QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rauf Əliyev:`Xoş sözlərin məni arxayınlaşdıracağını düşünmürəm`

Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- Əslən qarabağlısınız və bu gün “Qarabağ”ın uğurları üçün çalışırsınız. Buna görə, özünüzü xoşbəxt hesab edirsinizmi?
- Qarabağlıyam və mütləq “Qarabağ”da oynamalıyam deyə heç vaxt fikirləşməmişəm. Tale elə gətirdi ki, Ağdam təmsilçisinin oyunçusu oldum. O vaxt türkiyəli məşqçilər aşağıyaşlı komandalar üçün oyunçu seçən zaman məni də bəyəndilər. Nəticədə futbola “Qarabağ”da başladım. Daha sonra isə klubun əsas komandasına cəlb edildim.

- “Qarabağ”da oynamaq arzunuz olmayıb?
- Xeyr. Bu, bir tale, qismətdir.

- Qısa vaxt ərzində tanındınız. Bunu nə ilə əlaqələndirmək olar: Şans, yoxsa əzmkarlıqla?
- 4-5 ildir ki, “Qarabağ”dayam. Ola bilsin, əvvəllər az-az oynadığım üçün üzdə olmurdum. Şükür Allaha, bu il heyətdə daha çox yer alıram və az da olsa, vurduğum qollarla komandama faydalı olmağa çalışıram.

- Əvvəllər 21 yaşda əsas milliyə dəvət almaq bir qədər çətin idi. Ancaq son illərdə daha çox gənclərə şans verilir. Milliyə çağırıldığınız ilk günü necə xatırlayırsınız?
- Çox sevindim. Uşaq vaxtı millidə oynayacağımı düşünmürdüm. Ancaq iş elə gətirdi ki, 21 yaşımda ölkənin bir nömrəli komandasına dəvət edildim. Ancaq xoş sözlər söyləyə bilərəm.

- Bu günlərdə millinin baş məşqçisi Berti Foqts 2010-cu ildə ən sürətlə inkişaf edən futbolçu kimi sizin adınızı qeyd edib. Onun seçiminə münasibətiniz necədir?
- Haqqımda bu cür düşünməsi, əlbəttə sevindiricidir. Mən də çalışıram ki, daha yaxşı oynayım, komandama faydalı olum, qolları sıralayım, ilin futbolçusu seçilim.

- Yeri gəlmişkən, bizim futbolçuları bir balaca tərifləyəndə və ya haqqında xoş söz söyləyəndə onlarda arxayınlaşma, boşalma yaranır...
- Xoş sözlərin məni arxayınlaşdıracağını düşünmürəm. Başımı salıb futbolumu oynayıram. Hələ öyrənməli olduğum çox şey var. Əgər bu sözlərə uysam, əlbəttə geriləyər, batıb gedərəm. Hətta futbolla vidalaşa da bilərəm. Ona görə də üzərimdə işləməliyəm. Deyilən sözlər, məni sadəcə, ruhlandırır. Yenə sadə və çalışqan olmaqda davam edəcəyəm.

- Futbolçu kimi hədəfləriniz nədir?
- Hücumçu kimi daha qol vurmaq istəyirəm. Eyni zamanda legioner həyatı yaşamaq haqda düşünürəm. İnşallah, Azərbaycanı başqa ölkədə layiqincə təmsil etmək niyyətindəyəm.

- Birdən sizi heyətinə qatmaq istəyən əcnəbi klub “Qarabağ”da qazandığından daha aşağı məbləğ təklif etdi. Buna baxmayaraq, yenə ölkə xaricində oynamağa yollanarsınızmı?
- Avropanı seçərəm. Bilirəm ki, az qazansam belə, orda inkişaf edəcəyəm. Əlbəttə, Avropada oynamaq istəyirəm deyib, gedib hansısa ikinci və ya üçüncü dəstədə çıxış edəsi deyiləm ki. Onda “Qarabağ”ı seçərəm. Yenə deyirəm, yaxşı komandadan təklif alsam, dəyərləndirəcəm.

- Son vaxtlar “Qarabağ” heç də yaxşı təsir bağışlamır. Komandanın Avropa Liqasından sonra belə zəif çıxış etməsinin səbəbini nə ilə izah edə bilərsiniz?
- Bir qədər ruh düşkünlüyü olmuşdu. Ardıcıl 3 məğlubiyyət bunun nəticəsi idi. “İnter” üzərində qələbə əhval-ruhiyyəni bir qədər yaxşılaşdırdı. Düzdür, sonra ölkə kubokunda “Turan”a məğlub olduq. Ancaq biz diqqətimizi çempionata yönəltmişik. İrəli baxmaq lazımdır.

- 2010-cu il başa çatmaq üzrədir. Şəxsi həyatın və karyeran baxımından ili necə səciyyələndirərdiniz?
- Yaxşı. Yayda Avropa Liqasında uğurlu çıxış etdik. Üç mərhələ adlamaqla futbol tariximizdə yeni səhifə açdıq. Yığma ilə Avropa çempionatının bürünc mükafatçısı olan Türkiyə yığmasını məğlub etdik. Bu nəticələr 2010-cu ildə qazanılıb. Ona görə də, ili uğurlu hesab etmək olar. Həm də zədədən yan qaçmağı bacarmışam.

- Bəs şəxsi həyatınız barədə nə deyə bilərsiniz?
- Hansısa yenilik yoxdur. Vaxtımı ancaq futbola həsr etmişəm.

- Subaylıq sultanlıqdır...
- Bəli.

- Təklikdən qorxmursunuz?
- Xeyr. Futbolçuların bir qismi deyir ki, subaylıq yaxşıdır. Ancaq onların əksini deyənlər də var. Hətta daha tez ailə həyatı qurmağın faydalı olduğunu iddia edirlər. Nə bilim, qismətdir.

- Nişanlınız və ya sevdiyiniz qız varmı?
- Var.

- Bəs toy nə vaxt olacaq?
- Müəyyən səbəblərdən bir qədər gözləmək lazımdır.

- Hədiyyə almağı necə, xoşlayırsınızmı?
- Əlbəttə, xarici ölkələrə gedən zaman mütləq hədiyyə alıram. Hədiyyəsiz dönmək pis çıxır. Çalışıram ki, nəsə alım.

- Nişanlısınız?
- Demək olar, hə.

- Adətən bizdə qızla oğlan arasında rəsmi bağlılıq olmayanda bir qədər yaxşı hal kimi qəbul etmirlər...
- Rəsmi bağlılıq var.

- Xanım fanatlarınız çoxdurmu?
- İnternetdə olarkən, tanıdıqlarını görürəm.

- Onlarla ancaq futbol mövzusunda danışırsınız, yoxsa ürəklərini açanlar da olur?
- Çalışıram ki, futbolla bağlı danışaq.

- Bəs qarşı tərəf buna riayət edir?
- Bundan, nişanlımın xəbəri yoxdur.

- Danışdığınız xanımları deyirəm?
- Söhbəti tez bağlayıram.

- Hansısa ölkəyə gəzməyə getməyi necə, xoşlayırsanmı?
- Bir dəfə komanda yoldaşım Vaqif Cavadovla Antalyaya getmişəm. Gəzməyi, dincəlməyi xoşlayıram.

- Gəzdiyin ölkələr arasında hansı daha çox yaddaşında qalıb?
- Hər birinin özünəməxsusluğu var. Hansı ölkədə daha çox qalmışamsa, ora yaddaşımda xoş təəssüratlat buraxıb. U-17 və U-19-da oynayanda başqa ölkələrdə daha uzun müddətə qalırdıq.

- Ən böyük arzunuz nədir?
- Yaxşı futbolçu olmaq, tanınmaq, xoşbəxt olmaq.

- Hansı komandaya azarkeşlik edirsiniz?
- Uşaq yaşlarımdan Türkiyənin “Fənərbaxça” klubuna azarkeşlik edirəm.

- Bəs bənzəmək istədiyin futbolçu varmı?
- Aleksi bəyənirəm. Sırf futbolçu kimi yox, ola bilsin, komandada daha üzün müddət oynadığına görə. Bir də əvvəllər hollandiyalı hücumçu Hoydonk xoşuma gəlirdi.

- Futbolda maliyyə nə dərəcədə önəmlidir?
- İstənilən sahənin inkişaf etdirilməsi üçün maliyyə vacibdir. Klubun çəkisi ilə yanaşı, maddi durumu da mühüm rol oynayır.

- Yəqin razılaşarsınız ki, hazırda ölkə futboluna qədərindən artıq vəsait xərclənir...
- Pul xərclənməlidir də. Hələ bu qədər maliyyənin qabağında, standartlara cavab verən stadionlarımız, məşq meydançalarımız yoxdur. Avropada milyardlar xərclənir.

- Pul bəzi futbolçularda baş gicəllənməsi yaradıb fikri tez-tez səsləndirilir. Razısınızmı?
- Mən də elə şey yoxdur. Nə qazanmışamsa, evə, ailəmə xərcləyirəm. Bilirəm ki, bunun sabahı da var. Ömür boyu futbol oynamayacağıq. Ona görə də, əlimə düşəni düzgün dəyərləndirmək istəyirəm.