5 dəqiqə də olsaydı
5 dəqiqə də olsaydı
`Qarabağ`ımız Suraxanı qəsəbə stadionunda `Bakı`nı qəbul etdi. Final mərhələsinin 7-ci turunda komandamızın hədəfi qalibyyət idi. Amma oyun komandamız üçün yaxşı başlamadı. 25 dəqiqənin sonunda qapımızda 2 top görsək də, komandamız çətin anlarda toparlanma gücünü bir daha göstərdi. İlk yarının sonlarında komandamızın təzyiqi artırsa da, fərqlənmək mümkün olmadı.
2-ci hissəyə isə komandamız fırtına kimi başladı. Ardıcıl hücumlar 1 saatın tamamında nəticə gətirdi. Əfran İsmayılov topu ələ keçirərək 70 metr irəlilədi və Adamiyaya fərqlənmək imkanı yaratdı. 14-cü qolunu vuran gürcü forvardın dubl etməsinə isə az sonra dirək imkan vermədi (Hələ ilk yarıda da Əfran tiri nişan almışdı). Amma komandamız yenə də oyunu dəyişə bildi. 90-cı dəqiqədə Rəşad Sadıqovun yerinə yetirdiyi künc zərbəsindən sonra Admir Teli hamıdan yüksəyə tullanaraq status-kvonu bərpa etdi. Hakimin əlavə etdiyi dəqiqələrdə isə komandamız qələbə də qazana bilərdi. Amma oyunu yüksək səviyyədə keçirən Əfranın zərbəsini qapıçı çətinliklə dəf etdi. Belə də komandamızın qələbə arzusunu zaman əngəllədi və maraqlı görüş 2:2 hesabıyla başa çatdı.