QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qara Qarayev: “Mənim şansım onda gətirib ki...”

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın Makedoniya “Metallurq”u ilə ilk oyunu yeni alınan sol cinah oyunçusu Ansi Aqollinin zədələnib, sıradan çıxmasıyla nəticələndi. Belədə baş məşqçi Qurban Qurbanov böyük riskə gedərək, heç çempionat oyunlarında çox şans vermədiyi Qara Qarayevi səfərdə güclü rəqiblə oyunun start heyətində meydana buraxdı. Özünü yaxşı tərəfdən göstərib, çalışdırıcının etimadını doğruldan yeniyetmə futbolçumuz hətta ikinci təsnifat mərhələsindəki Şimali İrlandiya “Portadaun”u ilə səfər qələbəsində də (2:1) pay sahiblərindən biri oldu. 18 yaşı hələ oktyabrın 12-də tamam olacaq Qarayevin məhz bu uğurlu çıxışıyla bağlı Qol.Az-a müsahibəsi yəqin ki, sizlər üçün də maraqlı olar.


- Qara, çempionat oyunlarında səni mütəmadi meydanda görə bilməsək də, birdən-birə Avropa Liqası kimi mötəbər turnirdə “Qarabağ”ın əsas heyət oyunçusuna çevrildin. Hadisələrin bu cür inkişafını gözləyirdinmi?
- Bildiyiniz kimi, hər şey Ansi Aqollinin “Metallurq”la Bakıdakı oyunundan sonra belə alındı. Onun zədələnməsindən sonra mənim Avroliqada debüt etməyim üçün ümid yarandı. Etiraf edim ki, bu yaşda debüt edəcəyimə, 90 dəqiqə belə rəqiblərə qarşı oynayacağıma özüm də inanmırdım. Amma hadisələrin bu cür inkişafı nəticəsində şans yarandı və sağ olsun ki, Qurban müəllim də mənə etimad göstərib, oynatdı. Şükürlər olsun ki, hər şey yaxşı oldu və əlimdən gələni əsirgəməyib, onun etimadını doğrultmağa çalışdım.
- Birdən-birə qitə miqyaslı turnirdə 90 dəqiqə mübarizə aparmaq hələ 18 yaşı tamam olmamış, təcrübəsiz Qara üçün çətin deyildi ki?
- Təbii ki, müəyyən çətinliklərim oldu. Amma mümkünsüz də heç nə yoxdur. Sağ olsunlar komanda yoldaşlarım, məndən yaşlılar, təcrübəlilər, onların verdiyi tapşırıqların, dedikləri sözlərin, ürək-dirək verməklərinin mənə çox böyük köməyi dəydi. Mənə elə dəstək göstərdilər ki, elə bilirdim neçə illərdi onlarla çiyin-çiyinə start heyətində oynayıram. Həm də bildiyiniz kimi, mənim klubda olmasa da, milli komandalarda beynəlxalq oyun təcrübəm var idi. U-17 və U-19-un heyətində Avropa çempionatının seçmə oyunlarında çıxış etmişəm və onun da müəyyən köməyi oldu.
- Sən deyəsən, ötən mövsüm də avrokubok oyunlarında “18-liy”ə salınsan da, oynamaq şansı qazanmamışdın...
- Elədir. Hətta Hollandiya “Tvente”si ilə səfər oyununda da adım iştirak ərizəsində də idi və debüt etmək imkanı qazana bilərdim. Amma, görünür, qismət indiyə imiş. Hər halda o vaxt elə “18-liy”ə salınmağımın özü də mənim üçün böyük bir sevinc, təcrübə idi. O həyəcanı hiss edirsən, komanda yoldaşlarınla birgə olursan. Bunun özü də böyük şeydir.
- Bu yaşda avrokuboklarda debüt edən azsaylı futbolçularımızdan biri oldun. Bu şəkildə fərqlənməyin özündə necə hisslər doğurur.
- Təbii ki, çox sevindiricidir. Bu yaşda, özü də “Qarabağ” kimi komandanı Avropada uğurla təmsil etməkdən gözəl nə ola bilər ki? Bu sevinci sözlə ifadə etmək mənim üçün çox çətindir. Gərək o hissləri yaşayıb, anlayasan. Mənim şansım onda gətirib ki, bu yaşda belə bir komandaya düşmüşəm. Əla komandamız var. İnşallah, “Qarabağ”la daha böyük uğurlar qazanmaq, çempion olmaq istəyirəm. Öncə isə hazırda çıxış etdiyimiz Avropa Liqasında daha böyük uğur qazanmağımızı arzulayıram.
- Maraqlıdır ki, sənin hər iki oyunun səfər matçına təsadüf etdi. Müqayisə edə bilərsənmi o oyunları? Hansı komandayla oyun sənin üçün daha çətin keçdi?
- Məncə, “Metallurq”la oyun daha çətin oldu. Çünki onlar Bakıda uduzduqlarından, ev oyununda bütün güclərini qələbə qazanmağa qoymuşdular, çoxlu hücum edirdilər, daim təzyiq altında saxlayırdılar bizim müdafiəmizi. Amma “Portadaun”la səfər görüşü ilk oyunumuz idi, bəzi dəqiqələrdə oyunun tempi aşağı düşürdü. Bu, ikinci oyunumuzun asan keçməsi anlamına gəlməməlidir. Sadəcə, müqayisədə makedoniyalılarla oyundan asan alındı.
- “Portadaun”u səfərdə 2:1 hesabıyla məğlub etdiniz. Bu nəticədən sonra “Qarabağ” növbəti mərhələ haqda fikirləşə bilərmi?
- Təbii ki, ilk oyunda səfərdən qələbə ilə dönməyimiz bizim üçün böyük üstünlükdür. Amma hələ cavab oyununda da eyni uğuru təkrarlamaq lazımdır. Səfərdə qalib gəldiyimiz komandanı evdə də udmalıyıq. Çünki buna borcluyuq. Növbəti mərhələyə qarşıdakı oyunda da qələbə qazanmaqla yüksəlməliyik.
-  Artıq sənin mövqeyində çıxış edən Aqolli sağalaraq sıraya dönüb. Səncə, şimali irlandiyalılarla cavab oyununda da onu əsas heyətdən kənarda saxlamağı bacaracaqsanmı?
- Bunu çox istəyirəm. Uğurlu çıxışımın davamının gəlməsini arzulayıram. Amma bilirsiz ki, o, məndən daha yaşlı, təcrübəli futbolçudur. İlk oyunda da pis futbolçu olmadığını isbatladı. Hər halda məşqçilər korpusunun qərarını gözləməli olacağıq. Onlar necə istəsə, elə də olacaq. Biz onların qərarlarına hörmət bəsləməyə borcluyuq.
- Premyer Liqada da səni Aqolliylə gərgin rəqabət gözləyir...
- Mən rəqabətdən qətiyyən çəkinmirəm. Əksinə mənə daha güclü oyunçularla rəqabətə girmək çox xoşdur. Ümidvaram ki, milli çempionatda da onunla mübarizədən qalib çıxıb, əsas heyətdə oynamaq şansı qazanacağam.
- Növbəti mərhələyə vəsiqə qazanacağınız halda çox güman ki, Polşa “Visla”sıyla qarşılaşmalı olacaqsız. Səncə, bu rəqibi də mübarizədən kənarlaşdıra biləcəksinizmi?
- Hələ “Visla” haqda danışmağımız düz çıxmaz. Bizi “Portadaun”la daha bir 90 dəqiqəlik mübarizə gözləyir. Növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəndən sonra Polşa təmsilçisi haqda da düşünərik.
- Yəqin ki, hazırda əsas məqsədlərindən biri də özünü yaxşı tərəfdən göstərməklə əsas millinin sıralarında yer almaqdır...
- Yenə də deyirəm, hazırda əsas məqsədim “Qarabağ”la böyük hədəflərə çatmaqdır. Milli haqda düşünməyim hələ tezdir. İnşallah, səviyyəmi artırdıqca, əsas komandamızın da heyətinə düşərəm.