Qarabağ TV
TPL
UEL
Bəlkə “Qarabağ”ı milliləşdirək?

ASİF VAHİDOĞLU

Son zamanlar ölkə futbolu sınaqlar meydanına çevrilib. Kimə az da olsa hansısa səlahiyyət verilirsə, o, imkanı çatan qədər futbolumuz üzərində yeni sınaq aparmağa başlayır. Mənə səlahiyyət verməsələr də, həvalə olunan bu kiçik köşədə futbolumuzun inkişafını düşünən Foqtsa yeni bir üsul təklif edəcəyəm. Belə ki, Foqts yığmanın heyətini formalaşdırarkən, “Qarabağ”ın bazasında işləsin və digər klubların tək-tük güclü oyunçuları ilə sintezi tamamlasın. Türkiyə millisinin dünya üçüncülüyünü qazanmasında təklif etdiyim üsulun xüsusi payı var idi. Belə ki, Avropada rəqiblərinə meydan oxuyan yeganə türk klubu “Qalatasaray”ın, demək olar ki, əksər futbolçuları “ay-ulduzlular”ın əsas “onbirliy”ində yer almışdılar. Onlar Türkiyə Superliqasında, millinin heyətində və Avropa səviyyəli turnirlərdə bir yerdə mübarizə apardıqlarından bir-birlərinə tam öyrəşmişdilər. Və nəticədə 2002-ci ildə Türkiyə yığması “Qalatasaray”lı 9 futbolçunun köməyi ilə dünya üçüncüsü olmuşdu. Mənə sual verə bilərsiniz ki, Türkiyə yığması ilə millimizi niyə müqayisə edirsən? Mən əslində milliləri deyil, “Qarabağ”ı o vaxtkı “Qalatasaray”la müqayisə edib, bu nəticəyə gəlmişəm. Düşünün bu klublar arasında nə qədər yaxınlıqlar var. O zamankı “Qalatasaray”da olduğu kimi, “Qarabağ”ın da millimizdə forma geyə biləcək 10 futbolçusu var. ölkəmizi Avropada təmsil edən “Qarabağ” bu heyətlə, “Qalatasaray” Türkiyə üçün reytinq xalları topladığı kimi, Azərbaycanın beynəlxalq arenada klub əmsallarına xallar yazır. Bu oxşarlıqlarla yanaşı, məsələnin bir də tarixi yönü var. Məsələ burasındadır ki, bizim yığma futbol tariximizdə ən parlaq səhifələrdən biri Finlandiya millisini məğlub etməyimizdir. İndi “Qarabağ”ın səfərdə Finlandiyanın “Honka” klubunu məğlub etməklə Azərbaycanın klub futbolu tarixinə şanlı bir səhifə yazdı. Məsələ tək bununla da bitmir. İndi “Qarabağ”ın oyunçularının qatılmadıqları millinın toplanışında birinci divizion təmsilçisi MOİK-lə qarşılaşmada yığma komandamızın qollarından ikisinə klubsuz Daniel Axtyamov imza atıb. Bu isə bir daha onu göstərir ki, klubsuz, heç bir məşqçinin bəyənib müqavilə imzalamadığı Daniel Axtiyamovlar elə MOİK səviyyəli komandalara qol vura bilirlər.
Bir də məsələnin siyasi tərəfi var. Əgər “Qarabağ”ın oyunçuları millimizi təmsil edərlərsə, onda yığmanın rəqibi olan hər bir ölkənin idman ictimaiyyəti Qarabağın Azərbaycana aid olduğunu da anlayacaq. Belə ki, “Qarabağ”lı hər yığma üzvünün adının qarşısında klubunun da adı yazılacaq. Bu da bizə əlavə bir siyasi üstünlük qazandırar.
P.S. çox istərdim ki, Vaqif Sadıqov bunları baş məşqçi Berti Foqtsun yadına salsın. Bəlkə...