QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Sent-Etyen səfərindən beş məqam
Avropaya səyahət etmək üçün vacib olan "Şengen” vizası almağın necə çətin olduğunu çox eşitmişdim. Elə ötən həftənin cümə günün Fransanın Bakıdakı səfirliyinin qarşısında sel kimi yağan yağışın damlalarıyla islanarkən buna bir daha əmin oldum. "Bu qədər əziyyətə dəyərmi? Bəlkə, elə burdanca geri qayıdım. Onsuz da birinci dəfə viza üçün müraciət edirəm, alınan iş deyil” düşüncəsiylə beynimi yamanca yormuşdum. Axşamüstü yorğun-arğın evə qayıdanda hələ də həmin düşüncənin təsiri altındaydım. 3 gün sonra, yəni həftənin bazar ertəsi vizanın verilib-verilməməsiylə bağlı heç bir xəbər ala bilməyincə Sent-Etyenə yollanmaq həvəsim tamamilə azalmışdı. Buna görə də çərşənbə axşamı evdən çıxanda uzaq səfərə yollananlar kimi yox, adi iş gününə başlayanlar kimi idim. Günorta saat 12-də xəbər gəldi ki, vizalar hazırdı. Təsəvvür etmək belə çətin idi. Saat 16:30-da bizi Sent-Etyenə aparmalı olan təyyarə havaya qalxacaq, bundan iki saat əvvəl hava limanında olmaq vacibdi. Qısa müddətdə həm səfirliyə gedib vizanı almaq, sonra da evə yollanıb səfərə hazırlaşmaq tələb olunurdu. Qaça-qaç başladı... Bir də onda gördüm ki, "Qarabağ”ın futbolçularıyla birlikdə təyyarənin salonuna doğru gedirik...
 
Beş saatlıq uçuş ərzində xüsusi heç nə yaşanmadı. Stüardessaların təklif etdiyi təamlardan dada-dada yolumuzu qısaltmağa çalışdıq. Ayağımızı yerə basan kimi məlum oldu ki, Sent-Etyen Fransanın televiziyada görməyə alışdığımız şəhərləri kimi qaynar həyat yaşamır. Hava limanında bizim gəldiyimiz təyyarədən başqa hava gəmisi yox idi. Eləcə də, ətrafda sərhəd xidməti əməkdaşlarıyla aeroportun işçilərindən başqa heç kim gözə dəymirdi. Amma bu o demək deyildi ki, qarşıda bizi maraqlı heç nə gözləmirdi...
 


Şəhər
Müqəddəs Stefanın şərəfinə adlandırılan şəhərdə 176 mindən çox əhali yaşayır. Amma bizim orda olduğumuz günlər iş günlərinə təsadüf etdiyindən nə küçələrdə, nə də kafe və restoranlarda qaynar həyata rastalamaq mümkün olmadı. Ətrafda gördüklərimizin tam əksəriyyəti sürətli addımlarla harasa tələsən, ilk baxışda zəngin görünməyən şəhər sakinləri idi. Fransanın digər şəhərlərində olduğu kimi burda da gəlmələrin sayı xeyli çoxdu. Təsadüfi deyildi ki, küçədə qarşılaşdığımız hər üçüncü, yaxud dördüncü insan görünüşcə ya ərəbə, ya da afrikalıya bənzəyirdi. Az qala hər tində yerli türklərin işlətdiyi kiçik kafelərə və restoranlara rast gəlmək mümkün idi. Müşahidələrimə əsasən deyə bilərəm ki, yerli əhalə türk dönərini çox sevir. Günün istənilən saatında onları dönərxanalarda masa arxasında görmək mümkün idi. Sent-etyendə yaxşı mənada təəccübləndiyim məqamlardan biri də o idi ki, günorta saat 12-dən sonra düz iki saat hər yerdə nahar fasiləsi elan olunur. Bütün iş yerlərinin, mağaza və dükanların, hətta apteklərin belə işıqları söndürülür, qapıları bağlanır. Şəhərin mərkəzi küçəsində yaraşıqlı tramvayın şütüməsini görmək də xoş mənzərə idi. Sakinlərin ictimai nəqliyyata üstünlük verməsi səbəbindən küçələrdə də avtomobil sıxlığı yaşanmırdı, tıxacdan ümumiyyətlə söhbət gedə bilməzdi. Ümumiyyətlə, fransızlar avtomobildən bizdə olduğu kimi lovğalanmaq üçün yox, sırf nəqliyyat vasitəsi kimi yararlanırlar. Orda olduğumuz müddətdə böyük motorlu, ağır Cip-lərə nadir hallarda rastlayırdıq. Kiçik həcmli motora və mexaniki sürət qutusuna malik, köhnə model avtomobillərin sükanı arxasında olanların isə tam əksəriyyəti qadınlar idi.
 


Stadion 
"Joffrua Qişar" Sent-Etyen əhalisi üçün vacib şəxsiyyətlərdəndi. Şəhərin əksər nöqtələrində filialları olan "Casino” supermarketlərinin qurucusu olan müsyö Qişar özünə məxsus olan torpaq sahəsini şəhərə, stadionun tikilməsi üçün təmənnasız verib. Elə bu səbəbdən də arena onun şərəfinə adlandırıb, girişdə büstünü ucaldıblar. 35 min azarkeş tutumu olan stadionda hazırda rekonstruksiya işləri aparılır. Belə ki, 2016-cı ildə baş tutacaq Avropa Çempionatını qəbul edəcək arenalar arasında Sent-Etyen stadionu da var və həmin vaxta qədər azarkeş tutumunun 40 minə çatdırılması nəzərdə tutulub. Arenayla tanışlığımız oyundan bir gün əvvəl, "Qarabağ”ın məşqi zamanı reallaşdı. Nəhəng tribunalara baxıb, özüm-özümə sual etdim. Düşündüm ki, bütün günü küçələri boş olan şəhərdə bu tribunalar necə dolur? Daim ora-bura tələsən, qayğılı görünən yerli əhali bu tribunalarda necə möhtəşəm görüntü yaradıb, sevimli komandalarını çılğınlıqla dəstəkləyirlər? Üzərindən düz 24 saat keçəndən sonra başa düşdüm ki, çox ciddi şəkildə yanılmışam.
 


Oyun
Sent-Etyenə ayaq basan gündən Bakıdan gedən jurnalistlərin rahatlığı üçün kiçik tutumlu iki mikroavtobus ayrılmışdı. Sürücülər yerli türklər olduğundan anlaşmağa da çətinlik çəkmirdik. Qarşılaşmanın başlamasına 3 saat qalmış məskunlaşdığımız "Campanile” otelindən stadiona doğru istiqamətləndik. Bir gün əvvəl gördüyümüz sakitlikdən əsər-əlamət yox idi. "Joffrua Qişar”a gedən yollarda avtomobil sıxlığı müşahidə olunur, addımbaşı jandarmalara, yol polislərinə rast gəlinirdi. Hətta polisin tez-tez şübhələndiyi qrupları dayandırıb, sənədlərini və üst-başlarını yoxladıqlarını görmək mümkün idi. İşıqforda dayanarkən xidmət aparan yol polisi əməkdaşlarından biri əlindəki fənərlə əyləşdiyimiz mikroavtobusun içinə işıq saldı. Yerli qaydalara görə avtomobilin içində olan hər kəs təhlükəsizlik kəməri tapmağa borcludu. Biz isə özümüzü Bakıdakı kimi hiss etmişdik. Qəzəblənən polis sürücüyə iradını bildirdi. Yaşlı sürücü bizə "kəmərlərinizi taxın” deyincə əlimizi sağa-sola atdıq. Məlum oldu ki, fransız polis sürücüyə "onlara başa sal, məni kim olduqları maraqlandırmır. İndi hamsını maşından düşürüb, 90 avro cərimə yazaram” deyirmiş. Saatlar yerli vaxtla 20:30-u göstərəndə biz arenanın media tribunasında yerimizi almışdıq. Tribunalardakı ab-havanı anlatmağa isə sözlər acizdi. Xüsusiylə qapı arxasında yer alan fərqli azarkeş qrupları komandalarına çılğın dəstək verir, müxtəlif şərqilər oxuyur, şüarlar səsləndirirdilər. Fransanın müxtəlif şəhərlərindən gələn həmvətənlərimiz və yerli türklər künc bayrağına yaxın sektorda yer almışdılar. Onların arasında olan, oyundan əvvəl görüşdüyümüz Zaur Rzayev və dostları Nant şəhərindən düz 650 kilometrlik məsafəni böyük ümidlərlə və fəxrlə qət etdiklərindən həvəslə bəhs edirdilər. Ətrafı Azərbaycan bayraqlarıyla süstləyən bizimkilərin əllərində "İmarət Avropa”, "UltrAslan” və "Qarabağ bizim şərəf mübarizəmizdi” yazılan pankartlar vardı. Əminəm ki, hər biriniz möhtəşəm qarşılaşmanı izləmisiz. Buna görə də "Qarabağ”ın meydandakı mübarizəsindən, Şehiçin möhtəşəm qurtarışlarından, Vüqar Nadirovun vurduğu qoldan, məhdud seçim qarşısında çətinlik çəkən Qurban Qurbanovdan geniş nəsə yazmağa ehtiyac duymuram. 
 

Kristof Qaltye
"Sent-Etyen”in baş məşqçisini oyundan sonra görməyə dəyərdi. Qəzəbli çalışdırıcının üz-gözündən məyusluq yağır, dilindən zəhər tökülürdü. Bakıdakı oyundan sonra "Qarabağ”ın tərifini yerə-göyə sığdırmayan adam qısa müddət ərzində necə dəyişilərmiş? Uğursuzluğun günahını hakimlərin üzərinə atması, "Qarabağ”ın apardığı mübarizəni və qazandığı nəticəni şübhə altına salması belə onu yerli mətbuatın  iynəli suallarından xilas etmədi. Bizimkilərin verdiyi "Qarabağ”ın oyununu necə dəyərləndirirsiz” sualına isə yayındırıcı cavab verməsi onun kin-küdurətdən boğulmasının, postunu itirmək qorxusunun işarətidi.
 

"Qarabağ” rəhbərliyi
12 jurnalistin Fransaya səfərini təşkil edən klub rəhbərliyinə yazımda yer verməsəydim qəbahətə yol vermiş olardım. Məsələ təkcə jurnalistləri səfərə aparmaqda deyil. Klubun meneceri Asif Əsgərov Sent-Etyenə ayaq basdığımız ilk dəqiqələrdən yanımızda olmağa, bizi narahat edən ən xırda detalı anındaca həll etməyə çalışırdı. Oyundan bir gün əvvəl Əmrah Çəlikəl də jurnalistlərə baş çəkməyi, bizimlə ayrıca görüş keçirməyi özünə borc bilmişdi. Söhbət əsnasında məlum oldu ki, həmin gün Asif bəyin də doğum günü imiş. İş qayğıları onun başını elə qatıbmış ki, özü belə ad gününü qeyd etməyə, təbrikləri cavablandırmağa macal tapmayıb. Belədə Əmrah bəylə görüşümüz kiçik ziyafətə çevrildi. Səbəbkarın şərəfinə tort kəsdik, arzularımızı ünvanladıq. Ən böyük arzumuz isə sözsüz ki, "Qarabağ”ın bizi sevindirməsiydi. Və bir gün sonra həmin arzumuz reallaşdı...

Amal Abuşov