QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov:Rəhbərlik məndən nəticə tələb edir

Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Son iki mövsümdə “Qarabağ” Avropa kuboklarında ən uğurlu çıxış edən klubumuz kimi gündəmdə oldu. İndi də bu komanda gündəmdədir. Amma bu dəfə uğursuz çıxışınız müzakirə olunur. Klubun adının qısa müddətdə təzadlı formalarda hallanmasının əsl səbəbini nədə görürsünüz?

- Ümumiyyətlə, daim gündəmdə olan klub birdən-birə belə hallarla rastlaşanda istər-istəməz təzyiqlər də, kənardan səslənən fikirlər də çox olur. Əlbəttə, problemlər çatışmazlıqlar var. Təbii ki, hamı komandadan yaxşı nəticə gözləyir. Belə nəticə olmadıqda bəzi xoşagəlməz fikirlər olur. Buna baxmayaraq, biz digər komandalara da qiymət verməliyik. Həqiqətən də gündən-günə hər bir klubun həm gücü çoxalır, həm də bizi daha yaxından tanıyırlar. Digər tərəfdən, çempionat gərgin mübarizə şəraitində keçir. İlboyu bir çox komanda Unibank Premyer Liqasında uğurlu çıxış üçün çalışarkən, biz Avropa kuboklarına hazırlaşırdıq. Avropa Liqasından sonra isə çempionata istədiyimiz kimi hazırlaşa bilmədik. Qitə miqyaslı turnirlə ölkə birinciliyi fərqli yarışlardır. Həm də son vaxtlar zədəli oyunçularımızın sayı çoxaldı. Rəşad Sadıqov Türkiyənin “Eskişehirspor” klubuna keçdikdən sonra Əfran İsmayılov dizindən xəsarət alaraq, 2011-ci ilin yanvarınadək sıradan çıxdı. Digər futbolçuların da zədələnməsi ehtiyat oyunçular skamyamızı qısaltdı. Çempionatın bir neçə turu arxada qaldıqdan sonra rəqiblərlə tanış olmağa başladıq. Çalışmalıyıq ki, rəqiblərimizə qarşı düzgün oyun quraq, səhv etməyək. Amma səhvsiz olmur. Bəzən elə alınır ki, qələbə üçün çalışdığın halda sonda məğlub olursan. Belə hallar təkcə bizdə yox, aparıcı çempionatlarda da baş verir. Bəzən böyük klubları izləyirəm: elələri var ki, adlarına layiq olmayan yerdə qərarlaşıblar. Mənə elə gəlir ki, bu da daha çox digər komandaların o klubları yaxşı analiz etmələri, həm də çempionata tam hazır olmaları və güclənməsi ilə əlaqədardır. Ümumiyyətlə, Avropa Liqasındakı uğurlu çıxışımızdan sonra hər bir klub istəyir ki, qitə miqyaslı turnirlərdə iştirak etsin. Buna görə böyük sərmayələr buraxırlar. Hər bir klub yaxşı kollektiv formalaşdırıb. Hələ ki biz o rejimə düşməmişik. Bəlkə də get-gedə daha çətin olacaq.

- Zədəli futbolçularınızın hazırkı durumu necədir?

- Ötən tur AZAL-la oyun üçün sifariş ərizəmizdə 16 futbolçu yer almışdı. Zədəlilərimizdən Maksim Medvedev fərdi məşqlərə başlayıb. 4-5 günə kollektiv məşqlərə qatılacaq. Emin İmaməliyev noyabrın 22-dən komandaya qoşulub. Andrey Rubins və Samir Abasov hələ də fərdi qaçışla məşğuldurlar. Əfran İsmayılov yanvardan kollektivə qoşulacaq. Oyunçularımın hamısı sıraya dönməyənədək bəzi problemlər olacaq. Amma yenə çalışırıq, problemdən çıxış yolları axtarırıq. İnanıram ki, tədricən problemi yoluna qoymağa nail olacağıq.

- Əlbəttə, sadaladığınız amilləri obyektiv səbəblər kimi dəyərləndirmək olar. Bəs subyektiv amillərin rolu nə qədərdir? Məsələn, zədəlilərin sayının bu qədər çox olmasına istər-istəməz komandanın həkimi də müəyyən məsuliyyət daşıyır. Burada futbolçuların isinmə hərəkətlərinə o qədər də ciddi yanaşmaması da rol oynaya bilər. Ehtiyat oyunçular skamyasının qısalığı, transferlərin az edilməsi kimi amillərin oyununuza təsiri varmı?

- Əgər komandada bu cür hallar olsaydı, zədəli futbolçuların sayı daha da çoxalardı. Abasov milli komandanın düşərgəsindən zədəli qayıdıb. Onun boyun nahiyəsindən problemi vardı. Medvedevdə yüklənmə oldu. “Turan”la Tovuzda keçirdiyimiz qarşılaşmada kiçik zədə aldı. Avstriya ilə oyun öncəsi isə yığmaya getdi. Bir-iki gün fərdi məşqdən sonra komandaya qoşularkən, yenə ağrılar hiss etdi. Digər oyunçularımız isə adi, gözlənilməz, ağlagəlməz vəziyyətlərdə zədə alıblar. Belə zədələr isə futbolda mümkündür. İsinmə hərəkətlərinə çox ciddi fikir veririk. Qaldı ki, çempionata 3-ü qapıçı olmaqla, 27 futbolçu ilə başlamışdıq. Düşünürdük ki, bu qədər oyunçu bizə kifayət edəcək. Amma yenə deyirəm, AZAL-la son qarşılaşmada 16 futbolçu ilə qalmışdıq. Bir çox klubda belə hallarla rastlaşmaq mümkündür. Bu hal cari mövsümdə bizə də qismət oldu.

- Bəs yığmadakı futbolçularınızın çoxluğunun çıxışlarınıza təsiri nə dərəcədədir?

- Artıq bu haqda geniş danışmaq istəmirəm. Çünki həddən artıq deyilib-yazılıb. Əlbəttə, milli komandaya oyunçu vermək bizim borcumuzdur. “Qarabağ” milliyə ən çox oyunçu verən klubdur. “Bakı”ya 0:2 hesablı məğlubiyyətimizdən sonra mətbuat konfransında söylədiklərim böyük mövzuya çevrildi. Hətta yazdılar ki, Qurban Qurbanov yığmaya oyunçu vermək istəmir. Burada kontekstdən bir qədər kənara çıxıblar. Eşitmişdim ki, dekabrın 12-dən 16-dək yenə millinin təlim-məşq toplantısı olacaq. Həmin ərəfədə klubumuzdakı 5 zədəli futbolçunu və turnir cədvəlindəki yerimizi də nəzərə alaraq, demişdim ki, “Qarabağ”ın oyunçularının qarşıdakı toplanışdan azad edilməsi xahişi ilə AFFA rəhbərliyinə yazılı müraciət edəcəyik. Amma bu, böyük mövzuya çevrildi. Guya “Qarabağ” yığmaya futbolçu vermək istəmir, bundan imtina edir. Bu günədək milliyə kömək məqsədilə əlimizdən gələni etmişik. Ən azı çalışırıq ki, yerli futbolçulara daha çox üstünlük verək, onların təcrübəsini, futbol biliyini daha da artıraq. Bu da millimiz üçün ən sərfəli addımdır. Çempionatda hər bir yığma üzvünün daha çox oynaması onun üçün böyük təcrübədir. Təbii ki, klub rəhbərliyi məndən nəticə tələb edir. Klubda hansısa problemin olduğunu gördükdə, mən də istərəm ki, futbolçularım öz sərəncamımda olsunlar. Komandamız isə hər bir oyuna istənilən səviyyədə hazırlaşa bilsin. Bu, heç də deyildiyi kimi, Qurban Qurbanovun məğlubiyyəti millinin və Berti Foqtsun üzərinə atması anlamına gəlməməlidir. Sadəcə, bu, uğursuzluğumuzun səbəblərindən biridir. Belə halları nəzərə alaraq, fikir yürütmüşdüm. Nə isə mövzu böyüdü. Məncə, bunlar olan şeylərdir. Bu mövzuya çox toxunmaq lazım deyil. Açığı, son vaxtlar demək olar ki, hər gün belə məzmunlu suallarla cavab verirəm. İndiyədək AFFA rəhbərliyi ilə daim qarşılıqlı razılığa gəlmişik. Aramızda hər hansı problem olmayıb. Ona görə də təklifim olarsa, məni başa düşəcəklərinə inanıram.

- “Liverpul” klubu İngiltərə milli komandasının düşərgəsində ikən zədələnən kapitanı Stiven Cerrard üçün yerli federasiyadan 500 min dollar kompensasiya alacaq. Düşünmürsünüz ki, FİFA ilə klublar arasındakı müvafiq anlaşmanın artıq Azərbaycanda da tətbiqi zərurəti yaranıb?

- Məncə, belə hallar bizdə də olacaq. Çünki biz də dünya futbolu ilə birgə inkişaf edirik. Amma bunadək görüləsi işlərimiz çoxdur. Get-gedə Avropa futbol qanunlarına uyğun olaraq, ölkəmizdə bu idman növünün inkişafı naminə bacardığımızı edəcəyik və köməyimizi əsirgəməyəcəyik.

- Qol vurmaqda da problemlə üzləşirsiniz. Bu, hücumçularınızın “dişsizliy”i, yoxsa onların kifayət qədər topla təchiz olunmamaları ilə əlaqədardır?

- Ümumiyyətlə, bütün komandalar oyunumuzu çox yaxşı analiz edirlər, bizimlə oyuna hazırlıqlı çıxırlar. Bütün komandalar çalışırlar ki, futbolçularımızı oyun boyu nəzarətdə saxlasınlar, topla oynamalarına imkan verməsinlər. Çempionatda mübarizə get-gedə gərginləşir. Bütün komandalar düzgün müdafiə oluna, tez-tez oyun sxemini dəyişdirə bilirlər.

- Sizinlə müsahibəyə gələrkən, məşqçilər heyəti ilə toplantı keçirdiyinizin şahidi olduq. Vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görmək fikrindəsiniz?

- Bu, klubdaxili işdir. Əlbəttə, toplantıda səhvlərimizi axtarırdıq. Hər bir məşqçinin fikrini öyrənirdik. Onların hərəsinin üzərinə konkret vəzifələr düşür. Məşqçilərdən görməli olduqları işi tələb edirik və onların fəaliyyətinə ayrı-ayrılıqda qiymət veririk. Kimdə səhv varsa, onu aradan qaldırmağa çalışırıq. Sonda isə ortaq məxrəcə gəlirik. Hamı istəyir ki, bu problemlər tezliklə arxada qalsın. Əgər biz problemlərdən çıxış yolu axtarırıqsa, fikrimcə, qısa müddətdə tapacağıq.

- Düşünmürsünüz ki, çıxış yolunu tapmağınız qış fasiləsindən tez mümkün olmayacaq?

- (gülür) O halda vəziyyət pis olacaq. İnşallah, qış fasiləsinədək birtəhər vəziyyətdən çıxmalıyıq.

- Yəni, heyəti yalnız qış transfer dövründə gücləndirə biləcəksiniz...

- Biz qış fasiləsinədək problemləri aradan qaldırmağa çalışacağıq. Əks halda, gec ola bilər.

- Bəs qış transfer dövründə yeni oyunçular transfer etməyiniz və etimadı doğrultmayanlarla yollarınızı ayırmağınız mümkündür?

- Ola bilsin, bir neçə oyunçu cəlb etdik, bir neçəsi ilə də yollarımızı ayırdıq. Bəzən hansısa oyunçuya ümidin böyük olur, amma ondan yararlana bilmirsən, ümidlərini doğrultmur. Belə olan halda, o futbolçu da başqa kluba getsə, özünü yaxşı tərəfdən göstərə bilər. Əlbəttə, çox istərdim ki, heç kim getməsin, hamı qalsın. Çünki həmişə birgə olmuşuq, Avropa kuboklarında birgə uğur qazanmışıq. Kimisə komandadan xaric etməyi özüm də istəməzdim. Amma futbol elə bir idman növüdür ki, oyunun alınmırsa, mütləq getməlisən. Bəlkə özün üçün də yeni komandan daha uğurlu olacaq. Belə dəyişikliklər ola bilər.

- Uğursuz nəticələrdə kapitan Aslan Kərimovun əsas heyətə daim düşə bilməməsinin rolu nə qədərdir?

- Aslan Kərimov həqiqətən də kapitanlığa layiq oyunçudur. Neçə illərdir ki, “Qarabağ”dadır. Komandanın uğurları üçün əlindən gələni edib. Bu gün də onun təcrübəsindən, biliyindən yararlanmağa çalışırıq. Nəinki meydança daxilində, hətta kənarda da futbolçularla daha yaxından ünsiyyətdə olmasını istəyirik. Onun özü də “Qarabağ”ın uğuru üçün hər şey edir. Elə oyunlar olur ki, meydançaya buraxırıq, elə oyunlar olur ki, ehtiyatda qalır. İstənilən halda, bizimlədir, komandamızın kapitanıdır, uğurlarımız üçün əlindən gələni əsirgəmir.

- Amma deyəsən, futbolçu karyerasını başa vurmağa hazırlaşır...

- Açığı, hələ onunla bu barədə danışmamışam. Müsahibələrindən birində oxumuşdum ki, ilin sonunda futbolla vidalaşmağa hazırlaşır. Amma Kərimov elə bir insandır ki, futbolsuz yaşaya bilməz. Futbolu hədsiz sevən insandır. Amma yenə də hər bir qərarına hörmətlə yanaşacağıq.

- Onu məşqçi kimi komandada saxlamaq fikriniz yoxdur?

- Hər şey ola bilər. Kərimovun “Qarabağ”dan gedəcəyinə inanmıram. Yəqin ki, klubumuzda qalacaq. Hətta deyəsən, B kateqoriyalı məşqçi lisenziyası almaq üçün sənədlərini verib. Məncə, “Qarabağ”dan uzaqlaşmayacaq.

- “Qarabağ” Ağdamı təmsil edir. Ağdamın işğal altında olmayan ərazisində Quzanlı Olimpiya Kompleksinin stadionu olsa da, ev oyunlarınızı Bakıda keçirirsiniz. Niyə Ağdamda oynamırsınız?

- Bunu normal qəbul etmək lazımdır. Yayda Quzanlıdakı arenanın meydançası yaxşı vəziyyətdə deyildi. Əvvəlcə ot örtüyünü dəyişməyi düşündük. Amma sıx oyun qrafiki ilə əlaqədar həddən artıq yorğunluq olurdu. Buna görə də rəhbərliklə qərara gəldik ki, ot örtüyünü dəyişdirdikdən sonra ev oyunlarımızı Quzanlıda keçirək. Digər tərəfdən, Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionun 20 illik icarəyə götürülməsi gündəmdədir. Orada həm bazamız, həm də stadionumuz olacaq. Dekabr ayı ərzində bu məsələ tam həllini tapmalıdır. Belə olan halda Bakıda qalmaq niyyətindəyik. Əlbəttə, hamımız istəyirik ki, ev oyunlarımızı Ağdamda keçirək. Amma hər şey qarşılıqlı olmalıdır. Quzanlıda da rəqiblərimizi qəbul etmək üçün əlimizdən gələni edirik. Gələcəkdə ev oyunlarımızı yenə Ağdamda keçirməyimiz mümkündür.

- Bayaq dediniz ki, məndən də nəticə tələb edirlər. Bəs uğursuz nəticələrdən sonra klub rəhbərliyi tərəfindən özünüzə qarşı hər hansı təzyiq hiss etmirsiniz?

- Xeyr, hər şey qaydasındadır. Rəhbərliklə münasibətlərimiz elə qurulub ki, problemlərimiz olanda qarşılıqlı fikir mübadiləsi aparırıq və bu problemi birgə aradan qaldırmağa çalışırıq (Lent.az).