birini oynayan şəxsə.

- Tahir bəy, əvvəlcə sizi təbrik edirəm. Təbii ki, Vaqif Cavadovun "Tvente"yə keçidi təkcə "Qarabağ" yox, həm də Azərbaycan futbolu adına uğurdu. Bizdə belə böyük transfer yalnız ötən əsrdə olub. Vaqifi Avropaya göndərən klubun əsas adamı kimi bu anlarda nə düşünürsüz, duyğularınız necədi?

- Bilirsizmi, bu doğrudan da mənim arzularımın çox dərinliklərində olan bir nəticənin meyvəsidi. Vaxtilə Rasim Kara ilə də işləyəndə fikirlərim yalnız o nöqtəyə yönəlmişdi ki, köklü bir klubu necə qura bilərik? Onda da hansı məşqçiyə desəydiz ki, ancaq yerli, özü də gənc futbolçulardan qurulan komanda istəyirəm, çaşıb qalardı. Həmin vaxt bu xətti tutanda mən də, Əmrah Çəlikəl də özümüzü tənha hiss edirdik. Çünki bu işin uğuru üçün hər kəs ürəyini ortaya qoymalı idi. Sonra qismət elə gətirdi ki, Qurban hoca bizimlə işbirliyinə başladı və tezliklə fikirlərimizi həyata keçirdi. Bildiyiniz kimi, heyəti gəncləşdirmə yolu tutduq və əvvəl-əvvəl bundan ziyan çəkdik.

- Yadızdadısa, ilin əvvəlində mən də daxil olmaqla ölkənin bir qrup jurnalisti ilə dar dairədə keçirilən görüşdə "Qarabağ"ın taleyindən yana çox narahat idiz, sanki panikaya düşmüşdüz.

- Bəli, yadımdadı. Stress var idi ki, bu işlərin axırı necə olacaq, legionerlər gedir, komanda yaşlı oyunçularla vidalaşır... Bu həyatda fədakarlıq olmadan heç nə mümkün deyil. Kimlərsə düşünə bilərdi ki, bəli, artıq Tahir Gözəl futbolu dəstəkləmir, yaxud maliyyə imkanı yetmir, yaxşı futbolçu gətirmir. Küçəyə çıxanda ən populyar sual bu olurdu: "Tahir bəy, kimi transfer edəcəksiz, Türkiyədən kimi gətirəcəksiz". Heç yadımdan çıxmır... Həmin günlər arxada qaldı. Siyasəti dəyişəndən sonra bəzi matçlarda uğursuzluğa düçar olduq. Sonra öz aramızda iclas oldu. Məncə, o iclasda hər kəs öz məsuliyyətini dərk etdi. Nəticə də bu oldu ki, Avropada özümüzə hörmət qazandıq. "Rusenborq" bir neçə gün əvvəl mənə təbrik mesajı göndərib: həm yeni ilə, həm də Vaqifin transferinə görə. Artıq "Qarabağ"ın böyük klublarla ünsiyyəti yaranıb. Əlbəttə, bu bizim üçün böyük sevincdi. Sizə Londonda başıma gələn bir əhvalatı da danışmaq istəyirəm. Taksidə gedərkən sürücü məndən soruşdu ki, haralısız? Azərbaycandan olduğumu deyib mən də cavabında bu ölkəni nəyinə görə tanıdığını soruşdum. Həmişə olduğu kimi, yenə də klassik cavab variantını - "orda neft var"- eşidəcəyimi düşünürdüm. Dedi bağışlayın ki, Azərbaycan haqda məlumatım azdı, amma bildiyimə görə, sizdə yaman neft var və bir də yaman futbol oynayırsız. Cavabı marağımı çəkdiyindən soruşdum ki, yaxşı futbol oynadığımızı hardan bilirsiz? Nə desə yaxşıdı? "Stiv Maklarenin komandasını az qala Avroliqadan qovacaqdız. Bir də "Rusenborq" "Mançester Yunayted"i yenəndə çox qəzəblənmişdim. Çox sağ olun ki, qisas aldız" Taksi sürücüsünə deyəndə ki mən həmin klubun vitse-prezidentiyəm, maşını saxladı, üzümə baxdı və bircə söz dedi: "Halal olsun sizə". Belə olaylar təbii ki, məni sevindirir. Yəni Azərbaycan indi yalnız nefti ilə tanınmır.

- Belə başa düşdüm ki, Vaqifin keçidi yönündə danışıqların əsası "Tvente" ilə Bakıdakı cavab görüşündən sonra qoyulub. Hətta hollandların maraq dairəsinə düşən başqa futbolçularınız da olub. Ardından klub prezidenti Yup Munstermanla münasibətləriniz yaranıb, hətta əməkdaşlıq müqaviləsi imzalayıbsız. Bu münasibətlər perspektivdə nə vəd edir, əməkdaşlıq üçün hansı üfüqlər açılıb?

- Artıq cənab Munstermanla şəxsi dostluğumuz yaranıb. O doğrudan da çox gözəl insan, klubuna ürəyini verən adamdı. "Tvente" ona qədər heç də yaxşı durumda olmayıb. İnqilabi dəyişikliklər edən, komanda üçün indiki stadionu tikdirən məhz Munstermandı. O görüşlərin birində mənə dedi ki, Tahir, biz klubdaxili iclasda hansısa klubu özümüzə qardaş seçməyə qərar vermişik, istəyirik o kluba mənəvi, maddi dəstək verək, etiraz etmirsizsə, biz məhz "Qarabağ"ı seçərdik. Mən də dedim ki, "Tvente" ilə qardaş olmaq bizim üçün böyük fəxrdi. Ondan sonra Hollandiyaya bir neçə dəfə getmişəm. Artıq "Tvente" ilə "Qarabağ"ın birgə uşaq futbol məktəbi haqda müzakirələr gedir.

- Həmin məktəb Bakıda olacaqmı?

- Bəli-bəli, Bakıda. Tezliklə təşkilati işlərə başlayacağıq. İnşallah, bu ilin içində bitirərik. Bizdə onsuz da Həmdi Sərpil Tüzün var. "Qarabağ"ın uşaqları hazırda çox peşəkar təlimlər keçir. Amma əlbəttə ki, "Tvente"nin dəstəyi tam başqa səviyyədi. Onlardan bura məşqçi gələcək, burda komanda quracaqlar, bizim futbolçular, məşqçilər ora gedəcək.

- Qarşıda bu iki komanda arasında yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulurmu?

- Yoldaşlıq oyunu hər iki komandanın toplanış üçün eyni yeri seçməsinə bağlıdı. Məsələn, biz adətən Antalyanı seçirik. Onlar da gələrsə, problemsiz təşkil edə bilərik.

- Heç şübhəsiz, Vaqifin gedişi "Qarabağ"ın oyununda müəyyən zəifləməyə səbəb olacaq. Onun əvəzində kimisə almaq planınız varmı?

- Bu vitse-prezidentə yox, baş məşqçiyə ünvanlanası sualdı. - Yaxşı, tutaq ki, Qurban bəy ona bir futbolçu lazım olduğunu deyir. Cavabınız necə olacaq?

- Bu transferdə Qurban bəyin də əməyi böyükdü. Hocamla çox gözəl münasibətlərimiz var. Qulağım açıqdı, Qurban hocanı eşidirəm. Onun müəyyənləşdirdiyi yolu qiymətləndirib cavab verəcəyik.

- Vaqifin gedişi komanda olaraq hədəflərinizə təsir edəcəkmi?

- Xeyr, qətiyyən!

- Sirr deyilsə, komandanın qarşısına hansı hədəflər qoyulub? Çempionluqmu, kubokmu?

- Ən böyük hədəflər uğrunda vuruşacağıq. Vaqifin gedişi bizi daha da ruhlandırıb. Avropanın aparıcı liqalarından birinə futbolçu göndərən klub hədəflərindən aşağı enməməlidi. Bütün futbolçularımız yoluna "Qarabağ"la davam etmək istəyir ki, bu da mənim üçün çox sevindirici haldı. "Qarabağ" güclü və sabit bir klub olmalıdı. Yenə də fürsətdən istifadə edib rəqiblərimizə səslənmək istəyirəm: "Qarabağ"dan çəkinin və qorxun!

- Maraqlıdı ki, başqa klublar da artıq "Qarabağ"ın yolunu tutmağa çalışır. Bu sizə əlahiddə məmnunluq bəxş edirmi?

- Əlbəttə! Elə Munstermanın "Qarabağ"ı bəyənməsinin bir səbəbi də budu. O təkcə oynadığımız futbolu yox, seçdiyimiz yolu da bəyənmişdi. Buna görə də işbirliyinə girmək istədi. "Qarabağ" artıq futbol universitetinə çevrilməkdədi.

- Siz vitse-prezident olmaqla yanaşı, həm də biznesmensiz. Və "Qarabağ"ın peşəkar klub kimi bu transferdə maddi marağı da olmalıdı. Bu fikri bölüşürsüzmü?

- Olmalıdı. Amma baxır necə. Bilirsizmi, aramızda danışıq necə oldu? Mən hollandların qarşısına heç bir tələb qoymadan dedim ki, önəmli olan Vaqifə şans verilməsidi. Belə danışdıq ki, sonradan Vaqifi başqa kluba satarsızsa, onda "Qarabağ"a da mənfəət çatmalıdı.

- Bunu Əmrah bəy də bizə demişdi. Yəni şərt qoyacağıq ki, sonrakı transferin məbləğinin 20, ya da 30 faizi "Qarabağ"a çatmalıdı. "Tvente" bu təklifə razıdımı?

- Bəli. Hər şeydən də əvvəl arada inam, etibar var.

- Heç "Qarabağ"ın hesabına rəmzi məbləğ də köçürmədilər?

- Köçürdülər, amma çox az. Yenə deyirəm ki, biz heç bir ilkin şərt qoymadıq. Dedik ki, o futbolçu, o da siz, gedin danışın, razılaşsaz, biz etiraz etmirik. Munstermanla söhbətdə bircə şərtim oldu ki, Vaqifi götürün, oynadın, təcrübə qazansın və satın. Xahiş edirik ki, 2-3 ildən sonra daha güclü kluba satın. Sonunda "Tvente" də qazanacaq, "Qarabağ" da, Vaqif özü də. Hər kəs üçün xeyirli bir layihə hazırladıq.

- Artıq "Tvente"nin klub strukturu, fəaliyyəti ilə tanışsız. Bildiyimə görə, onların hazırkı büdcəsi 40 milyon avroya yaxındı. "Qarabağ"ın həmin səviyyəyə qalxması üçün nə qədər vaxt tələb olunur?

- Bu suala görə sağ olun. "Qarabağ" həmin yerlərə tezliklə çata bilər. Bircə şərt var: bu Azərbaycanın hər insanından asılıdı, təkcə mənim çiynimin qaldıra biləcəyi yük deyil. Buyurub futbola gəlsinlər, stadionları doldursunlar. Futbola eşq, ruh, həyəcan gətirsinlər, komandalarına dəstək versinlər. Dünyanın güclü klubları məhz öz tərəfdarlarından ilham alır. Bəs bizimkilər hanı? Mən əlimdən gələn imkanları "Qarabağ" üçün əsirgəmirəm. Amma sizin sualın cavabı məndə deyil, tərəfdardadı.

- Azarkeşlərdən söz düşmüşkən, Quzanlıdakı stadionun ot örtüyünə toxunmaq istəyirəm. Hamı ot örtüyünün vəziyyətindən narazılıq edir. Oranı düzəltmək, təmir etmək fikriniz varmı?

- Bilirsiz, bu nöqsanları aradan qaldırmaq elə böyük iş deyil. Amma azarkeşlər də tribunaları doldurmalıdı. Ağdam camaatından razıyam, Quzanlıdakı oyunlarımıza çox adam gəlir. Amma mən belə deyərkən təkcə "Qarabağ"ı düşünmürəm. İstəyirəm "İnter"in tərəfdarları elə səs-küy salsın ki, futbolçularım meydanda hara qaçacağını bilməsin. Mən rəqabət istəyirəm. Bütün azərbaycanlıları stadiona dəvət edirəm.

- Vaqif Cavadov getdi. Güman edirəm ki, qış fasiləsində hər hansı başqa futbolçunuza təklif gəlsə, artıq "yox" cavabı verəcəksiz. Çünki belədə "Qarabağ" çox zəifləyər.

- Daha heç kimi buraxan deyiləm. "Qarabağ" klub olaraq daha bir oyunçusunun itkisinə hazır deyil. Biz iddialı komandayıq, rəqabət isə ildən-ilə çətinləşir. Amma bizim gənclərimiz çoxdu. Qurban bəy onların əməyindən yararlanmalıdı. Mən bir onu bilirəm ki, Vaqifin gedişi Azərbaycan futbolu adına doğru strateji addımdı. Artıq yol açıldı. Birgə məktəbimiz işə düşəndən sonra azərbaycanlı uşaqların Avropaya ayaq açması daha da asanlaşacaq.

- Bütün bu transfer danışıqları boyunca Vaqifdən, atası Füzuli bəydən razı qaldızmı? Bu sualı verməyimin səbəbi var. İş ondadı ki, məhz danışıqlar ərəfəsində "Qarabağ"a mənfəət çatsın deyə Vaqifin klubla müqaviləsini yenilədiz.

- Bəli, haqlısız. Vaqifdən, atasından çox razıyam. Məncə, onlar da bizim xoş niyyətimizə, ciddiliyimizə əmin oldu. Vaqifin transferində "Tvente" ilə "Qarabağ" arasındakı isti münasibətlərin də rolu böyük oldu. Hollandlarla başqa xarakterdə danışsaydıq, inanın ki, transfer alınmazdı. Yəqin ki, Vaqifin atası da bunu dərk edir.

- Əmrah bəy bizə demişdi ki, Tahir Gözəlin də bugünkü imzalama mərasimində iştirakı gözlənilir. Niyə Enshedeyə səfəriniz alınmadı?

- Doğrudan da Hollandiyaya gedəcəkdim. Həm Munstermanın yeni ilini təbrik edəcək, həm də mərasimə qatılacaqdım. Heyf ki işlərin çoxluğundan imkan edə bilmədim. Amma imzalama mərasimindən sonra mütləq zəng vurub təbrik edəcəm. Bir də Munstermanın yadına "Tahir, Vaqif oynayacaq" vədini salacam.

Mahir Rüstəmli, `Futbol+.