QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Azərbaycan yığmasını Fransa ilə müqayisə etmək olar`

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Çempionatın qızğın vaxtında Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirməsi planlarınıza təsir etdimi?
- Klublar yığma komandanı düşünüb, hərəkət etməlidir. Düzdür, heyətimizin yarıdan çoxu yığmanın düşərgəsində oldu. Bu, hazırlığa müəyyən qədər təsir etsə də, ciddi problem yaranmamağına çalışdıq.

- Artıq iki ildir ki, Azərbaycan yığmasına almaniyalı Berti Foqts başçılıq edir. Millinin sabiq kapitanı və aparıcı klubumuzun baş məşqçisi kimi, Foqtsun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Berti Foqtsla bir neçə dəfə görüşüb, yığma komandanı müzakirə etmişik. Stadiona gedib, məşqini canlı izləmişəm. Biz məşqlərdə nizam-intizama önəm veririk, amma o, yığmaya alman nizam-intizamı gətirib. Məşqdə bütün futbolçulara nəzarət edir, heç kimi gözündən qoymur. Fikrimcə, Foqts heyəti komplektləşdirib.

- Azərbaycan yığmasının son uğurlarını bəziləri sizin, bəziləri də Foqtsun əməyi ilə əlaqələndirir. Siz məsələyə necə şərh verərdiniz?
- Berti Foqts Azərbaycana gələndə nə məni tanıyırdı, nə də başqasını. Bilmirdi, Qurban kimdir, o birisi kim. İstənilən şəxsin başqa ölkəyə gedəndə problemləri olur. Yığmanın uğurlarının adımla bağlanılmasını qəbul etmirəm. Düzdür, biz üzərimizə düşən işi görmüşük. Amma komandaya cavabdehliyi Foqts daşıyır.

- Futbolçularınız millinin düşərgəsindən qayıdanda onlarda hansı dəyişiklikləri görürsünüz?
- Bu gün Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev, Elvin Məmmədov, Rauf Əliyev, Əfran İsmayılov, Fərhad Vəliyev, Rəşad Sadiqov və Vüqar Nadirov kimi futbolçularımız yığma komandanın düşərgəsinə çağırılırlar. Avropa Liqasında "Honka", "Rusenborq" və “Tvente” ilə oyunlardan sonra bəlkə də komandada müəyyən arxayınçılıq yarana bilərdi. Amma yığmanın toplanışı buna imkan vermədi, futbolçuları daha məsuliyyətli davranmağa təhrik etdi. Foqts işini bilən adamdır. Futbolçular yığmadan qayıtdıqdan sonra hiss edirəm ki, sənətlərinə daha çox vurulublar. Düzdür, müəyyən yorğunluqlar olur. Bunu tez bir zamanda aradan qaldırırıq.

- Bu gün "Qarabağ"da cəmi 2 legioner futbolçu çıxış edir. Amma yığma komandada gəlmələrin sayı daha çoxdur. Bu, sizə necə təsir edir?
- Təbii ki, yığma komandada yerli futbolçuların oynaması yaxşıdır. Amma bəzən çıxılmaz vəziyyətlə üz-üzə qalırsan. Görürsən ki, bu mövqedə axsama var. Məcbur olursan ki, çempionatda çıxış edən hər hansı bir legioneri milliləşdirəsən. Foqts fəaliyyətinin ilk vaxtlarında daha çox legionerə dəvət göndərirdi. İndi bu say 3-ə enib. Toplanışlara mütəmadi olaraq, Vladimir Levin, Fabio Luis Ramim və Aleksandr Çertoqanov dəvət alır. Deyərdim ki, onlara ehtiyac var. Saşa ilə eyni mövqedə oynayan Samir Abasovun artıq 32 yaşı var. Yəni, onu layiqincə əvəzləyən futbolçu lazımdır.

- 14 qolla Azərbaycan yığmasının ən sərrast oyunçususunuz. Yığmada sizdən öncə də yaxşı hücumçular olub. Bəs son vaxtlar hücum xəttində problem yaranmasına səbəb nədir?
- Bəli, millimizdə həmişə yaxşı hücumçular olub. Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Zaur Ramazanov, mən və adlarını çəkmədiyim digərləri yığmada çox qol vurmağa çalışmışıq. Düzdür, bir ara problem meydana gəlib. Amma bu məsələ artıq həllini tapmaqdadır. Vaqif Cavadov artıq yığmada yaxşı oynamağa başlayıb. Əfran İsmayılov bu yandan, Rauf Əliyev digər yandan gəlir. Ümumiyyətlə, hər yığmada problemli dövr olur. Fransa yığmasının hazırkı vəziyyəti buna bariz nümunədir. Vaxtilə Zidanlı, Anrili Fransa millisinin qarşısını kəsə biləcək çox az komanda vardı. Amma son illər Fransa elə də yaxşı təsir bağışlamır. Azərbaycan yığmasını bir növ Fransa ilə müqayisə etmək olar. Son illər bizdə hücumçu yetişmirsə də, başqa mövqelərdə yaxşı futbolçular olur. Sadəcə, Foqtsa indiki heyəti qurmaq üçün vaxt lazım idi.

- Artıq Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsindəki rəqibləri bilinib. Sizcə, millimizin hansı rəqibdən xal almağa gücü çatacaq?
- Eyni qrupda olduğumuz Türkiyə, Belçika, Avstriya, Qazaxıstan və Almaniya ilə bir neçə dəfə qarşılaşmışıq. Əlbəttə, futbolda istənilən nəticə qeydə alına bilər. Amma reallığı yaddan çıxarmaq olmaz. Almaniya, Avstriya, Türkiyə və Belçika futbolu bizdən üstündür. Buna rəğmən, geri çəkilmək olmaz. Prinsipcə, bu komandalardan Türkiyə, Belçika, Qazaxıstan və Avstriyadan xal, eləcə də xallar almaq mümkündür. Vaxtilə Rusiyanı çalışdırmış və bizə qarşı mübarizə aparmış Qus Hiddink hazırda Türkiyə yığmasında fəaliyyət göstərir. Fikrimcə, Foqts onu yaxşı tanıyır. Ümumilikdə, biz hər zaman evdə yaxşı oynamışıq. Məncə, ən çox xalı məhz bu seçmə mərhələdə qazanacağıq.

- Özünüzü nə vaxtsa yığanın sükanı arxasında təsəvvür edirsiniz?
- Nazim Süleymanovla birgə yığmanı bir oyuna çıxarmışıq. Düzü, heç vaxt yığmada çalışmaq üçün dəvət almamışam. Əgər yığmada çalışmağı düşünsəm, bu, mənim işimə mənfi təsir edər. Hazırda “Qarabağ”la müqaviləm var və işimdən çox məmnunam. Yığmada il ərində 4-5 toplanışa yığışıb elə o qədər də oyun keçirirsən. Mənim ilboyu işləyib təcrübə qazanan vaxtımdır. Hələ öyrənməli çox şey var.