QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Vurduğum qolu Qurban Qurbanova həsr edirəm” (apasport.az)

“Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin apasport.az saytına müsahibəsi

- Ardıcıl 5 oyundan sonra “Qarabağ” qələbə qazandı. Bunu bacarmaq çətin olmadı ki?
- Çətin olmayan qarşılaşma yoxdur. Açığı, bu matçı ilk dövrədə keçirilən nəticəni düşünüb oynadıq. Bildiyiniz kimi, biz Şüvəlanda keçirilən görüşdə AZAL-a 2:6 hesabı ilə yenilmişdik. Ona görə də həmin matçı unutmamışdıq. Doğrusunu bilmək istəyirsizsə, bu matçı baş məşqçimiz üçün oynadıq. Biz onu çox sevirik. Elə o da bizi az istəmir. Vurduğum qolu da Qurban Qurbanova həsr edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. “Qəbələ”yə uduzsaq da, bu qarşılaşmadan qələbə ilə ayrıldıq. Sizin də söylədiyiniz kimi, uzun müddətdir qələbə qazana bilmirdik. Sanki böhranda idik. Nəhayət ki, bu sindromu qıra bildik.

- Bu mövsüm 4-cü qolunu vurduz. Maraqlıdır ki, bundan öncəki turda “Qəbələ” ilə oyunda da komandanın yeganə qoluna imza atmışdınız. Amma həmin gün müsahibə vermək istəməmişdiz...
- Bu, təbii haldı. Çünki məğlub olmuşduq. Yaxşı oynasaq da yenilmişdik. Buna ürəyim sıxılmışdı. Ancaq indi qələbə qazanmışıq və kefim kökdü (gülür).

- Bayaq dediz ki, bu oyunu baş məşqçiniz üçün oynadız. Düşünmək olarmı ki, bu matçda da qələbə qazanmasaydız, Qurban Qurbanovun kreslosu laxlayacaqdı?
- Yox. Bununla heç əlaqəsi yoxdur. Komanda olaraq oyuna yaxşı hazırlamışdıq. Məşqçimizi çox sevdiyimizdən və onun yenə üzülməsini istəməyimizdən, onun üçün qələbə qazanmağa çalışdıq. Digər komanda yoldaşlarımı deyə bilmərəm. Amma şəxsən mən Qurban Qurbanov üçün oynadım. Düşünürəm ki, digər futbolçular da mənimlə eyni fikirdə idi. İlk dövrə arxada qalıb. Orda nə etmişiksə, artıq unutmaq lazımdı. Şükürlər olsun ki, ikinci dövrəyə də yaxşı başladıq. İnşallah, yaxşı nəticələrimizin davamı gələr.

- AZAL ilə oyunun məşqləri zamanı baş məşqçi heç sizə ilk dövrədəki böyük hesablı məğlubiyyəti xatırladıb, matça revanş hissi ilə yanaşmağınızı istədimi?
- Belə bir şey olmadı. Həmin oyunu xatırlatmağa ehtiyac yox idi. Çünki hamımızın yaddaşında həmin qarşılaşmanın nəticəsi qalmışdı. Ancaq hamımız artıq köhnə pis xatirələri unudub, yaxşı düşüncələrə dalmağa başlamışıq. Biz komanda şəklində yaxşı oynayanda qarşımızı almaq çətin olur. Onda istər-istəməz uğur özü səni tapır. Biz AZAL-a qarşı belə oynadıq və ona görə də qələbə qazandıq. Hazırda çox xoşbəxtik.

- Yəqin ki, bura gələndə millidə oynamaq ehtimalının azalacağını bilirdiz. Bununla belə, yarımmüdafiəçi olsaz da, artıq 4 qol vurmusuz. Sloveniya ilə oyun öncəsi heç yığmadan sizinlə əlaqə saxlayan olubmu?
- Burda oynayarkən diqqətdən kənar qalacağımı nəzərə almışdım. Son dönəmlərdə məşqçilərdən kimsə mənə zəng vurmayıb. Ancaq “Qarabağ”da oynadığım müddətdə bir dəfə millinin düşərgəsinə dəvət olunmuşam. Bu, mayda olub. Onda Con Toşak Portuqaliya və Anqola ilə iki yoldaşlıq oyunu üçün mənə də dəvət göndərmişdi. İlk matçda oynamasam da, Anqolaya qarşı forma geymişdim. Hər iki matç 0:0 hesabı ilə bitmişdi. Yeni baş məşqçidən (Çedomir Yanevskini nəzərdə tutur – red.) isə hələ dəvət gəlməyib.

- Skopyedə doğulsanız da, milliyyətcə makedoniyalı olmadığınızı və müsəlman olduğunuzu bilirik. Bu amil ölkəmizdə top qovan Slavço Georgievski və İqor Mitreski ilə əlaqə saxlamağınıza mane olmur ki?
- Yox. Skopyedə də, burda da imkan daxilində həmin futbolçularla görüşürük. Eləcə də mənimlə birgə Anqola ilə matçda yığmanın düşərgəsində olmuş “Bakı”nın qapıçısı Edin Nuredinoski ilə münasibətlərim pis deyil.