UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” - “Vestri” (İslandiya) oyunundan (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“İlk
növbədə azarkeşlərimizə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki
Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdüm ki, çox məsuliyyətli
olmalıyıq. Azarkeşlərimizin gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət
verdi. Futbolçularımı təbrik edirəm. Qalibiyyət vacib idi. Futbolçuların
hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss
olundu. Bəzi dəyişikliklərdən sonra temp artdı. Sonda 3:0 hesablı qələbə
qazandıq. Rəqib çox yaxşı müdafiə olunan komanda idi, futbolçuları bir-birini
düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki,
cavab oyununda daha da məsuliyyətli olmalıyıq. Bu görüşün gərgin keçməsi
xeyrimizə olacaq. Avrokuboklardakı digər təmsilçilərimiz “Sabah”ı və “Zirə”ni də
təbrik edirəm. Çox yaxşı qalibiyyətlər oldu. Ümumi əmsallar çoxalır ki, bu da
ölkə reytinqi üçün çox vacibdir”.
Qeyd
edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Reykyavikdə keçiriləcək.