Qarabağ TV
TPL
UEL
Milliyə layiq olduğumu `Qarabağ`dakı oyunumla çoxdan sübut etmişəm

Berti Foqts millinin düşərgəsinə, əsasən, "Qarabağ"lıları cəlb edir. Düzdür, almaniyalı baş məşqçi öncəki tək heç də onların hamısına şans verməsə də, hər halda Qara Qarayevi də yığmaya gətirməklə, Qurban Qurbanovun futbolçularının potensialına inanır. Namiq Yusifov da Ağdam klubunun aparıcı üzvlərindəndir. Qurban dayaq yarımmüdafiəçisinə hər matçda güvənir və istədiyini də alır. Yusifov sabit çıxışını qorumaqla, digər komanda yoldaşları kimi milliyə dəvət gözləyir. Foqts, hələ ki, bu imkanı ona yaratmır. "Bakı" ilə matçdan sonra görüşdüyümüz futbolçu ölkənin bir nömrəli kollektivindən kənarda qalmasının səbəbini anlamır. Namiqlə söhbətə bu qarşılaşma barədə fikirlərini dinləməklə başladıq.
- Allah istəməyəndə, heç nə alınmır. Nə istəyirsən et, xeyri yoxdur. "Bakı" ilə oyunumuzun çətin keçəcəyini bilirdik. Səviyyəli və təcrübəli futbolçuları var. Ancaq gözləməzdik ki, bütün oyunu 11 nəfərlə müdafiədə keçirərlər. Onların yeganə fikri qol buraxmamaq idi. İkinci hissəni "Bakı"nın qapısı ağzında keçirdik. Qapıçıları yaxşı oynadı, bəxtləri də az gətirmədi.
- Deyirsən, qələbə qazanmağınızı Allah istəmədi?
- Gəl, söhbəti dinə aspektdən çözməyək.
- Amma, öz aramızdır, Əfran İsmayılovun, eləcə də Elvin Məmmədovun da fərqlənmək üçün şansları az olmadı.
- Hə də, demək istədiyim də budu. İkinci hissədə "Bakı"ya iki-üç qol vurmalıydıq. "Xəzər Lənkəran"la oyunda da belə oldu.
- Yaxşı, problem nədədi - hücum xəttinin yetərsizliyində?
- Əfranla Rauf hücumda yaxşı oynayırlar. Son turlarda az qol vurmağımız onlarlıq deyil. Bütün komandalar "Qarabağ"a qarşı bütün gücünü qoyur, bilirlər ki, hücumçularımız təhlükəlidi. Qol vəziyyəti də yaradırıq, şans bizdən üz döndərir. Əfranın qaçırdığı epizodlar hər futbolçunun başına gəlir. O zədədən təzə qayıdıb.
- "Qarabağ"ın çempionluq mübarizəsindən qopduğunu deyə bilərik?
- Siz elə fikirləşin. "Neftçi" bu gün qabaqdadı, çempionatın qurtarmasına isə hələ beş tur var. Onları bizimlə, "XL" ilə ağır oyunlar gözləyir. O biri üç komanda da "Neftçi"dən xal götürsə, lider dəyişə bilər. "Altılıq"da istənilən komanda xal itirəcək. Çempionluq mübarizəsi "Qarabağ"sız keçməyəcək. Keçirdiyimiz bu beş oyunda iki qələbə qazanıb, iki heç-heçə etmişik. Bəyəm bu, pis nəticədir? "Neftçi" ilə revanşımız da qalır.
- Bu oyundan söz düşmüşkən, Rauf Əliyev açıqlama vermişdi ki, Rövşən Əhmədovun birtərəfli idarəçiliyini görən komandanız meydandan çıxmaq istəyib. Aranızda belə söhbət olub?
- Raufu jurnalist düz başa düşməyib. Özüylə danışdım, dedi, elə demək istəməyib. Hakimlikdən narazılığımız hələ oyundan əvvəl var idi. Ancaq oyun vaxtı komandamız meydandan çıxmaq fikrində olmayıb. Bəyəm biz məhəllə futbolunda oynayırıq ki, hərə öz istədiyini eləsin...
- Bu ildən "Qarabağ"da legionerlərin sayı artaraq, 7-yə çatıb. Əcnəbilərin çoxluğu kollektivdə ab-havanı dəyişmir ki?
- Bizdəki legionerlər başqa klublardakılar kimi deyillər. Adamiyanı legioner saymırıq. Gör, neçə ildir Azərbaycandadır! Ayhanla Rubins də bura təzə gəlməyib. Aqolli ilə Telinin xasiyyəti yerli futbolçular kimidir. Qışda gələnlər də çalışır ki, özlərini göstərsinlər. Boyan Pavloviç əsas heyətdə oynayır indi. Nderim Nedzipiyə isə vaxt verilməlidi. Texnikalı oyunçudur. Pis deməzdim ona. "Qarabağ"da əvvəl gündən gördüyünüz mehribançılığı heç kim dağıda bilməz.
- Klubda əsas heyətdəsən, amma milliyə çağırılmırsan. Qara Qarayev "Qarabağ"da indi-indi oynamağa başlayır, bununla belə, Foqtsdan dəvət alır. Səni niyə yada salmır?
- Foqts millinin heyətini açıqlayanda, hər dəfə adımı o siyahıda axtarıram. Neçə dəfə belə olub. Özüm də məəttəl qalmışam ki, niyə çağırmır. Çoxdan dəvət almalıydım. Yəqin Foqts elə bilib ki, mən legionerəm. Sifətimdən yerli futbolçuya oxşatmayıb bəlkə də. "Qarabağ"da əsas heyətə düşən bütün azərbaycanlı uşaqlar milliyə çağırılır. Onlar gedir, mən də gözləyirəm ki, bu dəfə olmadı, gələn dəfəsində olar. Hərdən stadionda öz dilimizdə danışıram ki, Foqts yerli olduğumu bilsin. Neyləyim, çağırıb yoxlamır.
- Millidə sənin mövqeyində oynayanlardan kimləri fərqləndirərdin?
- Mən orda heç kimi bir-birindən ayırmazdım. Fərqləndiriləsi futbolçu görmürəm. Hər kəs özünə görə oyunçudu. Foqts bir mənə də baxsın, kimdənsə geri qalsam, daha çağırmasın. Milliyə layiq olduğumu "Qarabağ"dakı oyunumla çoxdan sübut etmişəm.
- Milli son oyunlarda bərbad çıxış edir. Belçikaya da 1:4 hesabıyla uduzduq. Ölkənin əsas komandasında nə çatışmır?
- Olar, sizə bir sual da mən verim?
- Ver.
- Komanda uddu-uduzdu, nəticəyə kim məsuliyyət daşıyır?
- Əlbəttə, baş məşqçi.
- “Qarabağ" bu iki ildə Avroliqada göstərdiyi oyunla sübut etdi ki, azərbaycanlı futbolçular güclü komndalarla oynamağa qadirdir. "Rusenborq"u udmağımızın təsadüf olmadığını "Visla" ilə oyunda da göstərdik. "Qarabağ" Avropada uğurlu çıxış etməyi bacarırsa, milli də yaxşı nəticə göstərə bilər. Futbolçularda günah görmürəm. Atmosfer əla olsa, milli belə böyük hesabla uduzmaz.
- Demək istəyirsən ki, komandada atmosfer yaxşı deyil?
- Orda olmadığım üçün dəqiq bilmirəm, ancaq belə görünür ki, uduzurlar.

 mənbə: "Sport Favorit" qəzeti