Qarabağ TV
TPL
UEL
Qurban Qurbanovun son ili

Sənan Abdullayev

İndi gündəm Makedoniya ilə oyundu. AFFA-dakı qırmızıüzlülər yenə yaxşı mübarizədən danışacaq, millinin gələcəyinin ümidli olması kimi ucuz variantlar və s. deyiləcək.
Amma Foqts haqda yazmaqdan iyrəndiyimdən və kim olursa-olsun, lap Braziliya ilə Argentina da oynasa da yoldaşlıq oyunlarından həzz almadığım üçün digər mövzuya müraciət etdim.
Bu mövzu isə 3 ildi gündəmdi. Qurban Qurbanov, Avrokubok, Foqtsun narazı qaldığı `Qarabağ`ın futbolçularının hamısını hər dəfə milliyə çağırması... Artıq bu gündəmdə də yenilik var.
`Qarabağ` çempion olmaq istəyir...
Azərbaycanda yerli məşqçilər arasında son 3 ilədək 1 marka var idi: Ağasəlim Mircavadov. Mircavadov hara getsə, çempion olduğundan daxili bazarın ən keyfiyyətli məhsulu idi. Amma bu məhsul xarici bazara çıxanda ayaqlar altına atılır, zibillikləri doldururdu. Böyükağa Hacıyev, Ramiz Məmmədov, Kazbek Tuayev, Mehman Allahverdiyev və hətta Yunis Hüseynov da kim nə deyir-desin mənim üçün ikinci sort məşqçilərdi.
Qurban Qurbanov `Neftçi`də işlədiyi vaxtda və `Qarabağ`a gəldiyi ilk ilində onlardan biri idi. Çünki `neftçi`li Qurbanovun futbolçuları meydanda `mən öl, sən öl`lə oynatdığı, dolayısı ilə dostluq minnətli olduğu, `Qarabağ`ın ilk ilindəki Qurbanova isə Ramin Musayevin day-daylıq etdiyi, dolayısı ilə Musayev minnətli olduğu deyilirdi.
Amma Qurbanov bunlardan qurtulmağı bacardı. İndi kimsə Musayevi xatırlamır. Xatırlanan, tənqid olunan, onu etdi, bunu etdi deyilən tək Qurbanovdu.
Deməli, Qurbanov artıq bir markadı. Qurban bəy buna Ağasəlim sayağı deyil, öz gücünə nail olub. Avropada nə Ramin Musayevi, nə də `sən öl`ü sayan var.
Qurbanov marka olmasaydı, başqalarının avrokubokda bir tur keçə bilməməsi az qala normal qəbul olunduğu halda, `Qarabağ`ın 3-cü turda dayanmasına görə atəşə tutulmazdı. Ağdamlıların bu zəif rəqibləri iki ildi öz gücünə haqq etməsi də ikinci plana keçib.
Doğrudu, Qurbanov ən azı futbolçuları qədər bu uğursuzluqda günahkardı. Amma onun başını uca edən bəzi futbolçuları kimi bizi borclu çıxarmaması və tənqidlərə təmkinlə cavab verməsidi.
`Qarabağ` çempion olmaq istəyir...
Ağdam klubunun rəhbərliyinin builki çempionluq açıqlaması ciddiliyə daha yaxın təsir bağışlayır. Çünki ölkədaxili mübarizə üçün əla heyət, çempionluq olacağı təqdirdə Avropada böyük şanslar və bunun üçün lazımi dəstək də var. Bu, Qurban Qurbanovun `Qarabağ`da son ilidi. Çempion olmaq üçün burada bu şans başqa zaman düşməyəcək. Ağızlarını açanda mən Azərbaycan çempionu olmuşam deyən Mircavadov, Hacıyev, Allahverdiyevləri yerinə oturtmaq üçün son şans.
`Qarabağ` çempion olmaq istəyir...
Deməli, təbii olaraq Qurban Qurbanov da bunu arzulayır. Heç bir zaman olmadığı kimi. Qurban bəyin bundan sonrakı gedişi böyük ehtimal millidi. Yığmaya gedişin istənilən məşqçi üçün qürur olduğu qədər də sonun başlanğıcı olduğu sirr deyil. Bu sona çempion kimi girilməsə qayıdış ağır və qeyri-mümkün olacaq.
`Qarabağ`ı komanda kimi yüksəyə qaldıran məqamlardan ən öndə bir-birinə hörmət durur. Böyük kiçik məsələsində futbolçular Sadıqov və Qurbanova göstərdiyinin eynini təcrübəlilər Qurban bəyə göstərir. Rəşadın baş məşqçi ilə uzun illərə bağlanan dostluğu onun yolunda var gücü ilə oynamağa və oynatmağa məcbur edir. Amma bu güc təbii olaraq tükənmək üzrədir. Son cəhd indi edilməsə bundan sonra olmayacaq. Hər şey bu ildədi.
Bu Qurban Qurbanovun son ilidi.