Qarabağ TV
TPL
UEL
`Milli`yə dəvət alacağımı gözləmirdim

“Qarabağ”ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi

-  Rauf, baş məşqçi Berti Foqts tərəfindən milli komandanın heyətinə dəvət aldın. Bu dəvəti gözləyirdinmi?
- Milliyə dəvət aldığım üçün sevinirəm. Bu mənim üçün böyuk uğurdur. Mən bunu gözləyirdim, amma düzünü desəm, belə tezliklə yox. Məhz “Qarabağ”da oynayıb, milliyə dəvət almaq istəyirdim ki, bu da baş verdi. İnanıram ki, məşqçilərin etimadını doğruldacağam və millinin hücüm xəttini daha da gücləndirəcəyəm.
- Milli komandaya dəvət alan hər yeni oyunçuya bu sualı verirlər. Rəqabətə hazırsan?
- Əlbəttə, hazıram. Millidə oynamaq çox gözəl hissdir. Mən özümə inanıram və düşünürəm ki, məşqçilər də mənə güvənirlər. Millinin heyətində oynamağa özümü hazır sayıram. 
- Milli komandamızda qol vurmaq problemi var. Hücümçu kimi bu problemi aradan qaldıra biləcəksən? 
- Bəli. Bunun üçün bir oyuna ehtiyacım var. Düşünürəm ki, bir qol olsa, arxası da gələcək. Amma çalışacağam ki, millinin iştirak elədiyim bütün oyunlarında azarkeşləri sevindirim.
- Millimizin uzun müddətli təlim-məşq toplantısı olacaq. Həmin toplanışda “Qarabağ”ın bir çox üzvü iştirak edəcək.  Necə düşünürsən bu “Qarabağ”a çempionatın həlledici mərhələsi öncəsi problem yarada bilər?
- Bu barədə düşünməyə dəyər. Çünki komandanın demək olar ki, yarısı millidə olacaq. Amma elə bir problem də görmürəm. Çünki hamımız bir yerdə məşq edəcəyik.
- Bir qədər də “Qarabağ”dan danışaq. Son turda “İnter”lə oyunda qalib gələ bilmədiniz. Oyundan sonra komandanızın baş məşqçisi Qurban Qurbanov bunun səbəbini qol epizodlarını dəyərləndirə bilməməkdə gördü. Komandanın hücümçusu kimi sən bu barədə nə deyə bilərsən?
- Bu məşqçinin fikridir. O, oyunu qıraqdan izləyir və hər şeyi görür. Əgər, belə deyibsə, deməli, nəsə var. Gördüyünüz kimi biz məşq eləyirik. Əlimizdən gələni edəcəyik ki, daha yaxşı oynayıb, uğurlu nəticə qazanaq.
- Sabah “Olimpik-Şüvəlan”a qarşı keçirəcəyiniz oyunun turnir cədvəli baxımından elə bir önəmi yoxdur. Çünki növbəti turdan “Qarabağ”la “Olimpik-Şüvəlan” fərqli “altılıq”larda mübarizə aparacaqlar. Bu amil oyuna köklənməyinizə problem yaratmayacaq ki?
- Inanmıram ki, bu belə olsun. Komandamız çıxıb, öz oyununu oynayacaq. Birdəki qalib gəlmək həmişə gözəl hissdir. Oyunun turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa belə. İnanıram ki, sabah da qalib gələcəyik.
- Son zamanlar Qurban Qurbanov sənə əsas heyətdə yer versə də, yeni ildən sonrakı 4 tur ərzində qol vura bilməmisən. Bunu nə ilə izah edirsən?
- Düzdür, qol vura bilməmişəm. Amma zamanla bu da düzələcək. Baş məşqçimiz də sağ olsun ki, mənə qayğıyla yanaşır, özümü göstərmək üşün şans verir. Futbolda belə hallar olur. Görürsən ki, alınmayanda alınmır. Çox qol vura bilməsək də, yaxşı oyun göstərdiyimizi düşünürəm.