Qarabağ TV
TPL
UEL
Böyük Qarabağ derbisinin həsrətindəyəm

`Futbolu siyasətə qatmayın`. Ən çox eşitdiyim və heç cür qəbul etmədiyim alibidir. Görəsən futbol siyasət deyil, bəs nədir? Siyasətdir və özü də lap yekəsindən. 

Guya Ermənistan- Türkiyə yaxınlaşması `futbol diplomatiyası` adı alıb və dünya mətbuatına ayaq açmadı? Guya Kataloniyanı təmsil edən `Barselona`nın mövcudluğu siyasət deyil? Guya Berluskoni `Milan`dan seçki elektoratı kimi istifadə etmir? Bəlkə, deyəsiniz, siyasi aspektinə görə seçilən derbi siyasi xarakter daşımır. `Bizim çempion olmağımız vacib deyil, əsas odur ki, əzəli rəqibizi məğlub edək` prinsipini sosial yöndən izah etmək asandır, ya siyasi? Suallar beləcə çoxalır.

Şəxsən mən `Qarabağ` futbol klubunun mövcudluğunu siyasi çalarlarla daha çox bağlayıram və hesab edirəm ki, bu komandanın çempionatda iştirakı və uğurlu çıxışı bizə siyasi baxımdan daha çox lazımdır. Ağlınıza başqa fikir gəlməsin. Diskriminasiya və millətçiliyin nə qədər murdar bir məvhum olduğunu dərimdə hiss etmiş birisi kimi deyirəm. `Qarabağ`-ın yalnız azərbaycanlılardan formalaşmasını, məhz azərbaycanlının komandaya rəhbərlik etdiyini fəxrlə danışanlardan deyiləm. Bu futboldur və biz qloballaşan həyatımızda bəzi reallıqları qəbul etməliyik. Mc Donalds-a Çe Gevaranın köynəyini geyib gedən gəncin hamburqer gəmirməsini anlamadığım kimi futlbol komandasının yalnız yerli futbolçulardan formalaşmasını iddia edənlərin mahiyyətlərini də anlamıram. Sanki `Qarabağ` Avrokubokda mərhələ adlayanda hücumçu boşluğunun olduğunu deyib, legionerlərə işarə vuranlar bunlar deyildilər. Onu deyirəm ki, `Qarabağ` bizim üçün böyük reklamdır. Avropa qəzetləri `Rusenborq`u məğlub edən komandanın işğal olunmuş Ağdamı təmsil etməsini yazması qədər böyük piar ağlıma gətirmirəm. Təbii ki, söhbət mövcud durumdan gedir. Yəni ermənilərin sahib olduqları informasiya müharibəsi, təbliğat, pr hücum şəraitini...

Ona görə böyük arzularım var. Ən böyüyü övladlarıma tərbiyə verib onları boya- başa çatdırmaqdır. Digər arzularımı sadalayıb vaxtınızı almaq istəmirəm. Amma birini deyəcəm. Belə arzularımdan biri, `İmarət`də Böyük Qarabağ derbisini izləməkdir. Yeri gəlmişkən mən əslən Qarabağlı deyiləm. Sentimentallıqda qınayacaqsınız, bilirəm. Amma bir anlığa təsəvvür edin. 2020-ci il. Ağdam. Azərbaycan Milli Çempionatının oyunu. Ağdamın `Qarabağ` klubu Xankəndinin `Karabakh` klubunu qəbul edir. Heç bir siyasi səhv zad buraxmadım. Xankəndi Azərbaycanın şəhəridir və orada Azərbaycanın erməni vətəndaşları çoxluq təşkil edirlər. Qarşılaşma bu baxımdan maraq kəsb edəcək. Ona görə də derbi saymaq olar. Bax, həmin oyunun həsrətindəyəm. Derbi buna deyərəm.

 

Yoxsa ki, aralarında 4-5 oyun keçirib, udub-uduzan komandaların oyununa derbi deyib, sözü ucuzlaşdırırlar. Məsələ bundadır ki, ümumiyyətlə, biz azərbaycanlılar sözləri özümüzkiləşdirməyi xoşlayırıq. Amma ağlım kəsəndən onu görmüşəm ki, bizimkilər leksikona daxil olan sözün mənasını tam anlamayana qədər ondan geninə-boluna o qədər istifadə edirlər ki, o, öz funksiyasını itirir. Bəzən elə sözlər olur ki, onu hər yerdə, necə gəldi, nətər oldu istifadə etmək sözün ləzzətini qaçırdır. Məsələn bu yaxınlarda belə bir hadisə mənim də başıma gəldi. İşlədiyim saytda öz xəbərlərimizin (yəni özümüz hazırladığımız xəbəri-müəl.) qabağına `eksklüziv` sözü əlavə edirdik ki, diqqət cəlb etsin. İş elə gətirdi ki, QHT sahəsində elə də hörməti olmayan, son 10 ildə bir layihəsi belə keçməyən, danışanda isə cümləni-cümlənin dalınca qoşa bilməyəndən xəbər hazırlamalı olduq. Yazının da qabağına `eksklüziv` yazdıq. Rəhbərlikdən zəng etdilər və sadəcə bir kəlmə deyildi: `eksklüziv` sözünü hörmətdən salmayın.

Indi biz, oğlunun `derbi` adlı qız tapmış dəli olmaq dərəcəsinə gələn azərbaycanlı ananın gününə qalmışıq. Bir azərbaycanlı azarkeş evdə anasına deyir ki, derbiyə gedir. Ana da özündən çıxır: Qız başına qəhətdir? O nə qızdır tapmısan?

 İndi biz də `Derbi` sözünü eşitmişik, amma hansı oyun gəldi, necə gəldi derbi deyib dururuq. `Derbi` sözünü hörmətdən salırıq. Əvvəla, gəlin bu derbini çözələyək görək nədir?

1)Vikipediya yazır ki, derbi bir şəhərin iki komandası arasında oyuna deyilir. Məncə, çox primitiv deyilişdir.

2) Aparıcılar oyun başlamazdan əvvəl deyirlərsə ki, bu prinsipial oyundur, demək derbidir. Yarımçıq yanaşmadır.

3) Əgər Totya Morusya deyirsə ki, televizorla yayımlanan oyunda stadiondan gələn səslər adi oyundan 3 dəfə artıq eşidlirsə demək derbidir. Təbii yanaşmadır. 

4) Əgər oyunçular stadionda əvvəlkindən iki qat artıq can qoyurlarsa demək prinsipal oyundur. Demək derbidir. Tam deyil.

Əslində derbi...

Derbi- əsl futbol fanatı üçün `ev`, `vətən`, `ailə` qədər dəyərli və həyati əhəmiyyətli bir şeydir.

Derbi- hisslərin coşduğu, azarkeşi real həyatdan ayıran, ağılın yox, hisslərin hakim kəsildiyi oyundur. Derbi- azarkeşin ağlını başından aldığı qarşılaşmadır. Derbi- futbolun bəzəyidir. Əgər futbol azarkeşin ən sevimli yeməyidirsə, derbi desertdir. Derbi- ən çox bilet satılan, ən çox siqaret çəkilən, ən çox ürək ağrısı tutduran, ən çox təzyiq qaldıran bir vəhşi hissdir. Derbi- qardaşı qardaşa, qonşunu qonşuya, dostu dosta düşmən edəndir. Derbi- tarixin qisasıdır. Derbi -sosial partlayışdır, derbi siyasətdir. Derbi- göz yaşıdır, derbi sevincdir, derbi- həyatın sonudur, derbi- həyatın başlanğıcıdır. Derbi- azarkeş yaradır, derbi azarkeş itirir.

Hər nədirsə, bu futbolun yaraşığıdır. Derbi Madridlilərin `Real`la `Atletiko`nun oyunudur, derbi- londonluların `Arsenal`ı ilə `Totenhem` arasındakı oyundur, `Liverpul`la `Everton`dur, derbi `Milan`la `İnter`dir. Niyə məhz qonşular? Bunun fəlsəfisini açan lazımdır. Bəlkə, mahiyyət elə insan təbiətinin fəlsəfəsindədir. Axı, qonşular həmişə nəyisə bölə bilmirlər. Əgər fikir vermisinizsə, məişət problemlərinin 70-80%-i qonşular arasında bölünməyən malın üstündə olur. Eyni çəpəri bölüşə bilməyənlər illərlə mübariəz aparırlar,  mövzunu uzadırlar, münaqişəni yaxınlaşdırırlar. Niyə, səbəb nədir? Bayaq qeyd etdiyim söhbətə qayıdırıq. Xankəndi Ağdamın ən yaxın qonşusudur. Qonşuların derbisi isə dəhşətli amansız olur. Tək qonşu olmaqlamı Xankəndi- Ağdam qarşıdurması baxımlı olacaq? Təbii ki, xeyr.  

Bunu ayırd etmək üçün derbinin sosial mahiyətinə baş vurmalıyıq.  

Bütün bunları nəzərə alan sosioloqlar derbinin mahiyyətini araşdırıb belə qərara gəliblər ki,

derbi 4 əsas amildən formalaşır. Birincisi,

sosial aspektdir. Yəni, aristokratlarla fəhlə klubunun oyununa derbi deyilir. Bu baxımdan Azərbaycan üçün ən tipik qarşılaşma bankirlərlə neftçıxaranların oyunu olmalıdır.

Ərazi aspekti- eyni şəhərin coğrafi bölgüyə əsasən mübarizəsidir. `Qalatasaray` (İstanbulun Avropa kəsiminin komandası)–`Fənərbaxça` (Asiya kəsiminin komandası).

Siyasi aspekt- millətçilərlə, antifaşistlərin komandalarının görüşü. Buna konkret misal çəkmirik. Çünki bu ən azından etik deyil.

Nəhayət, tarixi aspekt. Bu bölümə, nə vaxtsa hansısa klubun başqa bir klubu yüksək liqadan uzaqlaşdırması ola bilər.

 `Real`- `Barselona`, `Yuve` –`İnter`, `Dinamo Kiyev`-`Şaxtyor` komandaları da  maraq baxımından heç də geri qalmır. Lakin bunlar yuxarıda sadaladığımız heç bir aspektdən özünü derbi kimi doğrultmur.

Elə isə bizim versiyamıza görə Böyük Qarabağ derbisini maraqlı edən nədir? Regional baxımdan ən kəskin qarşılaşmalar İtaliyada `Roma` ilə `Latsio`, Türkiyədə `Fənərbaxça` ilə `Qalatasaray`. İngiltərədə `Arsenal`la `Totenhem` arasında olan oyunlardır. Bu yarışmaların özünəməxsus adı var. Misal üçün `Arsenal`la `Totenhem` arasında oyuna `Şimali London derbisi` deyilir. "Derby della Capitale` adlanan italyan derbisində 150-dən çox qarşılaşma olub. Bu oyunu maraqlı edən `Roma` klubunun şəhərin əyalət hissəsini təmsil etməsi, yəni kasıbların komandası olması, `Latsio`nun isə əksinə, şəhər mərkəzini təmsil etməsi və varlılar yaşayan hissənin komandası olmasıdır. Türkiyə derbisində isə `Qalatasaray` şəhərin Avropa hissəsinin, `Fənərbaxça` isə Asiya hissəsinin komandasıdır.

Bəs, Barselona -Real qarşılaşması? Bu derbi deyil. Ona görə də belə komandaların oyununu `klassiko`, `el- klassiko`, `superklassiko` adlandırırlar. Elə bu səbəbdən Xankəndi-Ağdam qarşılaşmasını derbi yox, Böyük Qarabağ derbisi adlandıraq. Barselona-Real kimi…

Çox siyasi olmadı ki? Bəlkə də.

Sentimentalığa əsas verən bir faktı da xatırladım söhbəti bitirək.

İki ay öncə internetdə Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərlə bağlı bir beynəlxalq təşkilatın hesabatı ilə tanış olmuşdum. Bir təşkilat haqda xəbər diqqətimi cəlb etdi. Vaxtilə Şuşada fəaliyyət göstərib, maliyyə çatışmazlığından işini dayandıran "Harmoniya" qadın təşkilatı haqda idi. Bu fakt Qarabağda ümumi vəziyyət haqda təsəvvür yaradar: "Harmoniya" 2004-cü ildə Şuşada təsis edilən qadın təşkilatıdır. Əvvəllər 30 nəfər üzvü olsa da, indi "bir sədr, bir təşkilat" reyimində işləyir. Şairlərin yaradıcılıq gecələrinin, təşkilata üzv olanlarla birgə bayram tədbirlərinin keçirilməsindən başqa nəyəsə qol qoymağa gücü qalmayıb. Maliyyə çatışmazlığı üzündən son iki ildə bir tədbir belə keçirə bilməyib. Təşkilatın keçmiş üzvləri hazırladıqları suvenirləri Şuşaya gələn qonaqlara satmaqla çörəkpulu qazanırlar. Təşkilat rəhbərinin Qarabağda yaşayan erməni qadınlarının durumu haqda dedikləri çox maraqlıdır: "Qarabağın erməni qadınlarının çoxu psixoloyi sarsıntı içərisindədirlər. Onların psixi durumlarında problemlər yaranır və böyük əksəriyyəi psixi nasazlığa görə həkim nəzarətindədir. Buna səbəb "nə sülh, nə müharibə" vəziyyətinin davam etməsidir. Qadınlar hər an səmalarında Azərbaycan qırıcı təyyarlərinin uçacağından çox qorxurlar. Vəziyyət çox acınacaqlıdır. Həm iqtsiadi durum, həm ələbaxım yaşama və ən əsası, müharibə təhlükəsi qadınların həyatını puç edir".

Təkrar edirəm: Erməni qadınlar hər an səmalarında Azərbaycan qırıcı təyyarlərinin uçacağından çox qorxurlar!

Böyük Qarabağ derbisinə baxdığım gün dünyanın ən xoşbəxti olaram yəqin ki...