Qarabağ TV
TPL
UEL
Tahir Gözel:`“Qarabağ” üçün bir yer-yurd, yuva düzəltməliyik.`

- “Qarabağ”ın Avropa Liqasında mübarizəni dayandırmasından sonra Premyer Liqada keçirdiyi oyunları izləmisiniz. Komandanın oyunundan razısınızmı?
- Xeyr. Məncə, avrokubok oyunlarından sonra “Qarabağ”da şok yaşandı. Çünki komandamız qitə miqyaslı oyunlarını 30 min azarkeşin qarşısında oynayırdı. Oyunlar zamanı stadion tamamilə dolurdu. Ancaq Premyer Liqa oyunları zamanı hardasa motivasiyamızı itirdik. Son oyundakı 3:0 hesablı qələbə bizi sevindirir. Keyfiyyətdən çox razı qalmasam da, futbolçularımıza inanıram. Gərək özümüzü toparlayaq.

- Futbolçularla bu məsələ ətrafında söhbət etmisinizmi?
- Ölkə xaricində idim. Bakıya yenicə qayıtmışam. Uşaqlar bu gün Qəbələyə gedirlər. Təəssüf ki, onlarla görüşə bilməyəcəyəm. Ancaq qarşıdakı günlərdə mütləq klubdaxili iclas keçirəcəyik. Həm də strategiyamızı müəyyənləşdirəcəyik. Yəni cari mövsümdə nə edəcəyimizə aydınlıq gətiriləcək.

- “Qəbələ” ilə “Qarabağ” arasında keçirilən oyunlar həmişə çətinliyi ilə yadda qalıb. Şənbə günü baş tutacaq dueldən nə gözləyirsiniz?
- “Qarabağ” son oyunda böyük hesablı qələbə qazanmaqla bir həyəcan yaratdı. Bu yelin təsiri ilə davam edəcəyimizi düşünürəm. “Qəbələ” də güclü komandadır. Onlar da iddialıdır. “Qarabağ”da öz mövqeyini əldən verə bilməz. Avropada qazandığımız uğurları burda təkrarlamaq kimi məsuliyyətimiz var. Azarkeşlərimiz bizdən bunu gözləyirlər.

- Rəşad Sadıqovun “Qarabağ”dan ayrılması komandaya mənfi təsir göstərə bilərmi?
- Əlbəttə, gedən hər futbolçunun komandaya böyük bir təsiri var. Ancaq biz Rəşada söz vermişdik ki, əgər Türkiyə klublarından təklif alsan və getmək istəsən, səni buraxacağıq. Sözümüzü tutduq. Əlbəttə, gedişi komandaya mənfi təsir göstərəcək. Digər yandan, bu, gənc oyunçular üçün bir fürsətdir. Onların özlərini göstərməsinə imkan yaranıb. Mənim baş məşqçi ilə görüşüm olacaq və gənclərə şans verməsini xahiş edəcəm.

- Ev oyunlarınızı artıq Bakıda keçirəcəksiniz. Ancaq bu Quzanlıda heç də xoş qarşılanmadı. Bu məsələ ilə bağlı sizin fikriniz necədir?
- Bu qərar azarkeşlərimizi üzür. Digər yandan bu gün klublar arasında möhtəşəm bir rəqabət var. “Qarabağ” üçün bir yer-yurd, yuva düzəltməliyik. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə də söhbət edəcəyəm. Ürəyimdən Suraxanı keçir. Yenə deyirəm, Quzanlıda alınmaması bizi narahat edir. Ancaq oradakı şərait, hər dəfə Quzanlıya gedib-gəlmək komandaya mənfi təsir göstərir.

- “Qarabağ”ın rəqiblərini hansı stadionda qəbul edəcəyi dəqiqləşibmi?
- Ev oyunlarımızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyik. Sadəcə, orda təmir işləri gedir və yekunlaşmaq üzrədir.

- Bu da faktdır ki, “Qarabağ”ın Bakıdakı oyunlarına Quzanlıdakı qədər azarkeş gəlmir. Bəzi klublar fanatları tribunalara cəlb etmək üçün bir sıra işlər görür. Hətta lotereya keçirmək istəyənlər də var. Bəs siz necə, azarkeşləri stadionlara cəlb etmək üçün hansısa layihələr həyata keçirməyi düşünürsünüzmü?
- Oyuna gəlmək azarkeşin şəxsi işidir. Təbii ki, onlar futbolun ruhudur. Hansı ölkədə futbol inkişaf edirsə, onların azarkeşləri var. Futbolçu tribunanı dolu görəndə bir futbol oynayır, boş görəndə fərqli oyun göstərir. “Qarabağ”ın 30 minlik stadiondakı oyununu da görmüsünüz, 3-5 nəfərin izlədiyi matçlarını da. Yəni azarkeşlik etmək ürəkdən asılıdır. “Qalatasaray”ın azarkeşləri sevimli komandalarının oyunlarını izləmək üçün 600-700 kilometr yol qət edirlər, komandalarına ürəklərini verirlər. Onlar hansısa uduşun, maddi gəlirin arxasınca qaçmırlar. Biz də öz azarkeşlərimizdən bunu gözləyirik. Stadiona giriş də ya pulsuz olur, ya da cüzi bir rəqəm. Azarkeşlərin stadiona gəlməsi onun mənəvi borcudur. Pulla sevgi, eşq olmaz. Pulla azarkeşlik etmək olmaz. Onda yığmanın oyunları zamanı da uduş keçirək. Belə şey olmaz. Bu ürək, vicdan məsələsidir. Azarkeşi satın almaq olmaz.

Mənbə:apasport.az