Qarabağ TV
TPL
UEL
Qış fasiləsində kimisə komandadan göndərməyi düşünmürəm

«O günlərin bir daha qayıtmasını istəmirəm»

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Fanat.Az-a müsahibəsi

- 19 tur «Qarabağ» üçün necə keçdi? İstədiyiniz nəticələri ala bildiniz?
- Eniş dövrümüz oldu. Turnir cədvəlində istədiyimiz yerdən aşağıda yer aldıq. Ardıcıl dörd oyunda məğlubiyyət komandanı çətin vəziyyətə saldı. Amma biz bunu normal qarşıladıq. Çünki hər bir komandanın eniş dövrü olur. Həmişə demişəm ki, komanda çempionatın finişinə yaxın eniş dövrü keçirməsin. Biz mövsümün əvvəlində bu dövrü yaşadıq. Zədəlilərimiz oldu, bütün komanda bir yerdə hazırlıq keçə bilmədi. Bu da normal haldı. Ümumi götürsək vəziyyət normaldı. Qarşıda böyük marafon var, «altılığ»a düşmək şansımız qalır. Mükafatlar uğrunda sonra düşünəcəyik. Hələ ki, məqsəd «altılığ»a düşməkdi. Hazırda «altılıq»dayıq və 7-ci yerdən 5 xal öndəyik. Qarşıda 3 oyun var. Bu oyunlarda istədiyimiz nəticəni qazanıb, yolumuza davam edəcəyik.

- «Altılığ»a düşəndən sonra hədəf nə olacaq?
- Qoy əvvəlcə «altılığ»a düşək, sonra fikirləşərik.

- «Qarabağ» heyəti qısa olduğuna görə həmişə tənqid edirlir. Qış transfer dövründə heyətə neçə futbolçu qatmaq fikriniz var?
- Heyətimiz qısa odduğunu düşünmürəm. Sadəcə, zədəlilərin çoxalması heyətimizi qısa göstərdi. Amma «Xəzər Lənkəran»la oyundan öncə artıq bütün komanda bir yerdə hazırlaşırdı. Sadəcə, Əfran İsmayılov yox idi. O da olsaydı, tam heyət olacaqdı. Buna baxmayaraq, heyətimizi gücləndirmək istəyirik. 1-2 oyunçu olacağıq. Çox transfer etmək niyyətimiz yoxdu. Bizə lazımdı ki, daha çox bir yerdə olaq, bir yerdə məşq edək. Legionerlərin də komandaya uyğunlaşması üçün müəyyən vaxt lazımdı. Çox istəyirik ki, yerli, gənc oyunçuları heyətə qataq. Təəssüf ki, onların klubları ilə müqavilələri var. Buna görə də məcburiyyət qarşısında qalaraq 1-2 əcnəbi oyunçu alacağıq.

- Artıq müəyyənləşdirdiyiniz oyunçular var?
- Yox. Amma maraqlandığımız futbolçular var.

- Həmin futbolçuların adını açıqlaya bilərsiz?
- Əvvəlcə onların oyununu gözümüzlə görməliyik. Oyunçular var və onlarla maraqlanırıq.

- Maraqlandığınız oyunçular Avropadandı, yoxsa kənardan?
- Avropadan da var, kənardan olanlar da…

- Yerli oyunçu transferi olmayacaq?
- Hədəfimizdə olanlar var. Amma onları bizə verən yoxdu.

- Pulunuz çatmır?
- Yox, sadəcə klubları buraxmır.

- Komandadan gedəcək oyunçuları müəyyənləşdirmisiniz?
- Qış fasiləsində kimisə komandadan göndərməyi düşünmürəm. Çünki bu komandayla iki ildi bir yerdəyik, az da olsa uğurlar qazanırıq. İstəmirəm ki, bu gün onlar komandadan getsin. Kollektiv artıq doğmalaşıb. Artıq hamısı mənim nə istədiyimi bilir. Ona görə də istəyirəm ki, heyət qorunub-saxlanılsın.

- «Qarabağ»ın Avropa Liqasında uğurlu çıxışından sonra bir sıra futbolçularınız xarici klubların hədəfinə düşmüşdü. Hazırda belə təkliflər var?
- Yox, hələ ki, sakitlikdi. Amma bir neçə futbolçumuzla maraqlanırlar. Menecerlər onları diqqətdə saxlayır.

- Qışda təklif gəlsə, həmin oyunçuları komandadan buraxmağa razılıq verəcəksiz?
- Yox. Bunu «Qarabağ»a kömək etmələri üçün etməyəcəm. Sadəcə, onlar bu gün Avropada oynamağa tam hazır deyillər.

- Belə çıxır ki, Vaqif Cavadov təcrübəsi «Qarabağ»ı qorxudub?
- Bir az təsir edib. Buna qorxudub deməzdim. Sadəcə, Vaqif gedən kimi zədələndi. Məncə, «Tvente»də buna görə oynaya bilmədi. Gənc oyunçularımızı indiki halda buraxmaq istəmirəm. Onlar hələ bir az da təcrübə toplamalıdı, məğlubiyyətlərlə, qələbələrlə özlərini «bərkitməlidilər».

- Samir Abbasovu «Qarabağ»a gətirdiyinizə görə müəyyən tənqidlər oldu. Onun «Qarabağ»da oynayacaq səviyyədə futbolçu olmadığı deyilir. Bu fikirlərə münasibətiniz necədi?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma Samiri komandaya oynatmaq üçün gətirmişik. Hər yerli oyunçudu, həm yığmanın üzvüdü. Avropa oyunlarının demək olar ki, hamısında oynadı. Səhv etmirəmsə, sadəcə ilk oyunda kənarda qaldı. Qalan matçların hamısında komandaya kömək etdi. Çempionat oyunlarında da meydana çıxırdı. Sadəcə, millidə zədələnəndən sonra bir müddət kənarda qaldı. İndii-indi formasını bərpa etdi.

- Samirin «Qarabağ»a sizin istəyinizlə transfer olunmadığı barədə də məlumatlar var…
- Hamının fikrinə hörmətlə yanaşıram dedim. Amma bu fikirlə razı deyiləm. Bu fikri qətiyyən qəbul etmirəm. Çünki «Qarabağ»a mənim istəyim olmadan heç bir futbolçu transfer olunmur. Hər bir şeyi qarşılıqlı şəkildə məsləhətləşib, qərar veririk. Mən məsləhət görürəm, ondan sonra futbolçu alınır.

- Bir müddət əvvəl Berti Foqtsla aranızda söz dueli yarandı. Siz qısamüddətli toplanışlardan narazılıq edirdiniz, Foqt sisə deyirdi ki, həmin məşqçilər mənə bu toplanışların futbolçular üçün xeyirli olduğunu bildirir. Nə baş verirdi?
- Bu söhbət artıq arxada qalıb. Mə nonu söz dueli adlandırmazdım. Sadəcə, mən öz fikirlərimi bildirmişəm, o da öz münasibətini açıqlayıb. Bizim Foqtsla görüşümüz də oldu. Mən indiyədək heç vaxt deməmişəm ki, milliyə oyunçu buraxmayacam. Biz milliyə kömək etməliymk. Bu hamımızın borcudu. Bəlkədə mənim fikirlərimi müəyyən qədər düzgün başa düşmədilər. Bu gündə  fikrimdə qalıram ki, 5-6 futbolçunun hazırlıqlara qatılmaması komandanın oyununa təsir edir. Bu o demək deyil ki, mən yığmaya oyunçu vermək istəmirəm. Həmin vaxt da demişdim ki, bu oyun mənim «Bakı»ya uduzmağıma səbəb oldu. Və yaxud digər oyunlarda xal itirməyimizə təsir etdi. Foqtsla görüşdə də dedim ki, «Qarabağ»ın baş məşqçisi kimi bu toplanışlar mənə sərf etmir. Çünki həmin futbolçularla oyunlara hazırlaşıram. O da cavabında dedi ki, mən hər şeyi Azərbaycan futbolunun inkişafı üçün edirəm. Mənə futbolçu, yığmanın inkişafı tapşırılıb. Belədisə, biz Azərbaycan futboluna bu yolla kömək edərik. Bu o demək deyil ki, kiminsə qarşısında özümü təmizə çıxarmaq istəyirəm. Yenə də fikrimdə qalıram ki, bir futbolçunun belə olmaması oyunuma təsir edir. Çünki düşündüyüm heyət olur və oyunu onun üzərində qururam.

- Necə fikirləşsirsiz, qısa müddətli toplanışların futbolçulara xeyiri var?
- Hər bir məşqçi istəyir ki, yetirmələri daha çox bir yerdə olsun. Amma yenə deyirəm, 2, 3, 4 futbolçu komandada olmayanda bu oyuna təsir edir. Digər tərəfdən, hər halda, xeyir görür ki, bu toplanışları keçirir.

- Yığmanın qarşıdakı toplanışı üçün heyət açıqlandı. İki əsas futbolçunuz - Fərhad Vəliyevlə Rəşad Sadiqovun adı heyətə salınmadı. Fərhad ehtiyat heyətdə olsa da, Rəşada ümumiyyətlə dəvət göndərilməyib. Sadiqovun hazırlıq səviyyəsi o qədər aşağıdıkı millidən kənarda qalır?
- Gəlin belə edək, mən başqa məşqçinin işinə müdaxilə etmək istəmirəm. Onun öz oyun üslubu var, mənim də də öz oyun üslubum. Bəlkə bu oyunçu onun düşüncələrinə uyğun gəlmir. Onun işinə mane olmaq istəmirəm. Bəzən mənə də iradlar olur ki, filan oyunçunu niyə oynatmadın və yaxud 10 dəqiqə oynatdın.

- Rəşad Sadiqovun baş məşqçisisiniz. Bu futbolçunun hazırlıq səviyyəsi hazırda necədi?
- Normal. Komandada ən yaxşılardan olduğunu demək olar.

- Son oyunlarda Georgi Adamiyanı start heyətində görmürdük. Bunun səbəbi nədi?
- Daha çox nəticəyə oynayırdıq. Baş məşqçinin öz fikirləri olur. Hansısa oyunçunu matçın gedişinə təsir etmək üçün ikinci hissədə meydana buraxır.

- «Qarabağ» ardıcıl məğlubiyyətlər aldığı bir vaxtda bəlkdə ilk dəfə sizi istefaya çağıranlar oldu. Komandanızı çətin vəziyyətdən çıxara bilmədiyiniz deyilirdi. Bu fikirlərə münasibətiniz necədi?
- İlk dəfə oldu?

- «Neftçi»də işlədiyiniz dövrü və Quzanlıdakı «İstefa» çağırışını nəzərə almıram…
- Başqalarının fikrinə münasibət bildirmək istəmirəm. Niyə? Məsələn, sual verirsiz ki, Rəşad Sadiqov yığmaya niyə çağırılmayıb və ya Adamiyanı niyə oynatmırsız. Bu gün mən belə görürəm ki, onun oynamaması daha yaxşıdı, komandaya daha çox xeyir verə bilər. Məni istefaya çağıran da öz fikrini bildirib. Biri deyir ki, məşqçi işi yetərli deyil, başqa biri də deyir ki, rəhbərliyin komandaya ayırdığı pul azdı. Yəni hərə öz fikrini çatdırır. Bunu normal qarşılayıram. Bütün məşqçilərə qarşı belə fikirlər olur. Mən prinispial insanam. Hər komandada eniş dövrü olur. Əsas odu ki, vəziyyətdən çıxış yollarını tapasan. Şükürlər olsun ki, hazırda vəziyyətimiz o qədər də pis deyil. Mövsümün gedişində nəticə, oyunçular baxımından çox zərbə almışdıq. O günlərin bir daha qayıtmasını istəmirəm.

- Yığmanın hər çıxışından sonra baş məşqçi postuna siz namizəd göstərilirsiz. Özünüzü yığmanı çalışdırmağa hazır sayırsız?
- Yox, hələ hazır deyiləm.

- Nə vaxt hazır olacaqsınız?
- Bu işimdən aslı olacaq. Qazandığımız uğurları qoruya, stabil işləyə biləcəyikmi? Fikrimcə, bu gün klubda daha faydalıyam. Hər gün işdə oluram, həm oyun trübəsi oluram, səhvlərim daha çox olur və bunları görürüm. Bir sözlə milli üçün hələ hazır deyiləm.

- Frank Raykaardın yanına təcrübə toplamağa yollanmışdınız. Qarşıda belə bir planınız yoxdu?
- Açığı belə fikirlərim var. Həmişə istəyirəm ki, ölkədən kənara çıxım. Amma indi təqvim elədi ki, boş vaxtımız olmur. İndi boş vaxt olur ki, artıq çempionatlar başa çatıb. Belə vaxtda getməyin faydası yoxdu. Ancaq daim maraqlanıram, imkan olan kimi 3-5 gün, bir həftəlik gedəcəm.

- Qış fasiləsində Türkiyəyə təlim-məşq toplanışına yollanacaqsınız. Həmin vaxt belə bir planınız yoxdu?
- Ötən qış bir həftə «Qalatasaray»da olmuşdum. Bu qış isə belə plan yoxdu.

- Ümumiyyətlə hansı məşqçinin yanına getmək, təcrübə toplamaq istəyərdiniz?
- Belə məşqçilər var. Hansı ki, neçə illərdi klublarında işləyirlər. Aleks Ferqusyon neçə illərdi ki, «Mançester Yunayted»də öz oyun sistemini qurub. Rafel Benites son dövrlər uğursuz olsa da, hiss edirəm ki, işləyən mütəxəssisdi. İş prinsipi güclü idi. Arsen Venger neçə illərdi ki, «Arsenal»da sistem qurub. Bu mütəxəssislər öz sistemlərini qurmaq üçün əziyyət çəkiblər. Həmişə istəyirlər ki, heç nədən futbolçu yaratsınlar. Onların iş prinsipi xoşuma gəlir.

- «Qarabağ»ın Ferqusyonu olmaq istəyərdinizmi?
- Allah nəsib etsə… Mən də istəyirəm ki, stabil olsun. İstəyini yerinə yetirmək üçün zamana ehtiyac var. Bu sistemi qurmazdan əvvəl bizim görüləsi işlərimiz çoxdu. İlk növbədə bazamız, stadionumuz, şəraitimiz olmalıdı. Təəssüf ki, hazırda əksər klublarımızın bazası belə yoxdu. Bu işlər görüləndən sonra o sistemi qurmaq olar. Bu məqamda aşağı yaş qruplarında da işlər kompleks olmalıdı.

- Rəşad Sadıqov komandanın lideri idi. O gedəndən sonra bu finksiyanı hansı futbolçu yerinə yetirir?
- Mən (gülür). Belə uşaqlar var. Hətta oyundan əvvəl yığışıb, bir-birilərinə səhvlərini deyirlər. Təcrübəli futbolçulardan Aslan Kərimov, Sahil Kərimov, Rəşad Sadiqov və digərlər futbolçuları bir araya toplayıb söhbət edirlər.

- Ötən mövsüm «Qarabağ»ın əvəzedici komandası çempion oldu. Bu mövsüm isə 10-cu pillədə qərarlaşıb. Geriləmənin səbəbi nədi?
- Bunu geriləmə adlandırmazdım. Ötən mövsüm biz əsas heyətən də əvəzedici komandaya futbolçular göndərirdik. İndi isə əvəzedici komanda tam fərqli sistemə keçirilib. 17-18 yaşlı futbolçulara şans verildi. Yəqin ki, 1-2 ildən sonra bunun bəhrəsini görəcəyik?

- Əvəzedici komandada elə bir futbolçu var ki, yaxın gələcəkdə əsas heyətə cəlb etməyi planlaşdırırsınız?
- Var. Bir neçə futbolçu ilə maraqlanıram. Ayaz Mehdiyev var. «Bakı» ilə yoldaşlıq oyununda meydana buraxmışdım. Toğrul Bilallı var. Düzdü, fiziki göstəriciləri o qədər də yaxşı deyil. Amma düşündüyümüz oyun sisteminə uyğun, ağıllı oyunçudu. Yəqin ki, gələn mövsüm gənclərə daha çox şans verəcəyik.

- Bu mövsüm ümidinizi doğrultmayan futbolçu oldu?
- Vüqar Nadirova həmişə böyük ümid bəsləmişəm. Amma son vaxtlar oyunundan xoşum gəlmirdi. Neçə oyun hətta əsas heyətə də daxil etmədim. Bu barədə onunla danışığım oldu. Son bir neçə oyunda inkişaf hiss olundu. Ümumiyyətlə ondan istədiyimi ala bilmədim.

- Raüf Əliyev necə ümidləri doğrultdu?
- Raufun potensialı böyükdü. İnşallah, bundan da yaxşı oyunlar göstərəcək. Mə nonu əsas komandaya cəlb edəndə müəyyən tənqidlər də olurdu. Amma onun böyük potensialı var. Son vaxtlar belə potensialı, fiziki gücü olan hücumçu tapmaq çətin idi. Raufun da çatışmayan cəhətləri var. Lakin bunları da aradan qaldıracağıq.

- Elvin Məmmədov da zəif çıxış etdi. Bunun səbəbi nədi?
- Vüqar üçün dediyim sözlər Elvinə də aiddi. Çempionatın əvvəlində çox geriləmişdi. Səbəbini bilmirəm. Amma son 6-7 oyunda öz potensialını üzə çıxarmağa başladı. Son dörlər ona inamım artdı. Əsas odu ki, oyunçularımız iradlarımı, tövsiyyələrimi qəbul edirlər, başa düşürlər.

- Bu mövsüm çempionatın ən güclü komandası hansıdı?
- Çempionat son iki mövsümlə elə olub ki, qabaqcadan fikir bildirmək olmur. İlk 7 komandanın hər biri sonda birinci ola bilər.

- Bəs oyununu bəyəndiyiniz komanda hansıdı?
- Bəyənmək dedikdə düzgün çıxmaz. 19 tura qədər «Neftçi» və «Xəzər Lənkəran» daha stabil oyun nümayiş etdirdi. AZAL yaxşı gəlirdi, sonda bir az zəif çıxış etdi. «İnter»in oyun üslubu mənim üçün bir az cəlbedicidi. Hiss olunur ki, Kaxa («İnter»in baş məşqçisi Kaxaber Tsxadadze) orda oyun sistemini qura bilib, məşqçi işi görünür. Artıq ikinci ildi ki, komanda yaradıb. Son dövrlər stabil çıxış etməsələr də, komanda oyunu görünür.

Pərvin Kazımoğlu
Fanat.Az