QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ": müharibəyə qalib gələn qəhrəmanlar – Növbəti “Spurs”?

“Tottenhem”in qrup mərhələsindəki rəqibinin çətin və istirablarla dolu keçmişi onlara meydanda güc və motivasiya verir (Maykl Yokin yazır…).

Onlar kimdir?

 Qarabağdan danışarkən onların özünəməxsus və kədərli keçmişlərini qeyd etməmək mümkün deyil. "Qarabağ"ın əsası Qarabağda, zəngin  tarixə malik Ağdam şəhərində qoyulub . Sovet dönəmində Azərbaycan çempionatında oynayırdı. İmperiyanın dağılmasından sonra onlar 1993-cü ildə Azərbaycan çempionu oldular, ancaq eyni zamanda bölgədə dəhşətli etnik münaqişə də baş verdi. Erməni qoşunları Ağdamı işğal edir, stadion da daxil olmaqla bütün şəhəri dağıdır, müharibə cinayətləri törədir. Yerli azərbaycanlı əhali məcburiyyət qarşısında qalaraq ölkənin digər bölgələrinə köç etməli olur. Ağdam hazırda dünyanın ən böyük xarabalığı və kabus şəhəridir və hələ də orada heç kim yaşamır. Komanda Bakıda oynadığı müddətdə də öz adını saxlayır, onlar hələ də Qarabağ bölgəsini təmsil edirlər və 20 ildən sonra belə bir gün geriyə qayıdacaqlarının şövqü ilə yaşayırlar.  Meydandakı uğurları, xüsusilə 2014 və 2015-də Azərbaycan çempionu olmaları və Avropada fenomenal uğurlar qazanmaları onlar üçün böyük qürur mənbəyidir. Oyunçular və tərəfdarlar Avropa klubları ilə qarşılaşarkən bir savaş abu-havasına köklənirlər, sanki onlar öz vətənləri uğrunda döyüşürlər.  Bu, xüsusilə yarımmüdafiəçi Qara Qarayev üçün keçərlidir. O, 1992-ci ildə Füzuli şəhərində doğulub və onun ailəsi də müharibə səbəbindən öz yurdlarını tərk etmək məcburiyyətində qalıb. "Qarabağ"ın uğurları, millinin keçmiş hücumçusu Qurban Qurbanovun məşqçi postuna keçməsindən sonra başlayıb. O,  millidə 67 oyun keçirib və Azərbaycanda taktiki dahi olaraq qəbul olunur. Onun sadəcə 43 yaşı var, ancaq 2008-ci ildən bəri "Qarabağ"ın baş məşqçisidir.  2009-da "Rusenburq" və 2010-da "Visla" Krakovu məğlub etdikdən sonra onlar, “Tvente”ni rəqib meydanında vurduqları bir qolla məğlub edərək nəhayət ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bildilər. “Sent Etyen”lə iki dəfə heç-heçə etməklə, “Dnepr”i Ukraynada məğlub etməklə mətbuatın diqqətini öz üzərinə çəkməyi bacardılar. Son oyunda onlar İtaliya "İnter"i ilə qarşılaşdılar. Matçdan öncə bilirdilər ki, qalib gəlməklə 1/16 finala çıxaracaqlar. Ancaq tamamilə haqlı olan qol sayılmadı və sirli şəkildə qrup mərhələsində qaldılar. 0-0 hesabı “Dnepr”ə növbəti mərhələyə keçməyə imkan verdi və onları “azərilər”in yerini tutdular. Daha sonra ukraynalılar finala qədər irəlilədi. Bu mövsüm Qurbanovun ordusu ÇL-ə çıxmaq xəyalları qururdu, ancaq onlar “Seltik”ə cəmi bir topla məğlub oldular, daha sonra “Yanq Boyz”u iki oyunda 4-0 məğlub edərək sübut etdilər. Bununla da "Qarabağ" keçən mövsümdəki uğurlarının heç də təsadüfi olmadığını sübuta yetirdi. "Qarabağ" Avropa standartlarına uyğun komandadır və onlar misilsiz təcrübə sahibdir.  Bu mövsüm püşkün nəticələri onlarçün heç də uğurlu olmadı -  “Monako”, “Anderlext” və “Tottenhem”lə eyni qrupa düşüblər və bu qrup onlar üçün çox çətindir. Ancaq "Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil, onlar istənilən rəqibə çox ciddi başağrısı ola biləcək bir komandadır.

 Güclü tərəflər

 Siyasi keçmiş "Qarabağ"a xüsusi motivasiya verir, onlar keçmişdə baş verən səbəblərdən ötrü döyüşürlər və bütün Qarabağ bölgəsinin gücünü öz arxalarında hiss edirlər. Hətta legioner oyunçular belə anlayır ki, Avropadakı hər oyunun xüsusi əhəmiyyəti var. Azərbaycan çempionunun etibarlı müdafiə xətti var. 33 yaşlı kapitan Rəşad Sadıqov müdafiə xəttinin lideridir, o, indiyə qədər yüzlərlə oyunda forma geyinib,  çox böyük təcrübəyə malikdi. O, həmin mövqedə gənc, sürətli Bədavi Hüseynova da kömək edir.  "Qarabağ" Avropa Liqasının 6 oyununda cəmi 5 qol buraxıb, daha önəmlisi isə odur ki, onlar bu yay  “Rudar”, “Seltik” və “Yanq Boyz”la keçirdikləri 6 oyunda cəmi bir qol buraxıblar.

Zəif tərəflər

Qol vəziyyətlərindən yararlanma  komandanın ən zəyif cəhətidir. Statistika fərqli ola bilər, ancaq "Qarabağ", əsasən hücum futbolu oynamağa çalışır - hətta güclü rəqiblərlə qarşılaşmalarda belə.  “İnter”ə qarşı oyunda onlar çoxlu qol vəziyyətləri yaratsalar da,  heç birini reallaşdıra bilmədilər. Başqa bir problem isə komandanın sürətinin aşağı olmasıdır, xüsusilə mərkəz xəttində. Onların bu zəyifliyi Son Hyunq Min üçün üstünlük ola bilər.

Taktika

 Qurbanov Pep Quardiolanın çoxdankı azarkeşidir və 2012-ci ildə o, "Barselona"ya səyahət edərək öz idealından öyrənmək şansı qazanıb.  "Qarabağ" bəzən “Qafqazın Barselona”sı olaraq da tanınır. Onların oyun tərzi çox cəlbedicidir. Qısa ötürmələrlər, səbirli oyun, topla ağıllı rəftar.. Və nə vaxt ki, sürətli oyun lazım olur, onda "Qarabağ"ın qanad oyunçuları -  Reynaldo və Əfran İsmayılov işə düşür. Yarımmüdafiəçiləri mərkəz müdafiəyəyə yaxın oynamaqla Qarabağ 4-5-1 düzülüşündə keçir və oyunun gedişində düzülüş 4-3-3 olaraq də dəyişə bilir.

Əsas oyunçular 

 Bəzi fanatlar tərəfindən “Azəri Ronaldo” ləqəbi verilmiş Reynaldo həm qanad oyunçusu, həm də hücumçu olaraq oynaya bilir və komandanın ən texnikalı üzvüdür. O, 18 yaşında “Anderlext”lə müqavilə imzalayıb, “Cercle Brügge” və “Vesterlo”da icarədə oynayıb. Ancaq Belçikada öz potensialını göstərə bilməyib. Braziliyalı 2013-cü ildən "Qarabağ"a qoşulduqdan bəri Qurbanov onun potensialından tamamilə yararlana bilir. 26 yaşlı futbolçu çıxdığı 97 oyunda 49 qol vurmağı bacarıb. O, yaradıcı, sürətli və böyük driblinq bacarığı olan futbolçudur.

Populyar tərəfləri

"Qarabağ" avrokuboklardakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir. Tofiq Bəhrəmov yan xətt hakimi olub və Azərbaycan futbol simaları arasında ən məşhurudur. O, 1966-cı ildə DÇ-də Cof Hörstün mübahisəli qolunu qeydə almışdı. Referi 1993-cü ildə dünyasını dəyişsə də, onun adı hələ də yaşayır.

Klub əfsanələri

 Bir çox fanat Sadıqovu klubun canlı əfsanəsi olaraq qəbul edir , ancaq çox güman ki, bu, mübaliğədir. Bu şərəf Allahverdi Bağırova aid olmalıdır. Dağlıq Qarabağ münaqişəsi başlamadan öncə o klubun baş məşqçisi idi. Müharibə vaxtı Bağırov öz batalyonunu yaradır və onlarla insanın həyatını xilas edir. Bağırov maşını ilə 1992-ci ildə tank əleyhinə minaya düşərək vəfat edir və ölümündən sonra Azərbaycanın milli qəhramanı adını alır. Əgər nə vaxtsa "Qarabağ" öz doğma şəhərinə qayıtsa, çox güman ki, orada tikiləcək yeni stadion Allahverdi Bağırovun adını daşıyacaq.

Tərcümə etdi: Saleh Mehdizadə  "FutbolPress"

 Mənbə: "For For Two" jurnalı