Qarabağ TV
TPL
UEL
Qurban Qurbanovla tam fərqli müsahibə

QURBAN  QURBANOV:
`Dinimizin... kollektivçilik, var qüvvə ilə sonadək mübarizə aparmaq  əzmindən ruhlanırıq`
`Biz bu ilimizi uduza bilərik, amma işimizi elə qurmalıyıq ki, gələcəyimizi uduzmayaq`


Əsl məşqçi hər hansı futbol klubunun çalışdırıcısı kimi diqqət çəkmir, o, bütövlükdə FUTBOL və onun mədəniyyətinə cavabdehlik daşıyırmış kimi düşünəndə hörmətli olur. O, ayrı-ayrılıqda məşqçi-pedaqoq, yaxud tərbiyəçi ola bilər, amma hər ikisi bir canda daha cəzbedicidir. Futbolda romantik qəhrəman da olmaq mümkündür. Axı söhbət milyonların sevdiyi futboldan gedir. Müstəqillik dövrü futbolumuzun yetirmələrindən olan Qurban Qurbanov həm də çox istiqanlı və səmimi həmsöhbədir. `Qarabağ`ın növbəti məşqindən sonra görüşdük. Söhbətimiz necə keçdisə, bir də gördük ki, gecə yarını ötüb. Necə deyərlər, ancaq futboldan danışmadıq. Çünki bu gün futbol ancaq idman deyil, həm də iqtisadiyyatdır, siyasətdir, mədəniyyət ölçüsüdür. Onun Azərbaycan məkanında `cəmiyyət və futbol` barədə düşüncələri  oxucularımız üçün də maraqlı ola bilər. Ona görə də çalışdıq ki,  dəyərli oxucularımız onu bir qədər adət etmədiyi dialoqda duysunlar. Milli oğlandı Qurban. Bu gün  `Azərbaycan futbolu – 2015`, `Azərbaycan futbolu – 2020, 2030` və daha uzaq perspektivlər barədə düşünür. Və ən önəmlisi də odur ki, tanınmış məşqçi `millətimiz istedadlar yetirməyə qadirdir` fikrinə çox bağlıdır. Qəti bilir ki, hər cür ciddi vəzifəni həll etmək üçün  `dəmir üçlük` yetərlidir: intellekt + mənəvi təmizlik + sağlam rəqabət.
Futbolda olduğu kimi..!

 

- Qurban müəllim, söhbətimizə bir az olar başlamışıq, amma `Allah vergisi` ifadəsini istedadlı futbolçuları xarakterizə edəndə, onların usta komandalara keçdikləri yolu açıqlayanda bir neçə dəfə işlətdiniz. Hardan  gəlir bu duyğu?
- Allahın varlığını tam dərk etmək, təbii ki, yaşa dolduqca baş verən hadisədir. Amma mənim Allaha sevgim ailəmizdən gəlir. Hətta, məktəbdə oxuduğum vaxtlar deyirdilər, Allah yoxdur. Dərk etmirdim Onun varlığını, amma bu deyilənlərə də inanmırdım. Futbolçu karyeramı başa vurduqdan sonra Allahın varlığını daha çox dərk etməyə başladım. Həyatımı analiz edir və özümə `mən kiməm, bu dünyaya nə üçün gəlmişəm` sualını verirdim. Ailədə 6 uşağıq, mən sonbeşiyəm. Hətta, hərdən düşünürdüm ki, mən heç doğulmaya bilərdim. (Gülür.) Doğulmuşamsa, deməli, hansısa missiyam var. Ağlım kəsəndən evimizdə anamı namaz qılan görmüşəm, halal süfrə, etibarlılıq, təəssübküşlik, yaxşı qonşuluq, vətənpərvərlik barədə böyüklərimin söhbətini, tərbiyəsini almışam. O vaxtlar daxilimdə səbəbini özüm üçün aça bilmədiyim bir iman hissinin olduğunu duyurdum, amma anlaya bilmirdim. Sonra zaman keçdi, böyüdüm, həyat təcrübəm artdı, idmançı oldum, illərin yaxşı-pisi ilə  qoşa addımladım... və  bildim ki, nə yaxşı ki dinimiz var. O məni darda qoymur, özümə, peşəmə, planlarıma nə qədər tələbkar, halal yanaşıramsa, artıqlamasını özümə qaytarır. Hər sahədə olduğu kimi, idmanda, futbolda da belədir. Ona görə də  halal mübarizə və Allah vergisi böyük qüvvədir, onun qarşısını heç nə ala bilməz. Brazilyalı Qarrinça və Peleni xatırlayın... Birinci Allah vergisi idi futbol üçün, digəri isə halal mübarizə mücəssəməsi. Milli komandaları isə dünya çempionu... Mən sonbeşiyəm ailəmizdə. Başqa sözlə, mən bu dünyamıza gəlməyə də bilərdim. Buna görə də çox-çox sonralar öz-özümə `mən niyə dünyaya gəldim`, `nə etməliyəm, necə yaşamalıyam ki, Allaha xoş getsin, millətimizin adı uca olsun` fikri daim məni tək buraxmayıb. Voronejdə çalışdığım vaxtlar xüsusilə ölçülü-biçili hərəkət edirdim. Futbola da gec başlamışam, deyilənə görə, pis-yaxşı nə isə bir iş görə bilmişəm. Beləliklə, `sonbeşik` və `gec başlamaq` fikri müəyyən mənada məni tale məsələsinə,  imana daha möhkəm bağlayıb.
- Komandanız üçün futbolçu seçəndə öncə onun hansı keyfiyyətlərinə fikir verirsiniz?
- Buna həm də birinci sualınızın cavabının davamı olaraq deyərdim ki, heç şübhəsiz, insani keyfiyətlərinə. Məndə belə bir inam var ki, yaxşı insan, lakin ortabab futbolçudan yaxşı futbolçu hazırlamaq mümkündür, amma pis insan əla futbolçudan futbol üçün ləyaqətli iş gözləmək olmaz. Öncə insanlıq keyfiyyəti, sonra digər əlamətlər. Oyunçu seçərkən də məhz bu yönünə daha çox diqqət yetirirəm. Xüsusilə də legioner seçimində. Hər əcnəbi oyunçu Azərbaycanda oynaya bilmir, uyğunlaşma problemi yaşayır, mentalitet fərqi olur və s. Bundan başqa, mənə futbol oynamağı, futbolla yaşamağı sevən oyunçu lazımdır. Əgər o, peşəsini sevirsə, hər çətinliyə dözər.

- Sağlam həyat tərzi sürürsünüz. Hazırda cəmiyyətimizdə bəzi problemlər yaşanır, məsələn, nikah yaşına çatmamış qızlar könüllü, ya könülsüz, ailə həyatı qurur, ətrafımızda narkoman, uyuşdurucu maddə aludəçiləri var. Sizcə, bunlar cəmiyyətin düşkünlüyüdür, yoxsa `şəxsi iş`? Cəmiyyət üçün tərbiyəli söz deyə biləcək məqamdasınız, məsləhətiniz...
- Erkən ailə həyatı qurmaq, əsasən, nikah yaşına çatmamış övladlarını ərə verən valideynlərin günahıdır. Ailə çox ciddi məsələdir, onu `şəxsi` adı ilə kiçiltmək olmaz. Ona görə də bu qərarı verməzdən əvvəl əməlli-başlı düşünmək lazımdır. Bu məsələdə valideynlər daha diqqətli olmalıdırlar. Xüsusilə də qız valideynləri hərtərəfli düşünməlidirlər. Mən belə görüb-böyümüşəm. Əgər ata-ana övladına yaxşı tərbiyə verərsə, onun ailəsində ciddi problem olmaz. Erkən nikah arzuedilməz haldır. Valideynlər bu məsələ ətrafında ciddi düşünməli, uşaqlarının gələcəyini müəyyənləşdirərkən diqqətli olmalıdırlar. `Kişi-qadın` münasibətləri barədə deyil, xoşbəxt ailə həyatı yaşamaq üçün düşünmək lazımdır.  Mən öz övladını `uşaq` vaxtında oda atan ata-anaları başa düşə bilmirəm... Narkomanlıq bugünədək heç bir insana xöşbəxtlik gətirməyib, ona görə də onlara qardaşcasına deyirəm ki, nə qədər gec deyil, iradənizi göstərin, özünüzə `dur!`,-deyin, geriyə qayıdın, necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. Elimizin kişi-qadın adət-ənənəsinə, dinimizin yaxşılığına, imanın işığına sığının, hər şey yaxşı olacaq... Dinimizin, millətimizin mənəvi dəyərlərinə  düzgün əməl etsək, narkotikdən də, siqaretdən də, canımıza və malımıza ziyan vuran digər zərərli vərdişlərdən də uzaq durarıq. Amma bəzən görürsən ki, kimsə pis mühitə düşür və narkotik aludəçisinə çevrilir. Bir müddət sonra isə səhvini başa düşür və bu zərərli vərdişini tərgidir. İstərdim ki, insanlarımız, xüsusilə də gənclərimiz narkotikdən uzaq qaçsınlar. Çünki onu qəbul edən beyin, şüur, ilk növbədə, özünə və ailəsinə, sonra isə başqalarına ziyan vurur.

- Cəmiyyət üçün yaxşı azərbaycanlı kimi formalaşmaqdan ötrü dindar olmaq vacibdir? Azərbaycançılıq düşüncəsində dinin yerini necə görürsünüz? Ümumiyyətlə, `futbol və din` anlayışını necə qəbul edirsiniz? Qeyri-adi səslənmir ki? 
- Dediyim kimi, müəyyən müddət Voronejdə yaşamışam.  Bilirsiniz də, Rusiyada biz tərəflərin camaatına o qədər də səmimi münasibət bəsləmirlər. O qədər haqqımızda pis şeylər danışmışdılar ki, qaraşın görəndə hardasa qorxduqlarını hiss edirdim. İstəyirdim ki, necə olursa-olsun onların bu təəssüratını dəyişim. Xoşbəxtlikdən hər oyunda qol vurdum və yerli azarkeşlərin rəğbətini qazandım. Zaman keçdikcə hərəkətlərimlə, davranışlarımla necə millət olduğumuzu onlara sübut etdim. Hətta, hərdən sual verirdilər ki, sən, həqiqətən, Bakıdansan? Bir sözlə, çalışırdım ki, yaxşı olum - həm meydançada, həm də ondan kənarda – şəhərdə, komanda yoldaşlarımla münasibətlərdə və s. Bir neçə aydan sonra komanda yoldaşlarım, yeni yerli tanışlarım özləri mənə yaxınlaşıb millətimiz haqqında yaxşı sözlər söyləməyə başladılar. Buna mənim dindarlığım deyil, azərbaycanlılığım əsas olmuşdu. Ona görə də əminəm ki, əsl azərbaycanlının qəlbində həm də böyük və saf Allah eşqi var və olmalıdır – mənim fikrim belədir. Digər tərəfdən, bu gün futbol çox böyük sevinc, eyni zamanda çox böyük kədər mənbəyidir, hətta o, tətbiq sahəsini belə müəyyən mənada dəyişib. Qələbə ilə meydançadan ayrılanda vətəndaşımız xöşbəxt  olur,  bunu etdiyimiz üçün  biz də sevinirik. Bəzən siyasət aparmaq üçün jest olur və s. Belə anlarda `Vətəni sevmək imandandır` kəlamı yadıma düşür, azərbaycanlı və müsəlman olmağımla, qürur duyuram. Dinin halallıq, dostluq, kollektivçilik, var qüvvə ilə sonadək mübarizə aparmaq  əzmindən ruhlanırıq. 

- Bir az əvvəl dedik ki, bu gün futbol idman növü olaraq mahiyyətini dəyişib, bu, yaxşıdır,  pisdir – başqa məsələdir, ancaq əminliklə demək olar ki, hazırda futbol – siyasətdir, iqtisadiyyatdır, millətin millətlər içində səviyyəsini göstərən amillərdən biridir və s. Sizcə, belə yanaşma futbolun xeyrinədir, yoxsa ziyanına?
- Bəli, elədir, amma siz sadaladığınızın heç biri futbolun `içini` dəyişməyib, `çölünü` dəyişib. Bunu peşəkar futbolçu kimi deyirım, yəni komanda meydançaya çıxıb əla futbol nümayiş etdirib qələbə qazanır. Sonra ona nə ad verirlər, o, bizlik deyil. Hərənin öz peşəsi, işi var, nə qədər peşəkar çalışırsa, o qədər yaxşıdır, halal pulun səbəbkarı peşəkarlıqdır. Futbolçu da həmçinin, onun iş yeri yaşıl meydançadır. Buna görə də o, meydançaya çıxanda ilk növbədə peşəsini, sənətini düşünməlidi, komandası, Vətəni üçün mübarizə apardığını unutmamalıdır. Buna istəyirsiniz, siyasət deyin, istəyirsiniz iqtisadiyyat, son mənası peşəkarlığa və vətənpərvərliyə bağlanır. Bizə `soyuq` gələn Avropaya fikir verin, onların `futbol atmosferinə` diqqət yetirin, orada siyasət, iqtisadiyyat, mədəniyyət, istirahət... – hamısı bir yerdə yaxşı futbol yetişdirir. Sualınıza başqa yöndən belə bir cavab da verərdim. Ermənistanla son illərdəki siyasi münasibətlərimiz elə vəziyyətə çatıb ki, onlarla hansı müstəvidə üz-üzə gəlsək, böyük ajiotaj yaranır və `qələbə yalnız bizim olmalıdır` fikri birmənalı şəkildə qarşımızda durur. Xatırlayırsınızsa, `Neftçi` `Birlik kuboku`nda Ermənistanın `Pünik` klubunu məğlub edəndən sonra Azərbaycanda futbola maraq birə-beş artdı. Ölkədə ruh yüksəkliyi yarandı. Futbolumuza münasibət kökündən dəyişdi. Sanballı iş adamları komandalarımıza kapital yatırımları etməyə başladılar. Futbolçuların əməkhaqqları və qonorarları xeyli artdı. Xarici ölkələrdən futbolçu transferləri çoxaldı və s...

- Siz söhbətimizə yeni mövzu verdiniz. Ümumiyyətlə, hər ölkə əcnəbi futbol mütəxəssisinin, yaxud futbolçusunun gətirilməsinin məqsəd və vəzifəsini dəqiq müəyyənləşdirməlidir. Əgər bu gün Kanadadan dünya çempionu bir hokkeyçini Azərbaycana gətirib, yeddirəqəmli maaşla çalışdırıcı təyin etsələr, təəcüblənməyə dəyməz, çünki bizdə hokkey olmayıb, öyrənməliyik. Futbol isə olub, məqsədimiz onu gücləndirməkdir. Bunun üçün gətirdiyimiz məşqçi ölkəmizə, millətimizə hörmətlə yanaşmalıdır, həm də pedaqoq olmalıdır, yerli kadrların hazırlıq səviyyəsinin artırılmasında praktik əhəmiyyətli rol oynamalıdır, öz yetirmələrini hər addımbaşı aşağılamamalıdır, öz arxasınca mənsub olduğu ölkənin ortalıqda qalmış futbolçularını yığıb Azərbaycana gətirməməlidir, kobudcasına `İspaniyaya, Almaniyaya baxın dərs alın` deməməlidir, özü öyrənib sonra da komandanı öyrətməlidir, illərlə ekperiment aparmamalıdır. Milli komanda – hər ölkənin şərəf işidir, bayraq, himn məsələsidir, futbol klubu isə ayrı-ayrı şəxslərin biznesidir. Əcnəbilərin dəvətində bu incəlik mütləq nəzərə alınmalıdır. Bunlar ayrı-ayrı dəyərlər olsa da, ideal format onların bir-birini tamamlamasıdır. Digər tərəfdən, ölkə futbolunun qarşısında çox yüksək vəzifələr qoyan, onu Avropa, dünya birinciliyinin mükafatçıları sırasında görmək istəyən və bunu həyata keçirməyə qadir futbolçuları olan, lakin yetərli məşqçisi olmayan  futbol federasiyası kənardan görkəmli mütəxəssis dəvət edər. Məgər biz bilmirik ki, bugünkü futbolumuz hələlik o səviyyədə deyil, ondan yüksək nəticələr  tələb etmək tezdir. Səviyyəli futbolçular yetirmək üçün futbolumuzda məşqçi problemi deyil, yaxşı meydança, yaxşı təlim-məşq bazası çatışmazlığı problemi var, beynəlxalq futbol yarışı təcrübəsinin azlığı var. Yaxşı bazalar bir-iki yerdə deyil, Respublikamızın hər rayonunda, hər futbol klubumuzda olmalıdır, bax onda nəticə də olacaq. Futbolumuzun inkişafı əcnəbi məşqçidən deyil, futbol infrastrukturlarımızın mövcud olub-olmamasından asılıdır... Bəzi əcnəbi məşqçilər sanki öz ölkələrinin Azərbaycanda futbol səfiri, yaxud əmək naziridirlər: transfer məsələsində nəzərə çarpan cəhətlərdən biri də budur. Əgər sorgu keçirilsə ki, hansı əcnəbi futbolçunun oyunundan zövq alırsınız, əminəm ki, legionerlərin ümumi sayı ilə nisbətdə siyahı çox kiçik olacaq. Əgər ciddi yanaşsaq, axı onlar bizim futbola təzə nə gətiriblər? Xaç çevirmək, topu köynəyinin altına soxub hamilə qadını yamsılamaq, nədənsə yerə yıxılıb ayaqlarını göyə qaldırmaq,  əcaib `rəqs` hərəkərli etmək və s...
- Ən başlıca addım futbol bazalarının, stadionların tikilməsidir. Əgər bunu edə bilməsək - hər klubun özünün bazası, stadionu olmasa, bizdə  futbol zəif inkişaf edəcək. Yenə 2-3 ildənbir Avropa oyunlarında bir-iki mərhələ keçəcək və bununla təsəlli tapacağıq. Hərdən eşidirik ki, Belarusun BATE, Moldovanın `Şerif` klublarını bizə misal göstərirlər. Məşqçi kimi onların uğurlarının səbəbini bilirəm. Bilməyənlər üçün deyirəm: onların çox gözəl təlim-məşq bazaları var. `Visla` ilə görüşə Türkiyədə əla şəraiti olan bazada hazırlaşmışdıq və s. İndi özünüz nəticə çıxarın... Məlumdur ki, məsələn, alman məşqçi gəlib bir-iki ilə azərbaycanlı futbolçuya alman futbolu oynamağı öyrədə bilməz, bu mümkün deyil, hətta deyərdim ki, lazım da deyil. Kulublarımızda işləyən məşqçilər hazır futbolçulara üstünlük verirlər, çünki dediyiniz kimi, klub futbolu biznesdir, sərf olunmuş kapital gəlir gətirməlidir, transfer siyasəti ancaq klub maraqlarına qurban verilir. Gəlmə futbolçu maddi marağa işləyər... Klub sahibləri əcnəbiləri gətirib bir ilin içində ölkə çempionu olmaqla, yaxud avrokuboklara düşməklə sanki `yuxarı dairələr`ə raport vermək istəyirlər ki, `tapşırığınızı uğurla yerinə yetirdik`. Tələsmək lazım deyil, biz bu ilimizi uduza bilərik, amma işimizi elə qurmalıyıq ki, gələcəyimizi uduzmayaq. Azərbaycan futbolunun təməl prinsipi bu gün belə olmalıdır. Ölkə rəhbərliyi səviyyəsində futbola çox böyük maraq var deyə, bütün klublarımız istəyirlər ki, tez müddətdə nəsə etsinlər. Bu gün `Qarabağ` da daxil olmaqla, bütün komandalarımızın bir məqsədi var: Avropa yarışlarında qrup mərhələsinə düşmək. Elə bilirik ki, qrup mərhələsinə adladıqsa, vəssalam, deməli, futbolumuz inkişaf edib. Bax, elə buna görə də uduzuruq. Yaxud, milli komanda ötən seçmə mərhələdə 5 xal toplayıbsa, indi gözləyirik 10 xal toplasın ki, futbolumuzun inkişaf etdiyini deyək. Həmişə demişəm, biz bu günümüzü uduza bilərik, amma sabahımızı uduzmayaq. Bu gün 5 yox, 3 xal toplayaq, eybi yox, amma gələcək üçün bünövrə, şərait quraq ki, indiki uşaq 5 ildən sonra kələ-kötür meydançada oynamasın, məşq etmək üçün saatlarla yol getməsin və s. Bir daha deyirəm, biz bu günümüzü operativ düşünə-düşünə  sabahımızı itiririk...

- Sözünüzü kəsirəm, həmin gəlmələrin bəziləri Azərbaycandan gedəndən sonra da barəmizdə hədyanlar danışırlar, qumarbaz Petrejela...
- Rayonlarda uşaq futbolu ilə məşğul olan məşqçilərin maddi marağını artırmaq lazımdır ki, bu sahənin özündə ciddi və peşəkar dönüş yaransın. Xarici məşqçilərə yalnız o zaman ehtiyac duyular ki, əlimizdə hazır stadionlar, bazalar, yaxşı futbolçu `materialı` var və biz çox iddialı nəticəyə nail olmağa mənəvi haqq qazanmışıq, amma yerli məşqçilərin  buna hazırlıq səviyyəsi çatmır. Buyursunlar, gəlsinlər, biz də əlimizdən gələn köməyi əsirgəməyəcəyik, təki futbolumuz qələbə qazansın. Deyirlər ki, Qurban baş məşqçi gətiriləndən sonra `Qarabağ` Avropa oyunlarında yaxşı oynayır, milli çempionata başlayan kimi komandada eniş dövrü başlayır. Haqlı fikirdir. Deyim niyə. Biz avrokuboklara hazırlaşmaq üçün Türkiyəyə 20 günlük təlim-məşq toplanışına gedirik. Qaldığımız otelin ətrafında bir neçə yaşıl ot örtüklü meydança olur. Hamısı da xalça kimi. Qidalanma super səviyyədə. Oteldə idmançı üçün lazım olan hər şey var - trenajor zalı, tennis kortu, basketbol meydançası, basseyn... İstirahət üçün də həmçinin, başqa yerə getməyə ehtiyac yoxdur. Futbolçuya istədiyimi verirəm, ondan da istədiyimi ala bilirəm. O da baxır ki, rəhbərlik onun üçün hər şərait yaradıb, məsuliyyəti daha da artır, məşqlərdə, oyunlarda canını qoyur. Bu cür hazırlıq prosesinin nəticəsi olaraq avrokuboklarda gözəgəlimli oyun nümayiş etdiririk, nəticə qazanırıq, amma elə ki, iştirakımızı başa vurub milli çempionata başlayırıq, komandada eniş gedir. Çünki o cür əla şəraitdən, dümdüz meydançadan sonra kələ-kötür sahədə oynamağa, orda-burda məşq etməyə məcbur oluruq. 25-30 minlik əsl azarkeşi haradan yığacaqdıq? `Visla` ilə oyunumuzu izləməyə 25 mindən çox azarkeş gəlmişdi. Dörd gün sonra `Neftçi` ilə keçirilən prinsipial oyunumuzda isə 300-500 adam var idi. Əksəriyyəti də uşaq. Bütün bunlar kompleks halda futbol mədəniyyətidir. Biri digərini tamamlayaraq inkişafa çəkir. Əcnəbi oyunçu da gəlib bu şəraitdə oynayır, bir ildən sonra da özünün babat ustalıq səviyyəsi aşağı düşür. Meydançalarımız bərbad gündədir. Süni örtüklü meydanda oynamaq təhlükəlidir, idmançı hər an zədələnə bilər. Belə şəraitdə hansı inkişafa ümid etmək olar? Ancaq mən AFFA-ya güvənirəm, inanıram ki, onun futbol infrastrukturları barədəki planları reallaşacaq və qələbələrimizin  sayı  artacaq.

- Sizcə, `Qarabağ` futbol klubunun özünəməxsusluğunun əsas səbəbi nədədir?
 - `Qarabag`da işə başlayanda hardasa bəxtim də gətirdi, klubsuz qalan normal yerli futbolçuları kluba yığdım. Belə baxanda, hamısı milli komandalarımızın üzvləri idi – bəzisi U-21-in, bəzisi U-17-nin, bəzisi də əsas yığmanın şərəfini qoruyurdu. Üstəlik, yığmanın daha bir üzü Rəşad Sadıqovu gətirdik. Çünki sözün əsl mənasında peşəkar deyə biləcəyimiz azərbaycanlı oyunçu çox az olduğu bir zamanda, o, tipik peşəkar azərbaycanlı futbolçudur. Bax beləcə `küsdürülmüş` yerli uşaqlardan ibarət komanda komplektləşdirib işləməyə başladıq. Mənim prinsipimi də bilirsiniz, yəni bu günü olar, amma gələcəyimizi uduzmayaq. `Qarabag` zədələr ucbatından arada uğursuzluq zolağına düşmüşdü, qulağım nələr eşitmədi... Hamısına təşəkkür edirəm, amma bizim öz fikrimiz özümüzə bəs edir. Nə isə... Bu gün futbolçularımızın bir çoxu əsl peşəkarlığın nə olduğunu dərindən dərk edə bilmirlər. Azərbaycan səviyyəsində kifayət qədər ciddi məbləğdə pul qazanırlar, evləri, bahalı maşınları var, amma hələ də böyük, ciddi dünya futboluna qatılmaq barədə ancaq romantik xəyallara qapılırlar, öz üzərlərində çalışmırlar. Bəzən onları danlayıram, deyirəm ki, əsl peşəkar sutkada 24 saat futbola həsr olunmalıdır: yeməyi, istirahəti, yuxusu, mütaliəsi, məşqi... – hər şeyi futbola xidmət etməlidir ki, ona peşəkar deməyə adamın dili gəlsin. Ona görə də, tam səmimi deyirəm, futbolumuzda bu qədər iri məbləğli pulun `oynaması` da yaxşı hal deyil, bir çoxlarımız pul qarşısında zəifləyirik, məhz ustalıq səviyyəmizi artırıb daha çox qazanmaq barədə düşünmürük.


- Çıxış yolunu nədə görürsünüz, nə etmək lazımdır?
- Peşəkar futbolçu məşq bitəndən, baş məşqçinin nəzarətdən çıxandan sonra da peşəkar olduğunu unutmamalıdır... Digər tərəfdən, yenə dediyim sözün üstünə qayıdıram: bazamız Qara Qarayev metrosunun yaxınlığındadır. Məşq üçün Suraxanıya gedirik. Aradakı məsafəni qət etmək üçün ən azı 40 dəqiqə vaxt lazımdır. Saatyarım məşq edib yenidən bazaya qayıdırıq. Yəni məşq etdiyimiz qədər vaxtı yolda keçiririk. Məşqlər gündə iki dəfə olanda isə yollarda 3 saat itiririk. Bu bizim üçün böyük problemdir... Prinsipiallıq idmanda hər zaman olub. Götürək `Xəzər-Lənkəran`la `Neftçi`nin oyunlarını və s. Yadımdadır, hələ mənim uşaq  vaxtlarımda Qaxla Zaqatalanın futbol komandaları qarşılaşanda meydanda futbolçular, kənarda isə azarkeşlər arasında `qırğın` olardu. Prinsipiallığın olması, hardasa, yaxşıdır, çünki idmançıya əlavə güc verir. Prinsipial oyunlarda qalib gəlmək – yaşamaq eşqidir. Heç vaxt unutmayacağam, inişil `play off` mərhələsinə keçəndə möhtərəm Prezidentimiz İlham Əliyev zəng edib komandamıza uğur arzulamışdı. `Neftçi` `Birlik kuboku`nda Ermənistanın `Pünik` klubunu məğlub edəndən sonra Azərbaycanda futbola maraq birə-beş artmışdı. Bu, həmin prinsipiallığın, impulsun nəticəsidir... Kimisi torpaq götürdü ki, baza tiksin, kimisi stadion inşa etdirəcəyini vəd etdi, transferlər başladı. Amma sonra elə bil həvəsdən düşdük. Aza qane olduq. Gərək belə olmasın, prinsipiallıq davamlı olmalıdır. İndi həmin hadisədən neçə il keçib, ancaq hələ də bir dənə normal stadionumuz yoxdur. Amma o tarixi qələbə futbolumuzun ümumi inkişafına təkan verdi, əgər xatırlayırsınızsa, bir müddət əvvəl çempionluğa 2-3 iddialı komandamız vardı və əsas mübarizə onların arasında gedirdi. Zəif komandalarla oyunları rahatca udurduq. Hazırda isə rəqabət bir qədər artıb. Dörd klubumuz Avropa oyunlarına vəsiqə qazanır. Çempionatımızın səviyyəsində artım var, amma biz bir addım irəli gediriksə, avropalılar beş addım atırlar. Üstəlik, onlarda işlər bizdəkindən daha peşəkar səviyyədə qurulub. Bir daha təkrar edirəm, klublarımızın bazaları olmasa, inkişaf çox zəif sürətlə gedəcək. `2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı`mız var. İşlərimizi həmin proqram əsasında peşəkar səviyyədə qurmalıyıq ki, 5 ildən sonra ortaya sözün əsl mənasında ciddi, davamlı uğur seriyası qoya bilək.

- Azərbaycanda yaxşı hücumçu və qapıçı hazırlamaq ənənəsi olub. Vaxtı ilə `Neftçi`nin hücumçuları və qapıçıları SSRİ-də məşhur idilər. İndi bu ənənə də sanki yoxa çıxıb. Yaradıcı yarımmüdafiəçi isə, ümumiyyətlə, yoxdur.  Klubunuzda ayrı-ayrı xəttlər üzrə futbolçu hazırlığı aparılırmı?..
- Klubumuz `komanda` siyasəti aparır. Hər xətdə güclü futbolçu ilə təmsil olunmaq onun əsas məqsədidir. Bundan başqa, komandada selleksiyaçı-məşqçi fəaliyyət göstərir, legioner futbolçu dəvət etmək variantı var və s. Həmin məsələ hazırda başqa formada həll edilir. Amma uşaq futbol məktəblərində çalışanların uşağın istedadına uyğun hazırlıq işləri aparmaları yaxşı olar.

- AFFA-nın gördüyü işlər göz qabağındadır. Ölkə futbolunun gələcəyinə həm peşəkarlar, həm də adi futbol həvəskarları ümidlə baxırlar. Beynəlxalq futbol təşkilatları da AFFA-nın işini bəyənir. Söhbətimizdə Siz də razılıq etdiniz. Əlavə nə deyərdiniz?
- Uşaq futboluna indi-indi diqqət yetirməyə başlamışıq. Azərbaycanda kifayət qədər istedadlı yeniyetmələr var, uşaq komandalarımızın məşqçiləri rayon-rayon gəzib onları üzə çıxarırlar. Əvvəllər 20 yeniyetmə arasından seçim edilirdisə, indi 200 yeniyetmənin ən yaxşılarını seçmək imkanımız var. Mən futbola 14 yaşımda gəlmişəm. Oğlum isə futbolla 6 yaşından məşğul olur. Hər gün maraqlanıram ki, sənə bu gün  nə öyrətdilər. Görürəm ki, indidən `divar ötürmələri`, `boş zona seçmək`, `cinahdan hücuma keçmək`, `müdafiəyə qayıtmaq`, `uzaq və yaxın məsafələrə ötürmələr`, `topa ayağın hansı hissəsiylə vurmaq` və s. kimi ilkin anlayışları yaxşı öyrədirlər. Amma bununla iş bitmir. Futbolçunu 15 yaşına qədər hazırlamaq asandır. Böyük komandaya gələndə onu hansı meydançaya buraxacağıq? MOİK-in stadionuna, yoxsa Quzanlıdakı meydançaya? Digər tərəfdən, gənc futbolçu usta komandaya gələndə artıq texniki cəhətdən savadlı olmalıdır ki, peşəkar məşqçi ancaq onun taktiki hazırlığına əsas diqqət yetirsin. Kiçik yaş qruplarında çalışan məşqçiləri bu yöndə maraqlı olmalıdırlar. `Qarabağ`a bugünlərdə 17 yaşında bir oyunçu gətirmişdilər. Çox bəyəndim, hətta yaxın vaxtlarda əsas komanda ilə məşq etməsinə şərait yaratmaq fikrim var. İstedad bizdə həmişə olub, amma təəssüf, hələ ki futbol savadı sarıdan korluq çəkirik. Əvvəllər klublarda İdman Akademiyasının məzunları işləyirdilər. Hər oyundan sonra futbolçuların 90 dəqiqə ərzində neçə ötürmə verdiyi, bunlardan neçəsinin dəqiq olduğu, qapıya neçə zərbə vurduğu və bunlardan neçəsinin qapı çərçivəsinə, neçəsinin kənara getdiyi və sair kimi analitik işlər aparılırdı, matçın bütün komponentləri komandanın iclasında açıqlanırdı. İndi belə kadrlarımız da yoxdur. Avropada bunu artıq proqramlaşdırıblar. Oyunun videosu həmin proqrama yüklənir və proqram futbolçuları bir-bir analiz edir. Təəssüf ki, bu proqram hələ bizdə yoxdur. Hansısa vacib oyunun analizi lazım olanda onun videoyazını göndəririk Türkiyəyə, orada  analiz edib cavabını göndərirlər.

- Belə çıxır ki, futbolun inkişafı üçün pul ayrılır, ancaq ondan kompleks formatda istifadə olunmur?
- Bəlkə də düşünəcəksiniz ki, Qurban dediyindən dönmür, amma bizə o proqramdan əvvəl meydançalar, bazalar lazımdır. Yaxşı meydança - mən təbii örtüklü futbol meydançası nəzərdə tuturam – yaxşı futbol deməkdir. Yaxşı futbol isə stadiona azarkeş gətirir. Bakıda birtəhər oynayırıq, rayonlarda vəziyyət daha pisdir. Yağış yağan kimi bataqlığa oxşayan, kələ-kötür meydançaya çıxan oyunçunun futbol oynamağa həvəsi olarmı? Hərdən adama elə gəlir ki, nə isə edirik, iş görürük, amma istədiyimiz nəticə yoxdur. Son illər uşaq futbolunun səviyyəsini qaldırmaq üçün xeyli iş görülür. Amma gənc istedadlar az-az üzə çıxır. Paralel olaraq çempionatımızın səviyyəsini yüksəltməliyik. `Borussiya`ya həm də ona görə məğlub olduq ki, onlar il ərzində 50-60 yüksək səviyyəli oyun keçirirlər. Biz Azərbaycan çempionatında kimə qarşı oynayırıq? İl ərzində 25-30 oyunumuz olur ki, onların bəzisini lider komandalar, heç kimin xətrinə dəyməsin, `gəzə-gəzə` udurlar. Ölkəmizə hörmətli milli futbol yığmalarını dəvət etməliyik, onları maraqlandırmalıyıq ki, Bakıya gəlsinlər. İspaniyanı ölkəyə gətirdilər, sağ olunsunlar, məhz bu cür yollarla futbolumuzu inkişaf etdirə bilərik.
- Siz ölkəmizin perspektivli futbol məşqçisi hesab olunursunuz. Müasir tutbolla ayaqlaşmaq üçün nə etmək lazımdır? Məşqçi Qurban Qurbanov bu gün daha çox nə haqda düşünür? Xaricdə, yaxşı futbol infrastrukturu olan bir klubda  işləmək istərdiniz?
- Müasir futbol getdikcə baxımlı olmağa başlayıb, oyunlarda daha çox qol vurulur, sürət artıb. Əvvəllər istedadlı oyunçular barmaqla sayılırdısa, indi daha çoxdur. Oyun sistemi tam başqadır. Bugünkü futbol əvvəlkindən həm də çətinliyinə görə fərqlənir.
Məşqçiliyə başlayanda elə bilirdim ki, hər şeyi bilirəm – Rusiyada oynamışdım, öz məşqçilərimdən müəyyən şeylər `götürmüşdüm`. Amma işləməyə başlayanda gördüm ki, sən demə, heç nə bilmirəmmiş. İndi özüm də hiss edirəm ki, oyundan-oyuna, məşqdən-məşqə yeni şeylər öyrənirəm, yaxud yeni ideyalar verirəm. Azərbaycanda `zonada oyun`a mən `Neftçi`yə gələndən sonra – 2006-cı ildə başladıq. Bütün dünya isə hələ 10 il əvvəldən bu cür oynayırdı, uğur qazanırdı. Vaxtım çatmır, məsələn, mundiala getmək istərdim, imkan olmadı, Avropa derbilərinə stadiondan baxmaq, onları real məkanda görüb analiz etmək istərdim, TV  məşqçi rakursunda incəlikləri ötürür... nə  isə...  Mən bu gün pul qazanmaq yox, təcrübə toplamaq, peşəm üzrə savadımı artırmaq haqda düşünürəm. Qarşıma məqsəd qoymuşam ki, ilk növbədə futbol savadımı artırım. Elə futbolçu var ki, futbolu baş məşqçidən yaxşı bilir. Əgər baş məşqçi ona düzgün irad tutduğunu sübut edə bilmirsə, komandada hörmətdən düşər... Hələ ki ölkə xaricində işləmək haqda düşünmürəm. Daha çox, öz ölkəmdə çalışmaq barədə fikirləşirəm. Həm də gərək özümü ilk növbədə burada sübut edim ki, xaricdə işləmək variantı ortaya çıxsın.
- Futbolumuzun ən böyük problemlərindən biri də azarkeşlərimizin milli çempionat oyunlarında stadionlara gəlməmələridir. Yalnız beynəlxalq oyunlarda canlanma hiss edilir. Təbii ki, stadiona belə uzun fasilələrlə gələn şəxs necə azarkeşlik etmək lazım olduğunu da bilmir...
- Elədir ki, var. Diqqət etdinizsə, bu il ilk oyunumuzda azarkeşlərin dəstəyi pərakəndə idi. Yəni biri şüarı tez deyirdi, o biri gecikirdi, hardasa ruhlandırıcı sözlər deməyə sanki utanırdı və s. İstədiyim odur ki, çempionat oyunlarına 10-15 min azarkeş gəlsin. Mütəmadilik olsa, milli şüarların sayı da çox olacaq, bir-birini yaxşı başa düşəcək, bir növ təcrübəli fanata çevriləcəklər. `Udanda – dost, uduzanda – düşmən` olmayacaqlar, yerli-yersiz `istefa` qışmayacaqlar.  Azərbaycanlı kimi bir-birimizi sevməli, hörmət etməli, dəstəkləməliyik. Təəssüf ki, bəzən nədənsə birimizin uğurunu qısqanırıq. Nəyə görə Azərbaycanın adını uca tutan, vicdanla işləyən, öz peşəsini sevən məşqçini, ondan asılı olmayan bircə uğursuzluğa görə istefaya səsləməliyik? İndi uduzulursa, sabah qalib gəlinəcək. Amma bir şeyi yaddan çıxarmamalıyıq ki, biz bu gün almanlarla, ingilislərlə, italyanlarla... ayaqlaşacaq səviyyədə deyilik... Bir neçə il əvvəl `Qarabağ`da işləməyə başlayanda 2-3 oyun uduzduq, başladılar istefaya səsləməyə. Sonra toparlandıq, ölkə kubokunu qazandıq, Avropada çıxış etdik, həmin `istefa, istefa` qışqıranlar `Qurban, Qurban` deməyə başladılar. Avroliqada çıxışımızı başa vurandan sonra ölkə çempionatında bir oyun məğlub olan kimi yenə `istefa` şüarları səsləndirməyə başladılar. Eləcə də mən olmayım, başqası olsun. Ağasəlim Mircavadov olsun... Fanklublar baş məşqçidən narazılıqlarını klub rəhbərləriylə görüşüb çatdıra və məsələni həll edə bilərlərsə, niyə bir azərbaycanlını – məni əcnəbi məşqçinin, yaxud komandamdakı legioner futbolçunun gözləri qarşısında istefaya səsləməlidirlər, ruhdan salmalıdırlar? Həmin əcnəbilər də düşünürlər ki, azərbaycanlılar bir-birinə hörmət etmirlər, dəstəkləmirlər. Bu, ilk baxışdan xırda məsələ kimi görünə bilər, amma geniş miqyasda baxsaq, çox ciddi xüsusiyyətdir. Biz bir-birimizi sevsək, hörmət etsək, dəstəkləsək, kənardan gələnlər də deyəcəklər ki, gör azərbaycanlılar necə böyük millətdirlər.
Söhbətimizin axırında bir məsələyə də toxunmaq istədik. Amma hiss etdim ki, gecə yarıdır, o tezdən durub məşqə getməlidir. Ona görə də `sual-cavab`ı özündə olan bir lətifə danşmaq qərarına gəldim. Maraqlı görkəmlə etiraz etmədi. Diqqət kəsildi...

       Günlərin bir günü Cənnətdəki futbolçular öz aralarında futbol oynamaqdan təngə gəlib, Allahdan xahiş edirlər ki, Cəhənnəmdəkilərlə onların yarışını təşkil etsin. Allah İblisi yanına çağırıb  şoruşur:
-De görüm, Cəhənəmdə də futbol oynayırlar?
İblis cəld cavab verir :
-Bəli.
 Allah:
-Hazırlaş, mənimkilərlə səninkilər arasında futbol üzrə  `Əbədiyyət birinciliyi` keçirəcəyik.
İblisin halı pozulur:
-Mümkün deyil, - deyə cavab verir.
Allah xeyli təəccüblənir:
-Niyə?
İblis:
-Mənimkilərin hamısı hakimdir, futbolçu deyillər!

Gülüşərək bir-birimizə uğurlar arzuladıq. O, dünyada işğal olunmuş şəhəri təmsil edən yeganə komandanın baş məşqçisidir. Arzuları geniş, məqsədi saf azərbaycanlıdır. `Qarabağ bizimdir, bizim olacaq` onun komandasının devizidir!
Elçin  Vələdoğlu
`Cəmiyyət və din` qəzeti