QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` FK haqqında yazı - I yer

Elşən Məmmədov

BÖYÜK QAYIDIŞ

27 dekabr. 2004-cü il. Səhər saat 6-dır. Rahat və müasir tipli avtobus “Gənclik” metrosu yaxınlığından Ağdama istiqamət götürür. “Qarabağ” klubuna məxsus avtobusla səfərə komandanın futbolçuları və bir qrup jurnalist çıxır. Onların arasında həmin vaxt “Şərq” qəzetində çalışan bəndəniz də var.
İlk dəfə idi ki, Ağdama yollanırdım. Böyük bir hissəsi erməni işğalı altında olan rayona. Amma o zaman bilmirdim ki, bir neçə gün sonra da zabit kimi hərbi xidmət keçmək üçün məhz Qarabağa üz tutacağam. Təkcə Ağdam yox, Tərtər və Goranboy rayonlarında müharibə ab-havasını yaxından duyacaq, Murovda düşmənlərlə üz-üzə duracağam…

Artıq Yevlaxdaydıq. Buradan bir yol Gəncə-Qazax istiqamətinə, digəri isə Bərdədən keçməklə Ağdama aparırdı. Lakin rahat və müasir tipli avtobusumuz elə Yevlaxda qalası oldu. Mühərrikində yaranan nasazlığı qısa müddətə aradan qaldırmaq mümkün olmadı. Belədə karımıza keçmiş SSRİ-nin köhnə “PAZ” avtobusu çatdı. İçərisi nə qədər narahat olsa da, içimizi rahatladan bir müsbət tərəfi vardı: Bu, hələ Ağdam işğal olunmamışdan öncə və sonra uzun müddət komandanı məşqlərə, oyunlara, səfərlərə aparıb-gətirən eyni markalı avtobusdan idi. “Qarabağ” komandası təmsil etdiyi rayona yenə “PAZ” avtobusu ilə qayıdırdı…

Amma bu qayıdış daimi yox, cəmi bir neçə saatlıq idi. Bu qayıdış çətin şəraitdə yaşayan ağdamlıları problemlərindən ayırmaq və onlara qısa müddətdə də olsa, xoş hisslər bəxş etmək, Yeni İl bayramlarını təbrik etmək məqsədi daşıyırdı. Burada nə “İmarət” stadionu vardı, nə də 10 mindən çox azarkeş. İşğaldan sonra Ağdamın inzibati mərkəzi sayılan Quzanlı kəndinin meydançasına toplaşmışdıq. Burada Quzanlı və qonşu kəndlərin 1000 nəfərədək sakini ya olardı, ya yox. Ağdamın icra başçısı Həsən Sarıyev də gəlmişdi. Əvvəlcə Quzanlı və Üçoğlan kəndlərinin uşaqlardan ibarət komandaları arasında oyun keçirildi, sonra uşaqlar “Qarabağ”ın futbolçularına qarşı oynamaq sevinci yaşadılar. Klubun vitse-prezidenti Tahir Gözel uşaqlara top, “Qarabağ”ın formaları və digər atributlarını payladı. Bununla da səfər yekunlaşdı.

Deyəsən, bu, Ağdamın böyük hissəsinin işğal altına düşdüyü 1993-cü il iyulun 23-dən sonra ötən 11 ildə “Qarabağ” komandasının təmsil etdiyi rayona ilk səfəri idi. O da bir neçə saatlıq. Əslində bundan artıq qalmağın da ciddi əhəmiyyəti yox idi. Gec idi. Bakıya doğru bizi 300 km-dək uzun yol gözləyirdi…

Həm də vaxtilə Ağdamda “Qarabağ”a aid nə infrastruktur vardısa, erməni tapdağı altına düşmüşdü. Artıq klubun himayədarı, stadionu, bazası, əksər futbolçuları və məşqçiləri də paytaxtdadır. Məhz yeni himayədarı – “Azersun” Şirkətlər Qrupunun köməyi sayəsində “Qarabağ”ın maddi problemləri həllini tapıb. Bir neçə il öncə “Qarabağ” rəhbərliyinin başlatdığı gəncləşdirmə siyasəti indi öz bəhrəsini verməkdədir. Artıq aşağı yaş qrupu üzrə komandadan əsas heyətə bir neçə oyunçu cəlb olunub. Qalanları isə əvəzedicilərin çempionatında rəqib tanımır. Elə yeni baş məşqçi Qurban Qurbanovun da transfer siyasətində yerli oyunçulara güvənməsi müsbət amildir. İlk dövrənin son turlarında “Xəzər-Lənkəran” və “Karvan” üzərində qazanılan qələbələr, eləcə də “İnter”lə heç-heçə etməsi komandada işlərin öz axarına düşməsindən xəbər verir. Həllini gözləyən məsələ isə mənəvi amillərlə bağlıdır.

Ağdamı təmsil etməsinə baxmayaraq, Bakıda məskunlaşması “Qarabağ”ı faktiki əyalət komandası statusundan çıxarıb. “Qarabağ” Ağdamda yox, məhz Bakıda qərar tutduğu üçün nəinki əcnəbi, hətta yerli futbolçular bu komandaya üz tuturlar. Üstəlik, klubun maddi dayaqları yetərincə möhkəmdir. “Qarabağ”da oynamağa razılıq verən oyunçular bu amili də nəzərə alırlar. Amma onlar klubun erməni işğalı altındakı 20 faiz torpağımızın yeganə təmsilçisi olmasının elə də fərqində deyillər. Bunu bir neçə gün öncə “Qarabağ”la ilyarımlıq müqavilə bağlayan Rəşad Sadiqovun Lent.az portalına açıqlamasında səsləndirdiyi fikirlər də təsdiqləyir: “Digər klublardan, konkret, “İnter” və “Xəzər-Lənkəran”dan da təklif almışdım. Amma ən sərfəli təklif “Qarabağ”dan gəlmişdi. Ən aşağı məbləği “Xəzər-Lənkəran” təklif etmişdi. Buna isə razı ola bilməzdim. Axı hansı futbolçu əyalətdə aşağı məbləğə oynamağı evinin içində daha yüksək əmək haqqı qarşılığında çıxış etməkdən üstün tutardı?” Elə isə sual olunur: “Qarabağ” Bakıda yox, Ağdamda məskunlaşsaydı, Rəşad Sadiqov harada oynamağa üstünlük verərdi?

“Qarabağ”a transfer edilən legionerlər yəqin ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədən xəbərdardırlar. Onlar konfliktin Dağlıq Qarabağ üstündə baş verdiyindən də məlumatsız deyillər. Amma “Qarabağ”ın Bakıda yox, Ağdamda məskunlaşdığını bilsəydilər, bu klubda çıxış etməyə asanlıqla razılıq verərdilərmi? Onları dilə tutmağın nə qədər vaxt itkisi və əziyyət bahasına başa gələcəyini təsəvvür etmək çətin deyil. Legionerləri “Qarabağ”a gətirən amillər klubun paytaxtda yerləşməsi və gördükləri əlverişli şəraitdən başqa bir şey deyil. Sabah onlar da komandanı yarıyolda buraxıb gedə bilərlər. Necə ki, mövsüm öncəsi baş məşqçi Rasim Kara belə bir addımla klub rəhbərliyinin haqlı iradlarına tuş gəlmişdi.

`Qarabağ`ın vitse-prezidenti Tahir Gözelin jurnalistlərlə görüşlərində dəfələrlə iştirak etmişəm. Öz açıqlamalarında Tahir bəyin mənəvi amillərə daha böyük önəm verdiyini duymuşam. Daim səsləndirdiyi `Qarabağ ruhu` kəlməsi ilə onun işğal altındakı bölgəni təmsil etdiklərinin fərqində olmasına şübhəm yoxdur. Komandanın kapitanı Aslan Kərimovun da sözün hər iki mənasında Qarabağa bağlı insan olduğunu çoxdan bilirəm.

Amma “Qarabağ”ı Ağdama bağlayan telləri möhkəmləndirmək üçün çox iş görülməlidir. Quzanlı kəndinə bir-iki səfər təşkil etməklə məsələni bitmiş saymaq olmaz. Bu gün “Qarabağ” ev oyunlarını keçirmək üçün Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionu, oyunlara hazırlıq üçün baza kimi “Ruslan-93” idman kompleksini icarəyə götürüb, Binə qəsəbəsində yeni bazanın tikintisinə başlayıb. Bunların hamısı alqışalayiqdir. Amma 2008-ci il yanvarın 17-də istifadəyə verilən Quzanlı Olimpiya Kompleksinin stadionundan “Qarabağ”ın bir dəfə də yararlanmaması ilə bağlı ağdamlıların narahatlıqlarını başa düşmək elə də çətin deyil.

Fikrimcə, “Qarabağ”ın ən azı əvəzedici komandası ev oyunlarını Ağdamda keçirə bilər. Bu komandanın ilk dövrədən sonra turnir cədvəlinə başçılıq etməsi doğma rayonda kifayət qədər azarkeş kütləsi toplayacağını söyləməyə əsas verir. Gələcəkdə əsas komanda da rəqiblərini Quzanlı Olimpiya Kompleksinin stadionunda qəbul edə bilər. “Qarabağ”ın da “Xəzər-Lənkəran” kimi, məşqlərini Bakıda, oyunlarını isə təmsil etdiyi rayonun stadionunda keçirmək imkanı var. Ağdam klubu bu imkandan yararlansa, həm maddi, həm də mənəvi baxımdan böyük dividendlər götürəcək.

Şübhəsiz ki, işğal altındakı torpaqlarımız gec-tez azad olunacaq. “Qarabağ” klubu da özünü indidən BÖYÜK QAYIDIŞa hazırlamalıdır. Çünki Qarabağın ürəyi Xankəndiyə yol məhz Ağdamdan keçir...