5 qollu qələbə

5 qollu qələbə
“Qarabağ” - “Səbail” - 5:0
Yassin Benzia, 76 (pen.). Leandro Andrade, 80, 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXII tur matçında “Səbail”i qəbul edib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk
Oyuna üstün başlayan futbolçularımız topa daha çox sahib olublar. Rəqib isə sürətli əks-hücumlar zamanı təhlükəli vəziyyətlər yaratmağa çalışıb. Birinci hissənin ortalarından etibarən nəzarət tamamilə komandamızın tərəfində olub. “Səbail” müdafiədə sıxlıq yaradaraq, qapının toxunulmazlığını qorumağı bacarıb. Komandamız bir neçə real şans əldə etsə də, xüsusən Abdullah Zubir və Aleksey Kaşuk fərqlənmək imkanını dəyərləndirə bilməyib.
Fasilədən sonra da matçda üstün olan tərəf komandamız olub. Getdikcə artan temp 76-cı dəqiqədə öz bəhrəsini verib. Leandro Andradenin qazandığı penaltini Yassin Benzia dəqiq yerinə yetirib. Leandro çox keçmədən 6 dəqiqə ərzində dubla imza atıb. Bununla cari mövsüm Premyer Liqada qollarının sayını 9-a çatdıran Andrade bombardirlər yarışında liderliyə yüksəlib.
Qış fasiləsindən sonra komandamıza qayıdan Kadi Borges isə dönüşünü 1 məhsuldar ötürmə və 1 qolla qeyd edib. O, Elvin Cəfərquliyevin cinah ötürməsini başla dəqiq tamamlayıb. Oyunda sonuncu qolun müəllifi isə Nəriman Axundzadə olub.
Beləliklə, komandamız 5:0 hesablı qələbə qazanıb və xallarının sayını 53-ə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında növbəti oyununu fevralın 16-da səfərdə “Neftçi”yə qarşı keçirəcək.