4 GÖRÜŞDƏ 3 HEÇ-HEÇƏ
23 Fev 2007
4 GÖRÜŞDƏ 3 HEÇ-HEÇƏ
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Hazırkı qalib "Barselona" öz meydanında "Liverpul"u qəbul edib. Qarşılaşmaya yaxşı başlayan ispan klubu artıq 14-cü dəqiqədə Dekunun ifasında hesabı açıb. Amma ilk hissənin sonunda ingilislərdən Kreyq Bellami bərabərlik qolunu vurub. Fasilədə qonaqların baş məşqçisi Rafael Benitesin tapşırıqları ikinci hissədə bəhrəsini verib. "Liverpul"un üzvü Yon Arne Rise 75-ci dəqiqədə komandasının qələbə qoluna imza atıb. Meydan sahiblərinin liderlərindən Ronaldinyo, Saviola və Messi zəif təsir bağışlayıblar. Kamerunlu hücumçu Samuel Eto oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Əksər mütəxəssislər "Barsa"nı Avropanın ən yaxşı komandası saysa da, adıçəkilən klub növbəti mərhələyə vəsiqə qazana bilməmək təhlükəsi ilə üzləşib. Oyundan sonra baş məşqçilər fikirlərini bölüşüblər. Rafael Benites ("Liverpul"): "Qol buraxandan sonra bizim üçün çətin oldu. Tapşırıq verdim ki, yarımmüdafiədə 5 oyunçu çıxış etsin. İlk görüşdə qələbə növbəti mərhələyə keçmək şansımızı artırdı. Amma yaddan çıxarmaq olmaz ki, rəqib hücum xəttində çox yaxşı oynayır. Qalibiyyətdə azarkeşlərin böyük köməyi oldu". Frank Raykaard ("Barselona"): "Yaxşı başlasaq da, sonunu gətirə bilmədik. Məğlubiyyətdə hamımız günahkarıq. Nəticəyə təəssüflənsəm də, nikbinəm. Bununla belə qarşıda 90 dəqiqə var və üstün tərəf "Liverpul"dur. Bir sözlə, mərhələ adlamaq çox çətin olacaq". "Portu" – "Çelsi" matçında əvvəlcə birincilərdən Meyreleş komandasını irəli çıxarsa da, Şevçenko qolla cavab verib. İngiltərə təsmilçisinin əsas çalışdırıcısı Joze Maurinyo nəticədən razı qaldığını bildirib: "Terrinin artıq 5-ci dəqiqədə zədə alması gözlənilməz oldu. Ehtiyat oyunçular skamyasında isə mərkəz müdafiəçimiz yox idi. Biz arxa xətdəki aparıcı oyunçumuzu itirməyimizə baxmayaraq, Essyeni qaytara bilmişik. Robben meydana çıxdıqdan sonra ümidləri doğrultdu. Nəzəri cəhətdən səfərdə heç-heçə oynamaq bizə sərf edirdi. Futbolçularıma göstəriş verdim ki, risk etməsinlər. Şübhəsiz ki, Londondakı cavab görüşündə favorit biz olacağıq". Digər iki görüşdə də qalib müəyyənləşməyib. "İnter" - "Valensiya" matçında qapılara 4 qol vurulub. İtaliyalılardan Kambyasso, Maykon, ispanlardan isə Vilya və Silva fərqlənib. "Roma" və "Lion" klublarının oyununda komandalardan heç biri qapılara yol tapa bilməyib.
Bir gün öncə keçirilmiş matçda isə diqqətlər daha çox Madridə yönəlmişdi. “Real” “Bavariya”nı 3 dəfə meydanın mərkəzindən başlamağa məcbur etdisə, almanlar 2 qola imza ataraq əlverişli nəticəni əldə edə bildi. “Milan” “Süeltik” səfərindən qolsuz bərabərliklə ayrıldısa, PSV “Arsenal”I evdə, “Mançester Yunayted”isə səfərdə “Lill”in öhdəsindən 1 qolla gəldi.