Qarabağ TV
TPL
UEL
Maksim Medvedyev: “Qol vurduğum gün şou göstərəcəyəm”

«Qarabağ»ın və milli komandamızın müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi

 

 

- Ötən il «Qarabağ» üçün uğurlu keçdi. Bəs, 2010-cu ili sənin özün üçün necə dəyərləndirmək olar?

- Çətin bir il oldu. Çünki həddən artıq oyun keçirdim. Klubumuzun heyətində ölkə çempionatı, Azərbaycan kuboku, Avroliqanın yarışları, milli komandamızın tərkibində isə bir sıra görüşlərdə meydana çıxdım. Ümumən özümü yaxşı tərəfdən göstərə bildim. Yəni 2010-cu ili özüm üçün uğurlu sayıram. Hər halda «Qarabağ»la birgə Avropada sözümüzü deyə bildik, Azərbaycana daha da tanındıq. İnanıram ki, bu il də uğurlu çıxış edəcəyik.

Amma etiraf edim, 2010-cu ildə elə matçlar da oldu ki, oradakı oyunlarım məni qane etmədi.

- Beş ballıq şkala üzrə öz oyunlarına hansı qiyməti verərdin?

- Dörd. Azərbaycan çempionatında özümü elə də yaxşı göstərə bilmədim. Avropadakı oyunlar isə mənim üçün yaxşı keçdi, ləzzət etdi. Düzü, belə oyun sərgiləyəcəyimi gözləmirdim.

- Bəs, millidəki çıxışların barədə nə deyə bilərsən?

- Orada fərqli oldu. Demək olmaz ki, əsas komandada yaxşı çıxış etmişəm. Millidə 3-4 matçda oynadım. Yeni gəldiyim üçün futbolçulara, oyun üslubuna yaxından bələd deyildim. İlk vaxtlar bir az çətinlik çəkdim. Çünki futbolçularla bir-birimizi başa düşmürdük. Bu da ondan irəli gəlir ki, mən fərqli bir mühitə düşmüşdüm. Axı, klubla milli komanda arasında səviyyə ayrı cürdür. Millinin oyunları daha ciddi olduğundan matçlara çox diqqətlə yanaşmaq lazımdır. İnanıram ki, bu il millidəki çıxışlarım da istədiyim kimi olacaq.

- Berti Foqts deyir ki, bəzi futbolçular klublarında yaxşı çıxış etsə də, millidə həmin oyunu sərgiləyə bilmirlər.

- Razıyam. Hətta özümlə bağlı deyə bilərəm ki, klubda bir, millidə isə tam fərqli oyun nümayiş etdirdim. Öz klubumda hücuma qoşuluram, yarımmüdafiəyə daha çox kömək edirəm. Millidə isə sırf müdafiədə oynamağımı, yalnız vaxt olanda irəli getməyimi tələb edirlər…

Millidə yerimi itirmək istəmirəm. Hər halda orada rəqabət daha böyükdür.

- Millidə özünə əsas rəqib kimi kimləri görürsən?

- Rail Məlikovu və Mahir Şükürovu. Milliyə ilk dəfə gələndə bilirdim ki, güclü rəqabət olacaq. Amma özümü yaxşı tərəfdən göstərə bildim. Sonra Mahir Şükürov mövqeyini dəyişdi, Rail zədələndi. Bu da mənə əlavə şans verdi. Bu il isə rəqabət daha da artacaq. Çünki yəqin ki, zədəsini bərpa edən Əfran İsmayılov komandaya qayıdacaq. O zaman ola bilər, Mahir Şükürov əvvəlki mövqeyinə qayıtsın. Nəzərə alaq ki, artıq Rail Məlikov da zədəsini sağaldıb.

- Ötən ili özün üçün uğurlu saysan da, hələ də qol vura bilməmisən. Düzdür, sən müdafiəçisən. Amma hər halda, bu vəziyyət səni bezdirməyib ki?..

- Düzü, çox bezdirib. Mənə də çox adam, əsasən də dostlarım bu haqda tez-tez deyirlər. Düzdür, şanslarım olur. Ötən il elə oyun oldu ki, təkbətəkə çıxdım, amma qapıçı qola imkan vermədi. Və ya özüm zərbə endirməyib, cərimə meydançasına ötürmə etdim. Doğrusu, özüm qol vurmaq barədə çox da fikirləşmirəm. Əsas komandamdır.

- Deyəsən, rəsmi matçlarda sən, ümumiyyətlə, qol vurmamısan.

- Qol vurmağım mənim də yadıma gəlmir.

- Elə isə ilk qolu vuranda nə edəcəksən?

- Ola bilər ki, kiçik bir şou göstərim. Qol vursam akrobatik tullanışlar edəcəyəm. Axı, mən 7 il akrobatika ilə məşğul olmuşam.

- Bir halda ki, söhbət qol vurmaqdan düşdü, o zaman «Qarabağ»ın heyətində rəqibləri xeyli məyus etmiş Vaqif Cavadovdan da danışaq. Bu söhbəti təsadüfən etmirəm. Bildiyimə görə, Vaqif səninlə yaxın dostdur. Yəqin özün də bilirsən ki, «Tvente»dən qayıdandan sonra onun əvvəlki klubu «Qarabağ»ı deyil, «Bakı»nı seçməsi hazırkı komandanda narazılıqla qarşılandı.

- Vaqif «Tvente»yə gedəndə çox sevindim. Düşünürdüm ki, onun Hollandiya kimi köklü ənənəsi olan bir ölkənin klubuna keçməsi bizim digər futbolçulara yaxşı örnək olacaq. Amma çox erkən vaxtda zədələnməsi bütün planları pozdu. Bir aya düzəlməli olan zədənin bərpası altı ay çəkdi. Sonra Azərbaycana qayıtdı. Bildiyimə görə, o, «Qarabağ»la danışıqlar apardı, amma razılığa gəlinmədi.

- Söhbət maddi məsələdən gedir?

- Bəli. Ona görə də «Bakı»ya keçdi. Dedim ki, nə olar, onsuz da yenə Azərbaycanda oynayacağıq, bir-birimizlə qarşılaşarıq. Amma «Bakı»nın baş məşqçisiylə yola getmədi. Şans qaldı yalnız özünü milli komandada göstərmək. Amma gərək yaxşı formada olasan ki, orada baş məşqçi sənə şans versin.

- Yeri gəlmişkən, artıq Vinfrid Şefer «Bakı»dan ayrılıb və onun əvəzinə komandaya Aleksandr Starkov gəlib. Bəlkə, indi Şeferlə onun arasında yaranmış soyuqluqun səbəbi haqda danışasan?

- Şeferin getməsi haqda birinci dəfədir sizdən eşidirəm. Hər yeni məşqçi gələndə isə özünün taktikası olur. İndi biz bilmirik, Starkov hansı seçimi edəcək. Bütün hallarda Vaqif özünü həm məşqlərdə, həm də oyunlarda ən yaxşı tərəfdən göstərməlidir. Ona əsas heyetdə yerini bərpa etməyi və meydanda qarşı-qarşıya gəlməyimizi arzulayıram.

- Verdiyim sualdan yayındın. Şeferlə Vaqifin arasında nə baş vermişdi?

- Nə bilim… (gülür)

- Yaxşı, gələk bir daha səninlə bağlı məsələyə. «Qarabağ»la müqavilənin müddətini daha iki il müddətinə uzatdın. Halbuki buna qədər Avropada oynamaq istədiyini deyirdin. Fikrini niyə dəyişdin?

- Mənim «Qarabağ»la bir illik müqaviləm var idi. Amma bu, əvəzedici heyətin futbolçusu olanda bağladığım müqaviləydi. Ona görə də qərara gəldik ki, yeni müqavilə imzalayaq. Orada şərtlər var ki, əgər Avropanın tanınmış klublarından birindən yüzfaizli təklif olarsa, o zaman «Qarabağ» rəhbərliyi mənim transferimə problem yaratmayacaq. Klubun direktoru Əmrah Çəlikəl özü də dedi ki, biz sənin Avropada oynamağını çox istəyirik.

İndi daha yaxşı formaya düşmək, Avropada daha uğurla çıxış etmək, bundan sonra isə qitənin tanınmış klublarından birinə keçmək barədə düşünürəm.

- «Qarabağ» Antalyadakı təlim-məşq toplanışındadır, çempionata ciddi hazırlaşırsınız. Azarkeşləriniz komandanızdan hansı nəticəni gözləsin?

- Məncə, bu mövsüm «Qarabağ» daha sürətli oynayacaq. Artıq lazımi transferlər edilib. Bundan başqa, Əfran İsmayılov heyətə qayıdıb. Onunla bir cinahda oynayanda bir-birimizlə yaxşı anlaşırdıq. Buna görə də komandamıza daha çox kömək edə bilirdik. Sol cinahımız da yaxşıdır. Makedoniyalı yeni yarımmüdafiəçimizin də öz ustalığı ilə komandamıza kömək edəcəyinə inanıram. Onun yaxşı ötürmələri var.

Deyirdilər ki, «Qarabağ» az qol vurur. Amma mən inanıram ki, ilk altılığa düşəndən sonra bu dəfə çox fərqlənəcəyik.

- Proqnozun nədir, «Qarabağ» neçənci yeri tutacaq?

- Turnir cədvəlində hazırkı vəziyyətə baxanda ikinci-üçüncü yeri tutacağımız daha real görsənir. Amma unutmayaq ki, futbolda hər şey olur. Dalbadal qələbə qazanmaq çətin olsa da, biz bütün matçdarda üç xal əldə etmək üçün çıxacağıq.

- Bəs, çempion olaraq, kimi görürsən?

- Mənim namizədim «Neftçi»dir. Doğrudan da, bu il onlar çox yaxşı çıxış edir. Yaxşı transferlər gerçəkləşdiriblər. Sevindirici haldır ki, «Neftçi»nin futbolçusu Araz Abdullayev «Everton» kimi bir ingilis klubu ilə müqavilə bağlayıb. Bir sözlə, «Neftçi»nin çempionluq şansı daha böyükdür.