QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Sənsiz neylərdik, “Qarabağ”?

Çətini nəyisə arzulayana kimidi. Onu əldə edəndən sonra daha artığının dadını hiss etmək istəyirsən. Fərqi yoxdu – sevgi münasibətində olsun, işdə, evdə, ya da futbolda. Mentalitetlə qətiyyən əlaqəsi yoxdu. İnsan oğlu insanın psixologiyasının “xəmiri belə yoğrulub”. Belə yaranmışıq, bu cür formalaşmışıq.

20 il əvvəl necəydi, yadınızdadı? Avrokuboklarda mərhələ adlamaq üzünə həsrət idik. Rəqiblərin birini mübarizədən kənarlaşdıranda uşaq kimi sevinər, “bizdə də futbol var” deyib, qürrələnərdik. 10 il əvvəl necəydi? İki-üç mərhələ adlamaq, keçmiş UEFA kubokunun, indiki Avroliqanın pley-offuna çıxmaq əsl futbol bayramı sayılırdı. Bəs 5 il əvvəl? “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda gözlərimizə inana bilməmişdik. Futbol ictimaiyyətinin böyük əksəriyyətinin gözünə APOEL zəfərindən sonra yuxu getməmişdi. Milan “İnter”inin Bakıya gələcəyi günü səbirsizliklə gözləyirdik. Son 2-3 ildə Azərbaycan futbolunda pulsuzlaşma prosesi baş qaldırandan sonra uğurlar sıralanmağa başladı. Üç dəfə “Qarabağ”, iki dəfə “Qəbələ” Avroliqanın qrupunda oynamaqla Avropanın ikinci mötəbər yarışını azərbaycanlılar üçün adiləşdirdi. Gözümüz o qədər öyrəşmişdi ki, artıq Avroliqanın qrupunu Azərbaycan çempionatı gözündə görürdük. Və beləcə, illərdi həsrətində olduğumuz Çempionlar Liqasının qrup mərhələsinin vaxtı gəlib çatdı.

Avqustun 23-də “Qarabağ” səfərdə “Kopenhagen”in qonağı olanda hamımızın bir istəyi var idi: ağdamlılar bu rəqibini də sıradan çıxartsın, Bakıda ÇL-in himni çalınsın, dünya nəhəngləri “Odlar Yurdu”na gəlsin. Sonrası necə olacaq, “Qarabağ” hansı nəticələrə imza atacaq – kim idi bunları düşünən? Təki ÇL-in qrupu olsun, qalanı Allah Kərimdi. Rəqiblərin adları bəlli olandan sonra nə deyirdik? Tanrı “Qarabağ”ı darmadağınlardan qorusun. Elədi, elə deyil? Kimsə ağdamlıların “Atletiko”dan 2 xal alacağını, 10 nəfərlə Madriddə heç-heçəyə imza atacağını, “Roma”ya qol vurub, hər iki oyunda minimal hesabla məğlub edəcəyi desəydi, o dəqiqə həmin adamın alnından öpərdik. Elədi, elə deyil?

Bütün bunlar həyata keçdi, “Qarabağ” ölkə futbolunda bir ilki formalaşdırdı. Dünyaya milyardlarına görə səs salan, lakin futbol ölkəsi kimi tanınmayan Azərbayacana olan baxış bucağını məhz Ağdamı təmsil edən komanda dəyişdirdi. Messi, Ronaldo və Neymardan sonra ikinci təbəqəyə aid olan futbolçuların bir çoxu Bakıya səfər etdi, bu ölkədə futbolun və azarkeşlərin varlığına canlı şahidlik etdilər. Ən azı, Azərbaycanı və “Qarabağ”ı tanıdılar. Həm də Qarabağ adlı torpağın şərəfsiz ermənilərə yox, məhz azərbaycanlılara məxsus olduğunu öyrəndilər.

Rəşad Sadıqovun “Çelsi” ilə oyunda qırmızı vərəqə almasına kədərlənməyimizin səbəbi dünya nəhəngindən xal qoparmaq istəyinə görəydi. Bəli, heyətindəki bir futbolçunun qiyməti ümumi Azərbaycan futbolunun bir illik büdcəsinin dəyərindən də artıq olan komandanın BOS-da xallar itirməsini arzulayırdıq. Bir an gözünü meydanda yaşananlardan kənara çəkib, özünə “mən nə danışıram, biz nə arzulayırıq, “Qarabağ”ın rəqibi “Çelsi”di” sualını verənlərin olduğuna şübhə etmirəm. Elə srağagün İtaliyada “Roma” qarşısında dörd ciddi itkiylə mübarizə aparan “Qarabağ”ın Bakıya azı heç-heçəylə qayıtmasını arzulayanların da matçdan sonra həmin suala müraciət etdiyinə 100 faiz əminəm.

Mübarizə başa çatdı. Son illər Azərbaycan futbolunda yeni dəb formalaşdıran, uşaqdan böyüyə hər kəsin dilində əzbər olan “Qarabağ” ÇL-in qrup mərhələsini 2 xalla başa vurdu. “Çelsi”ylə matçlar xaric, 4 oyunun heç birində əzilməyən, əksinə, rəqibi özündən çıxaran, həyəcanlandıran kollektiv gördük. Neçə-neçə təcrübəli hakimi özünü, yaxınlarını, əzizlərini söydürməyə də məcbur edən “Qarabağ”ın sərgilədiyi oyun və mübarizliyi oldu. Dünyanın istənilən klubunun arzuladığı Eusebio Di Françesko, Antonio Konte, Dieqo Simeone kimi məşqçilərin yerində sakit oturmasına imkan verməyən Qurban Qurbanov və onun yetirmələri oldu. Futboldan başı çıxmayanlara, meydanda neçə nəfərin top dalında qaçdığını bilməyənlərdə futbola sevgi yaradan “Qarabağ” oldu. “Çay evləri”nə qəlyan çəkməyə, oyun oynamağa gedənləri iri monitor qarşısında oturub 90 dəqiqə həyəcanlandıran, çayxana uşaqlarında “bizdə də futbol var” fikrini formalaşdıran “Qarabağ” oldu. Qrupu xalsız başa vuran “Benfika”, “Olimpiakos” kimilərə göz dağı verən də məhz “Qarabağ” oldu. 

Üç ay bir göz qırpımında gəlib keçdi. ÇL-in qrup sevincini bir də nə vaxt yaşayacağıq, onu Allah bilir. Bəlkə də heç olmayacaq. Amma bildiyimiz bir şey var. Bundan sonra yad ölkədə Azərbaycanı təqdim edəndə təkcə neftimizlə fəxr etməyəcəyik. ÇL-in qrup mərhələsində oynayan “Qarabağ”ı yada salıb, “bax, həmin komandanın təmsil etdiyi ölkədənəm” deyə biləcəyik. Qarabağın erməni, yoxsa Azərbaycan torpağı olması yönündəki mübahisələrdə “Qarabağ”ın önündəki adı göstərmək kifayət edəcək.

Ölkə futbolsevərlərinə bu sevinci yaşadan komandaya “Çelsi”yə 0:6 hesablı darmadağından sonra “altı dəfə təşəkkür” başlıqlı köşə həsr etmişdim. İndi isə “sənsiz neylərdik, “Qarabağ” deyirəm. Ölkə futbolu məhz olardı.

 

Həbib Aslanov (Futbol+)