AÇIQLAMA

single-news
8 Avq 2006

AÇIQLAMA



“Futbol+” qəzetinin 08.08.2006-cı il tarixli 119 (1216) saylı nömrəsində “Azər Cabbarov müəmması çözülmür” başlıqlı yazı geniş oxucu auditoriyasına təqdim olunmuşdur. Bu yazıda komandamızın adının bəzi çirkin əməllərdə çəkilməsi “Qarabağ” Futbol Klubu olaraq, bizi çox hiddətləndirmiş və mövqeyimizi bildirməmizə səbəb olmuşdur: 1. Yazıdan sitat: “Cabbarovun hələ birinci dövrənin sonuna yaxın heyətdən kənarlaşdırılması fiziki hazırlığıyla yox, adının oyun alqı-satqısında hallanmasıyla bağlı idi. O zaman Azər mətbuata açıqlamasında bunları təkzib edirdi. “Qarabağ” – Azər – oyun alqı-satqısı” məsələsi yenidən gündəmə gəlib. Lakin bu dəfə fərqli şəkildə. Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə, Azər heç də oyun alqı-satqısında iştirakına görə yox, tam əksi olan səbəbə görə kənarlaşdırılıb...” “Qarabağ” Futbol Klubu olaraq, hər bir mətbuat orqanından xahiş edir, eyni zamanda tələb edirik: Sübutsuz komandamızın adını çirkinliklərlə yanaşı çəkməsinlər ! Hər hansı “ADININ ÇƏKİLMƏSİNİ İSTƏMƏYƏNLƏR”ə görə, komandamızın adının belə çirkinliklərlə birgə çəkilməsinə yol verməyəcək, lazım gəlsə mənbənin kimliyini tələb edəcəyik. Əgər bu edilməyəcəksə, onda yazını qələmə alan yazar rəsmi olaraq “Qarabağ” Futbol Klubundan üzr istəməlidir. Bu bizim haqqımızdır və haqqımızı tələb edirik ! Biz hələ çempionat başlanmamışdan Futbolumuzun inkşafı üçün lazım olan hər bir addıma tərəfdar çıxmış, bütün çirkinliklərə qarşı mübarizədə nəinki iştirak etmiş, orada ilklərdən biri olmuşuq. “Qarabağ” Futbol Klubu olaraq, bundan sonra da yolumuzu davam etdirəcəyik... 2.Yazıdan daha bir sitat: “...Deyilənə görə, “Qarabağ”ın baş Direktoru Əmrah Çəlikəl və Murat Karaman (onun vəzifəsini bilmirik) oyun alqı-satqısıyla məşğul olub və onların bu işini bildiyindən Azər Cabbarov, Namiq Həsənov və adını bilmədiyimiz digər oyunçu komandadan uzaqlaşdırılıb. Bir daha vurğulayırıq ki, bunlar fakt deyil, eşitdiklərimizdi.” – Biz “Qarabağ” Futbol Klubu olaraq, belə çirkinliklərdə adımızın çəkilməsindən çox hiddətlənirik. Bildirmək istəyirik ki, özünə hörmət edən hər bir mətbu orqan hər bir cümləyə görə məsuliyyət daşımalı, fakt olmayan yerdə qəzetin tirajının artırılması üçün “şou” axtarmamalıdır. Sitatdan da göründüyü kimi, əgər deyilənlər fakt deyilsə, onda futbol ictimaiyyətinin izlədiyi bir mətbu orqanın belə yazını səhifəsində yerləşdirməsi təəssüf doğurur. Hər bir eşidilən xəbərin mənbəsi göstərilmədən qəzet səhifəsinə çıxarılması, deyilənlərin isə sonda “fakt yox, eşitdiklərimizdir” yazılması sadəcə absurddur. Özünə hörmətsizlikdən başqa bir şey deyil. Sadəcə son çempionatda “Qarabağ” Futbol Klubunun Azərbaycan Kubokuna sahib çıxması, ən əzmkar komanda imici qazanması, stadionlara Azərbaycan Futbolu tarixində görünməmiş azarkeş cəmləməsi Klubumuzda yaranmış birlik hesabınadır. Bu birliyi isə yazıda deyildiyi kimi oyun satmaq və ya digər çirkin əməllərə qoşulmaqla deyil, təmizlik hesabına əldə edilir. Adımıza böhtan atmaq istəyərkən hələ çempionat dövründə 18.04.2006-cı il tarixində " EMRAH ÇELİKEL: “KOMANDAMIZA BÖHTAN ATILMASINA İMKAN VERMƏYƏCƏYİK!” -sərlövhəli yazı ilə cavab vermişdik. 16.05.2006-cı il tarixində futbolçumuzun müsahibəsi isə (QOQA BERAYA:“UĞURUMUZUN ƏSASI – KOMANDAMIZDA YARANAN BİRLİYİMİZDİR !” ) bütün bu deyilənlərə nöqtə qoymalı idi. Lakin bu gün işıq üzü görmüş yazının mətbuatda yer alması bizi həddən artıq təəssüfləndirir. 3. Bu da rəsmi mövqe: “Çox gülməli bir şeydir bu. Belə bir şey yoxdur. Necə, hardan eşirmisiniz, həmin şəxsləri bizim yanımıza gətirin, onlarla üz-üzə söhbət edək. Şayiə çıxarmaq çox asandır.” Bu deyilənlər isə məhz həmin yazıda yer almış Klubumuzun Direktorunun sözləridir. Gözləyirik...

Paylaş

// pop up