Vüqar Nadirov, futbolçu:`Futbolun sirrlərini `Qarabağ`da öyrənməyə başlamışam. Hətta uşaq yaşlarımdan belə `Qarabağ` rəhbərliyi mənə xüsusi olaraq maaşla təmin edirdi. İlk dəfə `Qarabağ`ın heyətində meydana çıxanda 15 yaşım vardı. `Qarabağ` rəhbərliyi daim mənə sahib çıxdı. Bir ağdamlı, qarabağlı olaraq daim rəhbərliyin diqqətini öz üzərimdə hiss etmişəm. Onlardan bu baxımdan heç vaxt narazı qala bilmərəm. `Qarabağ`a 2-ci dönüşümdə də demişdim. `Qarabağ` mənim ailəmdi. Yaradılan bütün bu şəraitə görə `Qarabağ` rəhbərliyinə təşəkkür edirəm.
Namiq Yusifov, futbolçu:` Rusenborq`la oyun ərəfəsində demişdim ki, qoy mən meydanda ölüm amma `Qarabağ` qələbə qazansın. Bu cümlə heç də təsadüfən yaranmamışdı. Mən Ağdamlı olsam da, komanda da hər kəs də eyni yanğını görürdüm. Məhz rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hır kəsin eyni ruha sahib olmasının təzahürü `Qarabağ`ın ruhunu formalaşdırdı. `Qarabağ`da elə abu-hava var ki, burda oynamış istənilən futbolçu bunu təsdiq edə bilər. Rəhbərlik bizimlə elə davranır ki, sanki, öz övladlarıyıq. Başqa klublara da hörmətimiz var. Amma Azərbaycanın heç bir klubunda `Qarabağ`da olduğu kimi həssas və futbolçuya diqqət verən rəhbərlik yoxdu.