Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: `Biz Qurban Qurbanovdan çempionluq gözləyirik`

- `Qarabağ` hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komandanızın çempionatın birinci təsnifat mərhələsindəki çıxışına necə qiymət verərdiniz?
- Mən komandamdan çempionluq gözləyirəm. Qabaqcadan nəyisə dəqiq söyləmək olmur.  Düzdü, mən də istəyirəm ki, `Qarabağ` turnir cədvəlinin birinci, ya ikinci sırasında qərarlaşsın. Komandanın, futbolçuların üzərinə çox getmək də istəmirəm. Biz Qurban Qurbanova dəfələrlə bildirmişik ki, biz səni dəstəkləyirik. Komandanın uğurları naminə bizdən nə istəsən onu etməyə hazırıq və bunu edirik də. Biz də rəhbərlik olaraq, ondan `Qarabağ`a çempion adını qazandırmasını və əvvəlki illərdə olduğu kimi, Avropada uğurlu çıxış gözləyirik.
- Sözlərinizdən belə başa düşmək olar ki, əgər komanda çempion olmasa bu, uğursuzluq hesab olunacaq?
- İlk növbədə hədəfimiz əlbəttə ki, çempionluqdur. Lakn ən pis halda sonda `Qarabağ` turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmalıdır. Çünki `Qarabağ` mən deyərdim ki, mövcud olduğu dövürünün ən pik nöqtəsini yaşayır.
- Hədəfinizə yetişmək üçün komandaya yeni transferlərin olması da zəruridir. Bu mənada, qış transfer pəncərəsində komandanın heyətini gücləndirmək üçün yeni futbolçular alınacaq?
- Mən klubumda legionerlərin çoxluq olmasını istəmirəm. Çünki məqsədimiz yerli istedadlı futbolçuları yetişdirərək, futbolumuza xeyir verməkdir. Ona görə də əminliklə deyə blərəm ki, komandaya əcnəbi oyunçuların gətirilməsi istiqamətində hələ planımız yoxdur.
- Son zamanlar Qurban Qurbanovun adı milli komandanın baş məşqçi vəzifəsinə namizədlər sırasında çəkilir. Bu mənada, `Qarabağ` klubla müqaviləsi başa çatmaqda olan Qurban Qurbanovla müqavilənin müddətini uzatmaq barərə qərar vermisiniz?
- Sizə bildirim ki, biz artıq Qurban müəllimlə yeni müqaviləyə imza atmışıq. Müqavilənin şərtlərinə görə, Qurban Qurbanov 2013-cü ilin sonuna kimi `Qarabağ`ın baş məşqçsi vəzifəsində çalışacaq. O, nəinki istedadlı  və bacarıqlı məşqçi, həm də  xüsusi kefiyyətlərə malik olan gözəl bir insandır. Bütün bu amillərə görə biz onunla yeni müqavilə imzaladıq.
- `Qarabağ`ın Quzanlıdakı oyunlarında azarkeş çox gəldiyindən əlavə tribunanın tikilməsinə ehtiyac yaranıb. Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətilə birgə hansısa işlər görmək fikriniz varmı?
- Gözəl və sevindrici haldır ki, `Qarabağ` azarkeşlər tərəfindən ən çox sevilən komandalar sırasındadır və xeyli azarkeş kütləsinə malikdir. Quzanlı stadionunda oturacaqların artırılması ilə bağlı federasiya rəhbərliyi ilə danışığımız olub. Yəqin ki, bu məsələ müsbət həllini tapacaq.

qol.az