Adil Nadirov günahı Əmrah Çəlikəldə görür (FUTBOL+, 20.06.2005)

single-news
20 İyn 2005

Adil Nadirov günahı Əmrah Çəlikəldə görür (FUTBOL+, 20.06.2005)



Əvvəl bir dəfə indikinə bənzər vəziyyət yaranmışdı. "Qarabağ" ölkə futbol səhnəsindən silinmək təhlükəsiylə üz-üzə idi. Elə onda indiki himayəçi "Azərsun holdinq" Ağdam klubunu qanadları arasına alıb, bataqlıqdan çıxardı və göylərə qaldırdı. Ağdam klubu üçün bu qurtuluş anı idi. Bundan sonra "Qarabağ-Azərsun" adını götürən komanda futbol təsərrüfatında kasıblıq dövründə birdən-birə hegemonlaşdı. Ölkənin aparıcı futbolçularını heyətə qatmaq artıq su içimi kimi bir şey idi. "Qarabağ"a maddi imkanına görə ölkə futbol auditoriyası həsəd aparırdı. Çünki hələ heç bir klubumuz "Azərsun holdinq"in verdiyi maliyyə gücü qədər geniş cah-cəlal görməmişdi. Onda qəriblik dövrü idi... "Qarabağ" varlanmışdı... Səbəb axtarışı AFFA-da rəhbərlik dəyişəndən sonra klublarımızın da günü ağardı. Futbola pul xərcləmək həvəsinə düşənlər eyni zamanda elitarlaşmanı da artırdı. Artıq "Qarabağ" üçün maddi baxımdan gözəçarpan rəqiblər peyda olurdu. "Xəzər-Lənkəran", "Karvan" və "MKT-Araz" sponsorları sayəsində debütdəcə varlı qiyafəsi geymişdi. "Neftçi" də flaqmanlığını qorumalı idi və bunu dərk edən himayəçi - Bakı Neft Emalı Zavodu büdcəsinin ağzını bir az da geniş açdı. "Turan" da geri qalmadı. "Gəncə" isə "Meqa holdinq"in köməyinə sığındı. Eyni zamanda vəziyyəti kifayət qədər xarab olan "Dinamo" adını "Bakı"ya dəyişib sponsor tapdı. Beynəlxalq Bank isə "İnter"ə çevrildiyi "Xəzər Universiteti"ndən köməyini əsirgəmədi. Beləcə artıq varlı rəqiblər klubu əhatəyə almışdı. ...Fərziyyələrimizi yürütməzdən öncə "Qarabağ"lı rəsmiləri danışdırmaq üçün çox çalışdıq. Lakin heç kim olanların əsli barədə açıqlama vermək istəmədi. Maddi yükü artan çempionatda baş məşqçi postuna İqor Ponomaryovu gətirən Ağdam təmsilçisi hədəflənən nəticəni qazana bilmədi. Sadəcə, bu amilə nəzərən klubda hansısa köklü problemlərin olması gün kimi aydın idi. Demək olar ki, artıq hər şey göz qabağındadı. Həqiqətən də od olmayan yerdən tüstü çıxmaz. "Qarabağ"ın daxilində cərəyan edən atəşdə isə ilk olaraq, Ponomaryov "yandı". Oğlunu "alova qurban verməmək" üçün onun komandasından uzaqlaşdırılmasına göz yuman ata sonda özü də davam gətirmədi. Nələr olduğunu isə bilmədik. Beləcə susqunluq bizi başverənlərin səbəbləri barədə ehtimalları araşdırmağa məcbur etdi. Çərçivəli büdcə Məncə, "Azərsun holdinq"i "Qarabağ"ı himayəyə götürməyə cəlb edən ən əsas nüans şirkətin reklam siyasəti idi. Məlumdu ki, hər bir firma mədaxil gücünə görə təbliğata müəyyən standartda illik büdcə ayırır. Ağdam klubunun maliyyə hesabı da məhz himayəçi holdinqin reklama ayırdığı vəsaitdən çıxarılmalıydı. Buna görə də komandaya ayrılan büdcə mütləq hansısa çərçivəylə sərhədlənir. Çünki "Azərsun holdinq"in reklam siyasəti təkcə "Qarabağ"a sponsorluqla bitmir. Hamımız bilirik ki, sözügedən şirkətin təbliğat siyasəti kifayət qədər genişdi və bu mənada müvafiq məxaric illik hesablara uyğun aparılmalıdı. Rəqiblərinin maliyyə sərfini çoxaltması "Qarabağ" üçün başqa tərəfdən həm də başağrısı mənasına gəlir. Belədə əlindəki heyəti əvvəlki şərtlərlə saxlaya bilməyən klub sponsordan daha geniş imkanlar istəyir. "Azərsun holdinq" isə reklam üçün nəzərdə tutulan büdcənin pozulmasıyla təbii ki, razılaşa bilməzdi. Belədə müəyyən edilmiş normalardan kənara çıxma şirkət rəhbərliyinin "Qarabağ"a münasibətini dəyişəcəkdi. Ağdam təmsilçisinin sponsorsuz qalacağı şayiələrinə ən əsas səbəb kimi buna irəli sürmək olar. Qeyri-müəyyən idarəçilik "Qarabağ"ın rəhbərlik strukturu xeyli adidi. Açığı, klubun idarəetmə sistemini incələməyə çətinlik çəkmirəm. Prezident Abdulbari Gözəl olsa da, əsas səlahiyyətli şəxs Tahir Gözəli hesab etmək olar. Baş direktor Əmrah Çəlikəli isə hansısa tutarlı söz sahibi saymaq çətindi. Bildiyiniz kimi, Abdulbari bəy həm də "Azərsun holdinq"ə rəhbərlik edir və bu mənada böyük Gözəlin klub işləriylə birbaşa məşğul ola bilmədiyi aydındı. Deməli, "Qarabağ"ın tale yükü Tahir bəydən asılıdı. Nə qədər gülünc olsa da, reallıq "Qarabağ"ı yalnız bir nəfərin idarə etdiyini göstərir. Belə zəmində isə nöqsanlar olacağı mütləqdi. Ümumiyyətlə, bu idarəetmə tərzinin heç peşakarlıqla da yaxından-uzaqdan əlaqəsi yoxdu. Adil Nadirov amili "Qarabağ"a himayəçi şirkətin birbaşa rəhbərlik etdiyi dövrdə əvvəllər Adil Nadirov da rəsmi sayılırdı. Klubun təsisçilərindən biri olan Adil bəy icraçı direktor postunda saxlanılmışdı. Tahir Gözəlin vitse-prezident təyinatı almasından sonra da bir müddət vəziyyət dəyişmədi. Ancaq birdən gözlənilmədən Nadirov vəzifəsindən göndərildi və onun onsuz da olmayan səlahiyyətləri rəsmilikdə də heçə endirildi. Bu vəziyyət Adil bəyi razı sala bilməzdi. Ardınca "Qarabağ"da hökm sürən daxili çaxnaşmalarda günahkar kimi Nadirovun adı hallandırılmağa başladı. Sabiq icraçı direktor baş məşqçi Ponomaryovu sevmirdi. Çünki Adil bəy millinin eks-məşqçisinin gətirilməsindən əvvəl boş qalan posta Ağasəlim Mircavadovu təklif etmişdi. Gəl ki, rəhbərlik onun ideyasının əleyhinə çıxaraq, öz variantını gerçəkləşdirdi. Nəticədə narazılıqlar dalğasının əsası qoyuldu. Belədə Nadirovun Ponomaryova və heyətdəki bütün rus əsilli futbolçulara qənim kəsildiyi söylənilirdi. Beləcə vəziyyətin bu həddə çatmasını Adil bəyin qisasçı manevrləriylə əlaqələndirənlər də tapıldı. Qəzetimizə müsahibəsində hadisələrlə əlaqəsi olduğunu təkzib edən Nadirov problemlər barədə yürütdüyümüz üç ehtimaldan biridi. Dünən isə kənarda qalan təsisçiylə qısa söhbətimiz oldu...

Paylaş