Komandamızın kapitanı Bədavi Hüseynov Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. 34 yaşlı müdafiəçimiz buna çempionluq sayında nail olub.
“Qarabağ” Misli Premyer Liqasının XXXII turunun “Sabah”la səfər oyununda (1:1) 2024/25 mövsümünün qızıl medallarını təmin edib. Bu, Bədavinin komandamızla birlikdə 11-ci çempionluğu olub.
2012-ci ilin yayından komandamızın formasını geyinən Hüseynov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına qazanıb.
Müdafiəçimiz bununla da Azərbaycan çempionatları tarixinin rekordçusu Mahmud Qurbanova çatıb.
Qeyd edək ki, komandamızda oynadığı bütün mövsümlərdə mükafat qazanan Hüseynov 2012/13 və 2020/21 mövsümlərində gümüş medala sahib çıxıb.