Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: `Şəxsən mən `Qarabağ`ın ilk mərhələni keçəcəyinə əminəm`

Hazırda Türkiyədə olan «Qarabağ»ın direktoru Əmrah Çəlikəl bu gün keçirilən Avropa Liqasının püşkatmasının yekunu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb.

- Rəqibiniz olan Makedoniyanın «Metallurq» klubunu kimisi asan, kimisi güclü rəqib sayır. Sizin bununla bağlı fikirləriniz necədir?
- Hər şeydən öncə «Metallurq»un oyununu izləmək lazımdır. Bildiyiniz kimi, son illər Makedoniya futbolunda yüksəliş var. Bu ölkə Avropaya neçə-neçə istedadlı futbolçu bəxş edib. Ötən ilki rəqibimiz Norveç «Rusenborq»u da çox çətin rəqib idi. Amma biz bu çətin səddi aşmağı bacarmışdıq. İnanıram ki, məşqçi heyəti rəqibi ciddi təhlil edəcək və biz ilk mərhələni keçə biləcəyik.
- İkinci mərhələdəki rəqibiniz isə «Portdaun» (Şimali İrlandiya) - «Skonto» (Latviya) cütlüyünün qalibidir.
- Bəli. Əgər biz ötənilki uğurları təkrarlamaq istəyiriksə, ilk növbədə öz oyunumuzu düşünməliyik. Rəqibin kim olması bizim üçün böyük əhəmiyyət daşımır.
- Avrokuboklarda hədəfiniz nədir?
- Ən azı ötənilki uğuru təkrarlamaq.
- Komandanız hazırda Türkiyədədir. Təlim-məşq toplanışı necə keçir?
- Əla. Kollektivdə yaxşı ab-hava var. Uşaqlar qarşıdakı oyuna yüksək səviyyədə hazırlaşırlar ki, iyulun 1-də keçiriləcək ilk oyunda sərfəli nəticə əldə etsinlər.
- İlk oyunun Bakıda keçirilməsi «Qarabağ»ın əleyhinə işləyə bilərmi?
- İstərdik ki, birinci oyun rəqib meydanında olsun. Amma qismət belədir. Bir daha deyirəm, şəxsən mən «Qarabağ»ın ilk turu keçəcəyinə əminəm.
- Komandanıza baxışa dəvət etdiyiniz iki legioner futbolçunu geri qaytardınız. Bundan sonra heyətə yeni futbolçular gəlibmi?
- Vaxtımız çox azdır, çalışırıq ki, iki və ya üç legioneri komandamıza cəlb edək.
- Kimlərlə danışıqlar aparırsınız?
- Hələlik ad açıqlamaq istəmirəm.
- «Qarabağ» Bakıya nə zaman qayıdır?
- İniallah, iyunun 24-də Bakıda olacağıq.