Qarabağ TV
TPL
UEL
“İndi Azərbaycanda qapazaltı komanda qalmayıb”

“Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”la matçda qeydə alınan nəticə və hakimlik barədə nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran” ölkənin güclü klublarından biridir. Belə baxanda, biz həmişə lənkəranlılara qarşı yaxşı oynamışıq. Bu matça da qələbə üçün çıxmışdıq. Amma futboldur, bu dəfə alınmadı. Derbilərdə istənilən nəticəyə hazır olmaq lazımdır. Hakimlik barəsində gəlincə, bilirsiz ki, mən onlardan danışmağı xoşlamıram. Konkret bu oyuna gəldikdə isə Rövşən Əhmədovun idarəçiliyini normal qiymətləndirərdim.

- Qarşılaşmanı klubun vitse-prezidenti Tahir Gözəllə bir yerdə izlədiz. Onun reaksiyası necə oldu?
- Tahir bəy daim "Qarabağ"la yaşayır. Daim komandanın yaxşı günündə də, pis anında da onlara dəstək çıxır. Təbii ki, ilk növbədə bir "Qarabağ" azarkeşi kimi ilk növbədə məğlubiyyətə görə üzüldü.

- Çempionatın birinci dövrəsi bitdi. “Qarabağ”ın ümumi çıxışını normal adlandırmaq olarmı?
- “Qarabağ” hər zaman yüksək hədəflər uğrunda mübarizə aparır. Bilirik ki, son 2 ildə "Qarabağ" Azərbaycanda markaya çevrilib. Hazırda liderdən 8 xal geridəyik. İlk baxışdan aradakı fərq böyük görünsə də, komandamızın bu fərqi "əridəcəyinə" inanıram. Təbii ki, ümumilikdə, qərarlaşdığımız 5-ci yer bizi razı salmır. Amma getdikcə daha uğurlu çıxış edəcəyimizə inanıram. "Qarabağ" daim yüksək yerlər uğrunda mübarizə aparıb və siyasətinə daim sadiq qalacaq.

- Rəşad Sadıqovun "Əskişəhərspor"a gedişi komandaya çoxmu təsir edib?
- Rəşad Sadıqov Azərbaycan futbolunun qaymaqlarındandır. Hər bir klub elə bir futbolçunun xidmətindən yararlanmaq istər. Amma onun gələcək karyerasını, eləcə də Azərbaycan futbolçularının Avropa arenalarına çıxış perspektivini düşünərək, Türkiyə Superliqasına gedişinə maneçilik törətmədik.

- Əfran İsmayılovla Maksim Medvedevin son matçlarda iştirak etməməsi də komandanın oyununa təsirsiz ötüşmür…
- İlk öncə bildirim ki, hər iki futbolçunu Azərbaycan futboluna "Qarabağ" qazandırıb və buna görə sevinirik. Hal-hazırda hər ikisi zədəlidir. Onların heyətdə olmaması komandamız üçün itki kimi dəyərləndirir. Hər ikisinin ən yaxın zamanda sıralarımıza qayıdacağına inanıram. Həkimlərimiz bunun üçün bütün imkanları səfərbər etmişlər.

- Sizcə, yayda kollektivə qoşulan yeni yerli və legioner futbolçular ümidləri doğruldurmu?
- Biz baş məşqçimizin tələbi ilə istənilən futbolçuları heyətimizə qatdıq. Onların ümidləri doğruldub-doğrultmaması barədə nəsə demək hələ tezdir. Bu sualın cavabını mövsümün sonunda qazanacağımız nəticə göstərəcək.

- Baş məşqçi Qurban Qurbanov bildirib ki, bəzi futbolçularla vidalaşmağa hazırlaşır. Rəhbərlik bu haqda nə düşünür?
- Futbolçuların heyətə cəlb edilməsi və ya heyətdən çıxarılması baş məşqçinin səlahiyyətindədir. Hələ ki, Qurbanov klub rəhbərliyinə bu barədə məruzə etməyib. Yalnız bu istək gəldikdən sonra biz bunun maliyyə və digər tərəflərini götür-qoy edir və sonda qərar veririk.

- Cari çempionatın səviyyəsi gözlədiyiniz kimi oldu? Yüksəliş və ya geriləməni nədə görürsünüz?
- Təbii ki, AFFA və PFL-in futbolumuzun səviyyəsinin yüksəldilməsi üçün gördüyü işlər danılmazıdır. Həqiqətən də bu yöndə işlər gedir. Cari mövsümdə oyunlar daha gərgin keçir, demək olar ki, "qapazaltı" komanda qalmayıb. Qələbə qazanmaq üçün çox tər tökmək lazım gəlir. "Gəncə" kimi komandalar çempionata yeni rəng qatıb.