QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əfran `qızıl` nəsildən danışdı

İsmayılov nəyi etiraf etdi?

 

O, heç şübhəsiz Azərbaycan futbolunun gələcək ulduzlarından biridir. `Qarabağ` uşaq futbolunun yetirməsidir. Uzun müddət `partlması` gözlənilib. Səbrin tükəndiyi yerdə o, özünü doğrultdu. Ötən mövsüm `Turan`a icarəyə verildi, tovuzluları elitada saxladı. `Qarabağ`a döndü, müştəriləri çoxaldı. Amma komandasına sadiq qaldı. Hollandiyada `Tvente`ylə möhtəşəm atmosfer olan oyunda meydana çıxdı, ilk yarıdakı fövqəladə oyunuyla 25 minlik çılğın publikanı şoka saldı. Rəqib isə onu zədələməklə sıradan çıxara bildi.

Premyerliqada isə Əfranı artıq saxlamaq mümkün deyil. İsmayılov sonuncu turda `Olimpik`lə macda hər halda ən yaxşı oyununu keçirdi. 20 yaşlı yarımmüdafiəçi klubumuzun saytına ürəyini boşaldıb.

-         Əfran qol vurmağını gözləyirdin?

-         Belə də. Təbii ki, qapıya zərbə vurmuşdumsa buna ümid edirdim. Sol ayağım işlək olmasa da, şansımdan yararlanmaq istədim.

-         Maraqlıdı ki, həm sənin həm də komanda yoldaşların dəfələrlə uzaqdan zərbələrdən istifadə etməyə çalışırdı.

-         Hə, düzdü. Oyundan qabaq Qurban müəllim bu barədə bizə demişdi. `Olimpik` çox sıx oynadığını və buna görə mümkün qədər çox zərbə vurmağımızı istədi. Oyun göstərdi ki, Qurban müəllum düz deyir. Düzdü, Rəşad, Vaqif, Vüqar, mən çox zərbə vurduq.  Amma əvvəl axır biri tutmalıydı da(gülür)

-         `Muğan`la oyunda da qol vurmuşdun.

-         Hə. Vaqif yox idi deyə həmin oyunda cərimə zərbəsini mən vurdum. Şansımdan istifadə etdim.

-         Qol vurmağı sevirsən?

-         Kim sevmir ki?

-         Yarımmüdafiədə oynayırsan. Dedik bəlkə ötürmə verməkdən daha çox zövq alırsan.

-         Niyə, elə ötürmənin də ayrı yeri var. Amma əsas odu ki, komanda qələbə qazansın. O zaman, hər şey çox fərqli olur. Belə dəsək, qolun da, ötürmən də adama daha şirin gəlir o zaman.

-         Yeri gəlmişkən, səni daha çox mərkəzdə oynadığını görsək də, sağ cinahda `möhkəm`lənmisən.

-         Hə. Bu Qurban müəllimin istəyidir. Mənə dedi ki, `şoçka`n (ayağının içi) güclüdü. Sürətimin və zərbələrimin güclü olduğu söyləyib mənim cinahda daha yaxşı oynayacağımı bildirdi.  Mən də razılaşdım. Zaman göstərdi ki, baş məşqçimiz uzaqgörənlik edib

-         Millidə isə ortada oynayırsan.

-         Düzdü, millidə işlərimiz heç də yaxşı getmir. `Qarabağ`da elədi ki, hamı bir-birini göz yumulu başa düşür. Ona görə işimiz asandı. Millidə isə biri gəlir, o biri gedir. İnşallah, tezliklə uğursuzluq sindromundan çıxacağımıza inanıram. Milli komanda hamımız üçün bir stimul olmalıdır

-         Bəs əsas komandada oynamaq istəmirsən?

-         Niyə də yox. Maksimin bir sözü vardı. Deyirdi, milliyə o vaxt getmək istərdim ki, orda daim oynayım. Əlbəttə, özümə inanıram. Hər zaman çağırışı qəbul etməyə hazıram. Nəzərə aslaq ki, millidə çoxlu `Qarabağ`lı var mənim üçün çox rahat olar.  

-         Əfran, maraqlıdı ki, 4-5 ildə `Qarabağ`da hər kəs səndən partlayış gözləyirdi. Lakin, sən bu il ümidləri doğrultdun.

-         Bilirəm. Hamı mənə deyirdi ki, Əfran sən oynamalsan. Nə bilim. `Turan`da 6 ay oynamağımın mənə çox xeyri dəydi. Mənə inandılar. Təkrar döndüyümdə isə özüməinamım yerindəydi.

-         Yayda səni sıralarına qatmaq istəyən klublar çox idi. Cəlbedici təkliflər çox idi?

-         Hə. Hətta klubuma da pul qazandıra bilərdim. Amma Qurban müəllim mənim başqa kluba transfer xəbərini yaxına belə buraxmadı.  

-         Peşman deyilsən ki?

-         Əsla. Mən özüm də getmək istəmirdim onsuz da. Gənc futbolçu üçün stabillik çox önəmlidi. Etiraf edim ki, Qurba müəllimin səbri və düzgün yanaşması olmasaydı, bəlkə təmamilə ümidimi üzmüşdüm.

-         Səni hər şey qane edir?

-         Yüz faiz. Mənim üçün heç vaxt pul birinci dərəcəli olmayıb. Bilirəm ki, oynasam pul öz-özünə gələcək.  `Qarabağ`da elə bir kollektiv var ki. Böyük-kiçik öz yerində, mehribançılıq da öz yerində. Hamı bir-biri üçün can yandırır.  Bizim komanda nəinki `Qarabağ`ın eyni zamanda Azərbaycan futbolunun qızıl nəslidir.

-         Gələcək karyeran barədə nə fikirləşirsən?

-         İlk növbədə `Qarabağ`da möhkəmlənmək sonra isə Avropaya çıxmaq istəyirəm. Təbii ki, Azərbaycanda `Qarabağ`dan başqa komandada oynamağı düşünmürəm. Amma futbolçu ömrümün sonuna qədər də ölkədə qalmağı düşünmürəm.