“Real”dakı biabırçı məşqçi qovulmasından sonra “yarpaq tökümü” davam edir. Kapellonun torbasını tikən Bernd Şuster Raul Bravonun ardindan daha bir müdafiəçiyə qapını göstərib. “Kral” klubuna 1999-cu ildə “Espanyol”dan gələn və buna qədər Madrid klubunda 247 dəfə meydana çıxan və 19 dəfə qol sevinci yaşayan İvan Helqera “Valensiya”ya keçib. 32 yaşlı ispan “yarasalar”la 3 illik müqaviləyə qol çəkib. Xatırladaq ki, Helqera titullu futbolçulardan sayılır. “Real”da oynadığı dövrdə 3 çempionat, 2 Çempionlar Liqası, 1 Avropa superkuboku və bir dəfə də Klublararası Dünya çempionatını qazanan Helqera İspaniya millisində 47 dəfə meydana çıxıb və 3 dəfə fərqlənib.