AÇIQ OYUN, ARDICIL ALTINCI QƏLƏBƏ . . .

single-news
30 May 2006

AÇIQ OYUN, ARDICIL ALTINCI QƏLƏBƏ . . .



Oyun meydan sahibləri üçün heç bir əhəmiyyət daşımayaraq yalnız prestij xarakteri daşıyırdısa, "Qarabağ" üçün bir neçə məqamdan vacib idi. Birinci, ilk dövrədəki Suraxanı qəsəbə stadionunda heç-heçənin təsadüf olması, ikinci, klubun turnir cədvəlini beşinci yerdə tamamlaması və ən əsası isə altıncı ardıcıl qələbəsini qazanmaqla kubokun final oyunu ərəfəsində əlavə psixoloji üstünlüyə yiyələnmək... ..Hesab matçın üçüncü dəqiqəsində açıla bilərdi. Lakin Vasif Haqverdiyevin "Gəncə"nin qapısına vurduğu qola oxşar qol vurmaq istəyinə qapıçı mane oldu. Küncdən zərbədən sonra isə Qoqa Berayanın zərbəsini qapıçı çətinliklə dəf etdi. Oyunun 7-ci dəqiqəsində Müşviq Hüseynov meydan sahiblərinə daha bir həyəcanlı an yaşatdı. Lakin bu dəfə də "Gənclərbirliyi"nin ən yaxşılarından olan qapıçısı topu tuta bildi. Daha bir real qol imkanı 18-ci dəqiqədə boşa verildi. Bu dəfə Qoqa Berayanın ötürməsini Samir Musayev mükəmməl zərbə ilə uzaq küncə göndərdi. Lakin Diallo yenidən topu qapı xəttindən çıxara bildi.29-cu dəqiqədə Samir - Ramiz - Müşviq paslaşması sonuncunun qeyri dəqiq zərbəsi ilə başa çatdı. 38-ci dəqiqə isə Qoqanın ötürməsini 4-5 metrlik məsafədən Ramiz Hüseynov yana vurdu... İkinci hissədə hesabı açmaq üçün irəli atılan "Qarabağ" 100%-li qol imkanını 58-ci dəqiqədə boşa verdi. Bu dəfə Azərin zərbəsindən sonra topu qaytaran qapıçının səhvini Müşviqin bağışlaması oldu. 3 dəqiqə sonra Qoqanın uzaq məsafədən zərbəsini də Diallo çətinliklə qapı çatından çıxara bildi. 71-ci dəqiqədə yandan asmadan sonra Mübariz Orucovun 3-4 metrlik məsafədən iki dəfə topa zərbə vurmaq cəhdi boşa çıxdı. 10 dəqiqə sonra isə Müşviqin zərbəsi qapı çatına dəydi. Bununla belə, "Qarabağ" istəyinə çatdı. Sokolovun uzun ötürməsindən sonra topa yiyələnən Samir Musayev qapı qarşısına ötürmə etdi. Burada Fərid Quliyevin 3-4 metrlik məsafədən zərbəsini qapıçı dəf edə bilsə də, Müşviq Hüseynovun zərbəsi qapı torunu silkələdi. Oyuna əlavə olunmuş vaxtda isə 23-25 metrlik məsafədən cərimə zərbəsini Sergey Sokolov mükəmməl zərbə ilə qapıdan keçirərək oyunun nəticəsini rəsmiləşdirdi. Beləliklə, "Qarabağ" mövsümü 5-ci yerdə tamamlayaraq, ardıcıl 6-cı qələbəsini qazandı...

Paylaş