3 cavabsız qolla qələbə
3 cavabsız qolla qələbə
“Qarabağ” - “Kəpəz” - 3:0
Leandro Andrade, 31; Aleksey Kaşuk, 72; Musa Qurbanlı, 82
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXV tur matçında “Kəpəz”i qəbul edib.
Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
“Azersun Arena”da təşkil olunan oyun yüksək tempdə başlayıb. Hər iki komanda ilk dəqiqələrdən qol axtarışında olub. Dəqiqələr keçdikcə futbolçularımız təşəbbüsü ələ alıblar. Bunun nəticəsində rəqib qapısı qarşısında tez-tez təhlükəli anlar yaşanıb. Hücumlar 31-ci dəqiqədə öz bəhrəsini verib. Leandro Andradenin uzaq məsafədən mükəmməl zərbəsi qarşısıalınmaz olub. Çempionatın ən məhsuldar futbolçusu cari mövsüm Premyer Liqadakı qol sayını 15-ə çatdırıb.
Birinci hissədə fərqin artmasına “Kəpəz”in qapıçısı imkan verməyib. Həmçinin qapıçımız Şahrudin Məhəmmədəliyev də əla qurtarışla həmkarından geri qalmayıb.
İkinci hissədə də azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. Komandalar sürətli hücumlarla fərqlənməyə çalışıblar. 72-ci dəqiqədə künc nöqtəsindən ötürmədən sonra Aleksey Kaşuk yaxın məsafədən toru silkələməklə fərqi iki topa çatdırıb. 10 dəqiqə sonra qapıçı ilə təkbətək çıxan Musa Qurbanlı qarşılaşmada son nöqtəni qoyub.
Beləliklə, 3:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 86-ya çatdırıb. “Qarabağ” mövsümün son oyununu mayın 24-də səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
