28 May - Respublika günü

single-news
28 May 2014

28 May - Respublika günü



Azərbaycan xalqı Respublika gününü qeyd edir. `Qarabağ` Futbol klubu xalqımızı bayram münasibəti ilə təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq, firavan günlər arzulayır.

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) – müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km təşkil edib. 13983,1 km ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulub. 30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya alıblar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilib. Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşib. 4 iyun 1918-ci ildə Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib Paşa imzalayıb. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb. 17 iyun 1918-ci ildə Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru Paşanın tələbi olub. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub. 24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edilib. 26 iyun 1918-ci ildə Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparıb. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib. 27 iyun 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar. 27 iyun 1918-ci ildə Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub. 2 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. 10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər. 15 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edibib. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədilib. 20 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlayıb. 6 sentyabr 1918-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb. Milli Şuranın sədri M.Rəsulzadə, “Müsavat” fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri olub. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verilib. 1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb. 28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib. 16 iyun 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başlayıb. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idi. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verib.

Paylaş

// pop up