Qarabağ TV
TPL
UEL
`Ya Rəbbim, bu dünya sən quran deyil`

SƏNAN NƏCƏFOV

Həyat - sudur, atırlar səni suya çapalaya-çapalaya qalırsan. Həyat - müharibədir, başına düşmən gülləsi, oxu, daşı dəyir. Həyat - məktəbdir, Yaradan hər an imtahana çəkir. Həyat - lotoreyadır, onda müxtəlif uduşlar var, uğursuzluqlar var. Həyat - kitabdır, hər səhifəsinin öz vaxtı, tarixçəsi var. Həyat - bir filmdir, həm mənfi, həm də müsbət obrazları var. Həyat - şirindir, dadından doymaq olmaz. Həyat - dar yollardır, hər kəsin öz yolu var, yolunda da daşlar, dərələr, təpələr var. Beləcə, həyat təzaddır. 
Heç bir münasibət növü tam cilalı, təzadsız deyil. Təzad sevgidə də olur, valideyn-övlad münasibətlərində də. Vəfasız çıxan sevgililərdən bütün əsrlərdə bütün dünya danışır. Nankor övladlardan nə qədər yazılıb, nə qədər danışılıb. Amma buna baxmayaraq, biz bu münasibətləri yenə də qururuq. Onlarda alınmayıb, məndə alınacaq deyirik. Bəs niyə risk edirik? Başqalarının təcrübəsi bizə niyə örnək olmur? Təzadlıdır...
...Qəribəliklərlə, təzadlarla dolu olan dünyanı necə varsa elə də qələmə almaq çətindir. İnsan bəzən özünün də baş açmadığı hadisələrlə rastlaşır, anlaya bilmir ki, niyə belə olur? Təzad deyib durmuşuq, sonu yoxdurmu bunun? Belə çıxır ki, yoxdur, olmayacaq.
...İnsan var ki, 1 milyard möminin tapındığı İslamda səhv axtarır, irad bildirir. Amma özü iki nəfəri bir yerə toplaya bilmir. Molla yas mərasimini gözləyir, həkim xəstəni. Amma biri Quranı oxuyur, digəri `Hippokrat andı`içir.
 ...Biri gecə-gündüz çalışıb ailəsi üçün bir parça çörək qazanmaqdan ötrü zillət çəkir, başqası isə iti üçün 10 min dollara mebel alır, ona qulluq üçün xidmətçilər tutur, yemini xarici ölkələrdən gətirdir. Adam var, bir neçə villa sahibidir, çoxları isə əlli yaşında bir otağı belə yoxdur. Bir vaxtlar təmiz və vicdanlı adamlar müftəxor və əliəyrilərə gülürdülər. İndi fırıldaqla varlanan, dövlətin pulunu talayanlar vicdanlı insanlara gülürlər. Almaniyada `Heyvan hüquqlarının müdafiəsi haqda qanun`var. İt saxlamaq haqqında təlimatlar da qanun halına salınıb. Bu ölkədə it sığınacaqları sistemi də qanunla tənzim olunur. `Heyvanların müdafiəçisi`rəsmi peşədir. `Heyvan hüquqları”nı müdafiə edən vəkillər var. Amma itlər uşaq meydançalarına, ərzaq mağazalarına, tibb müəssisələrinə  buraxılmırlar... Təzaddır? Məncə, hə...
Zimbabve prezidentinin xanımı Londonda bir butikdə 40 min funt sterlinq xərcləyir, onun ərinin viran qoyduğu Zimbabvedə QİÇS-ə yoluxmuş sıravi vətəndaş havayı dərman almaq üçün nəqliyyat pulu tapmır... Təzad deməzdim, dəhşətdir...
Xristian Serbiyasını vurub müsəlman Kosovosunun hüquqlarını müdafiə edən Qərb minlərlə insanın Qəzza faciəsini soyuqqanlıqla izlədi... Təzaddır, ya ikili standart? Hər ikisi lənətə gəlsin...
Bu dünyada Kuba qədər ikinci bir təzadlı ölkə tanımıram. `Azadlıq adası`adlanır, amma totalitarizm və avtoritarizmin bariz nümunəsidir. Kubada qeyri-rəsmi bölgü üzrə bir-birindən ayrı yaşayan iki cəmiyyət var - yerli əhali və turistlər. Onlar üçün hər şey ayrıdır. Ölkədə 2 rəsmi valyuta var: biri turistlər üçün - təzə, konvertə olunan, digəri yerli vətəndaşlar üçün - konvertə olunmayan. Turistlər üçün yaradılmış şərait - rahat taksilər, avtobuslar, otellər, bar və restoranlar, çimərliklər, 12 saat işləyən internet, bütün dünyanın telekanalları, açıq mobil və beynəlxalq telefon danışıqları - yerli əhali üçün əlçatmazdır. Dəhşətli təzaddır...
...ABŞ-da bir qadın gənc və gözəl görünmək üçün yeddi dəfə estetik əməliyyat olunub. O, bu məqsədlə 2 milyon dollar xərcləyib. Əfqanıstanda isə bir dollar- istehsal olunan hər 100 qram heroindən, onu əkən kəndlinin əldə etdiyi gəliridi. 100 min dollar - talibançı qüvvələrin 1997-ci ildə Əfqanıstanın inkişafı və idarəsi üçün ayırdığı büdcə (dövlət məmurlarının maaşı da daxil olmaqla) idi, 7 milyard dollar - 1999-cu ildə ABŞ-ın terrorla mubarizə üçün ayırdığı illik büdcə. 
Dünyada 850 milyon adam aclıqdan əziyyət çəkir, hər gün 18 min uşaq acından ölür. Bill Qeyts, Uoren Baffet və Pol Allenin pulu dünyanın 60 ölkəsinin illik büdcəsindən çoxdur. ABŞ-ın təkcə bir neft şirkətinin - `Exxon”un gəliri Afrikanın 16 ölkəsini dolandıra bilər. Amerikalılar özləri isə təkcə arıqlamağa ildə 25 milyard xərcləyirlər. Bu isə aclıq çəkən 42 milyon adamın il yarımlıq azuqəsi deməkdir. Adi statistikadır, ya təzad?
...BMT nəzdindəki İnkişaf Proqramı və İqtisadi və İctimai İnkişaf üzrə Ərəb Fondunun rəhbərliyi altında hazırlanmış hesabata görə, 280 milyonluq ərəb aləminin ümumi milli gəliri təklikdə götürdükdə İspaniyanın milli gəlirindən də azdır. Ərəblər ildə 330 kitab tərcümə etdikləri halda təkcə yunanlar bundan beş dəfə çox tərcümə edirlər. Amma bir ərəb telefon nömrəsinə 2 milyon, bir dəvəyə isə 2,5 milyon pul xərcləyir.
`Dünyada ədalət yoxdur”. Çünki `Harada ovçular yoxdursa, orada tülkülər də yoxdur”...
Yadımdan tam çıxmışdı. Müğənni Faiq Ağayevin bir saatı 12 min manatdır, atom fizikası üzrə dünya şöhrətli azərbaycanlı alimin bir saatı 7 dollar...
Teodor Ruzvelt deyirdi: `Hadisələr öz-özünə baş vermir, onlar qabaqcadan planlaşdırılır”. Bu sözləri Teodor Ruzvelt deməsəydi belə, biz ilahi bir həqiqəti onsuz da bilirdik: gözlə görünən və görünməyən hər şey Allahın iradəsi ilə baş verir.
Mərhum şairimiz Məmməd Arazın `Ya rəbbim, bu dünya sən quran deyil`şeiri var. Oxumağınız məsləhətdir. `Ya rəbbim, mən sənə olanı dedim, Azacıq yadımda qalanı dedim...”