Abuzər İbrahimov "Qarabağ"dan ayrılıb (FUTBOL+, 23.07.2005)

single-news
23 İyl 2005

Abuzər İbrahimov "Qarabağ"dan ayrılıb (FUTBOL+, 23.07.2005)



Aslan Kərimov isə ağdamlılarla birgə məşq edir İtkilər ucbatından heyətində ciddi dəyişikliklər baş verən "Qarabağ" Qax toplanışı ərəfəsində paytaxtda çalışmalarını sürdürür. Ağdamlılar hazırda "Şəfa" İdman Sağlamlıq Mərkəzində məskunlaşıb. Baş məşqçi Elxan Abdullayev komandanı gündə iki dəfə məşqə çıxarır. Elxan bəy səhər çalışmalarını "Şəfa", axşam məşqlərini isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna təyin edib. Srağagün saat 18.00-da da "Qarabağ" doğma arenada hazırlıq keçdi. Çalışdırıcı yetirmələrini fiziki gücün artırılmasına yönələn müxtəlif hərəkətlərlə xeyli tərlətdi. Nəfəs kəsən istiyə baxmayaraq, futbolçular məşqdə həvəsli görünürdü. Abdullayevin göstərişlərini 20 futbolçu yerinə yetirirdi. Düşərgədə gözlədiyimiz kimi, əsasən gəncləri gördük. OMİK-də hərbi xidməti başa vurub qayıdan Elçin Cəfərovla Hüseyn İsgəndərovla yanaşı, son çempionatı demək olar ki, komandalarının ehtiyat oyunçular skamyasında keçirmiş Dmitri Yeremeyev, Tərlan Mahmudov və Fəqan Şahbazov da Ağdam təmsilçisinə qoşulub. Təcrübəlilərdən isə Vasif Haqverdiyevlə Müşfiq Hüseynovdan başqa sabiq "Bakı"lı Dmitri Spirin də yenidən Abdullayevin rəhbərliyi altında oynamaq imkanı qazana bilər. Həmçinin tanınan veteran futbolçu İsgəndər Cavadovun oğlu Cavad da peşəkar karyerasına "Qarabağ"da başlamağa hazırlaşır. Ən maraqlısı isə məşqdə "Karvan"a keçidi gündəmdə olan Aslan Kərimovun iştirak etməsiydi. Bir gün öncə qəzetimizə müsahibəsində Yevlax klubuna keçmək niyyətini açıqlayan müdafiəçinin qərb təmsilçisinin Türkiyə hazırlığının ikinci mərhələsinə yollanacağını gözləyirdik. Amma Kərimov nədənsə son anda yevlaxlılardan ayrı düşməli olub. Bir də "Şahdağ-Samur"la anlaşa bilməyən Eltay Aslanov "Qarabağ"ın məşqlərinə qatılmağa başlayıb. Ötən çempionatda "şirkət komandası"nın formasını geyənlərdən isə Mübariz Orucov, Azər Cabbarov, Vitali Kovolyov, Denis Sokolovski və Mustafa Engin Özmən "Qarabağ"da qalır. Ruslan Musayevlə Abuzər İbrahimov isə çalışmada gözümüzə dəymədi. Birincinin komandada olduğunu xəbər vermişdik. Elə klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov da Ruslanın həmin gün sadəcə, icazə alıb məşqə gəlmədiyini bildirdi. Ancaq İbrahimovun ağdamlılarla yollarını ayırdığı dəqiqdi. Sən demə, klubun transferə çızardığı futbolçuların siyahısınla Abuzərin də adı varmış. Bizimlə söhbətdə müdafiəçi özü də bunu təkzib etmədi: "Artıq "Qarabağ"la vidalaşmışam. Müəyyən problemlər ortaya çıxdı. Yaxınlarda bütün səbəbləri açıqlayacam. İndi şəxsi işlərimlə bağlı başım qarışıqdı. Bu aralar fərdi məşq edirəm. Hələ ki heç bir klubla danışıqlara girməmişəm". Görünür komanda rəhbərliyi mövsümə "Turan"da hazırlaşan Samir Musayevi də qaytarmaq fikrində qətidi. Elxan bəy klubla müqaviləsi olan forvardın düşərgəyə gələcəyini gözləyir. "Qarabağ"dan söz düşmüşkən qeyd edək ki, Həmdi Sərpil Tüzünün klubdan göndərilməsiylə bağlı verdiyimiz xəbər təsdiqini tapıb. Klubdan məsələyə birmənalı şəkildə aydınlıq gətirilməsə də, çox etibarlı mənbədən alıdığımız bilgiyə gör, Həmdi bəy əməlli-başlı münaqişə zəminində qovulub.

Paylaş

// pop up