9-11 yaşlı çempionlarımız mükafatlarını aldılar
8 Dek 2010
9-11 yaşlı çempionlarımız mükafatlarını aldılar
Ötən mövsüm `Sabah Ulduzları` çempionatında 9-11 yaşlılar arasında 1-ci yeri tutan `Qarabağ` futbolçularının `Tumurcuq` qəzetinin redaksiyasının ofisində mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə oyunçularla yanaşı, onların valideynləri və məşqçiləri də iştirak edirdilər. Yığıncağı çempion qəzetinin baş redaktoru , Bakı Futbol Federasiyası (BFF) icraiyyə komitəsinin üzvü Ürfan Məmmədli açdı. Uşaqları təbrik edən Ürfan müəllim mükfatalandırma mərasiminin burada keçirilməsini təsadüfi olmadığı bildirdi: `Çempion və `Tumurcuq` daim bu çempionata dəstək verən qəzetlərdir.Ona görə də, medalların təqdimatı mərasimi burada keçirilir. `Çempion`un baş direktoru Süleyman Ünal da qalibləri salamladı və onları gələcəkdə dünya futbol ulduzları sırasında görəcəyinə inandığını söylədi:`İnanıram ki, bu uşaqlar gələcəkdə ulduz futbolçular olacaq. İndiyə qədər redaksiyamızıın çox qonaqları olub – yüksək vəzifəli məmurlardan tutmuş sıravi insanlara qədər. Lakin əminliklə deyə bilərəm ki, balaca çempionların gəlişi biz daha çox sevindirdi. Bu gün `Tumurcuğ`un yaddaşında ən önəmli günlərdən biri kimi qalacaq.` BFF-nin vitse-prezidenti, Azərbaycan Mətbuat Şüurasının üzvü Məzahir Süleymanzadə də tədbir iştirakçıları arasında idi. Məzahir müəllim də balacaları təbrik etdi və onlara gələcəkdə uğurlar arzuladı: Sizə Azərbaycanın 2019-2020-ci illərdəki milli komandasının üzvləri kimi baxırıq. İnanırıq ki, çoxunuz yığmamızın seçilən və layiqli futbolçuları olacaqsız. Bu günki görüşümüzün `Tumurcuq` redaksiyasında keçirilməsi rəmzi məna daşıyır. `Tumurcuq` idmanı çox sevir və hər sayında yaşıdlarınızın idman uğurları barəsində yazılar verir. Bax, elə sabahın ulduzları çempionatında 1-ci yeri tutan yaşıdlarınız haqqında ilk yazıları da bu mətbu orqan dərc edib. Bu da bizim işimizə dəstək və köməkdir`. Tədbirdə çıxış edən `Qarabağ`ın nümayəndəsi Anar Məmmədli BFF-nin uşaq futboluna göstərdiyi qayğıdan və komandanın uğurlarından danışdı:`BFF klublarla yanaşı, uşaq futbolunun inkişafı üçün də çox əhəmiyyətli işlər görür. Belə bir qonaqpərvərliyə görə isə `Tumurcuq` qəzetinin rəhbərliyinə təşəkkür edirik.Ötən il `Qarabağ` üçün çox uğurlu oldu. 15 yaşlılardan ibarət komandamız öz yaşıdları arasında ölkə çempionluğunu qazandılar.` Tədbirin sonunda uşaqlara medallar və mükafatlar təqdim edildi. Çempionatda ən çox qol vuran `Qarabağ`ın kapitanı Raul Süleymanzadə `Tumurcuğ`un xüsusi mükafatına layiq görüldü. Bundan başqa uşaqlara üzərində `Tumurcuq` sözü yazılmış idman köynəkləri verildi.