Adil Nadirov:``Qarabağ` hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın...`
25 Noy 2010
Adil Nadirov:``Qarabağ` hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın...`
`Qarabağ` Futbol Klubunun təsisçisi Adil Nadirov AZAL-la oyunda baş vermiş olaylardan sonra haqq səsini ucaldaraq öz ürəyini saytımıza boşaltmaq istədiyini bildirdi:` 50 ildi `Qarabağ` komandasının içindəyəm. Özümü dərk edəndən bu komandaya bağlanmışam. Komandanın ən çətin günlərində o ağrıları mən yaşamışam. İllər olub komandanı tək saxlamışam. Bu vaxtadək `Qarabağ`ı doğma balam bilmişəm. Heç kim `Qarabağ`ı mənim kimi sevə bilməz. Ona görə də mən əyriləri də, doğruları da birbaşa söyləməkdən çəkinmirəm. 2 aydı səhhətimlə bağlı evdən çölə də çıxa bilmirdim. İnanırsız, o gün ilk dəfə oyuna getdim. Eşitdiklərimə inanmağım gəlmədi. Məni dəli gülmək tutdu. Harda görülüb ki, sponsoru istefaya çağırsınlar? Azarkeş ancaq baş məşqçini istefaya çağıra, futbolçulardan narazılıq bildirə bilər. Qardaş, belə şey ancaq bizdə ola bilər. Adam gərək kişi olsun, yaxşını da, pisi də üzə söyləsin. Heç vaxt heç nədən çəkinməmişəm. `Azersun Holdinq`in prezidenti Abdolbari Goozalın bu komandaya etdiklərini necə unutmaq olar? 2001-ci ildə `Qarabağ`da cəmi 6 nəfər qalmışdıq. Bunlardan cəmi 3-ü futbolçu idi. O kişi (Abdolbari Goozal) məni yanına çağırıb komandanı himayəyə götürəndə bircə cümlə dedi: Mən `Qarabağ`ı ona görə götürürəm ki, `Qarabağ` adı ermənilər qarşısında xəcil olmasın. Qoy deməsinlər ki, `Qarabağ` bu gün yaşamır. Mən bunu heç vaxt unutmuram. Goozal bəyin haqqını necə unutmaq olar?! O uşaqların istefa qışqırmasını heç cür anlamıram. Yəqin onları kimsə öyrədib ki, düşüblər ortalığa. Adam komandaya hər günündə dəstək olar. Nə oldu, a bala? 3-4 ay bundan qabaq bu komanda avropada tarix yazanda bu rəhbərlikdən yaxşısı yox idi? Bir dözərdiniz də. Bəlkə, komanda AZAL-ı udacaqdı? Bu komandada mənim qədər haqqı olan 2-ci bir adam yoxdu. Amma insan `Azersun Holdinq`in, Goozal bəyin etdiklərinə necə kor ola bilər? Bu gün `Qarabağ`ı Azərbaycanda hamı sevir. Mən bu işi belə qoymayacam. Əgər siz Ağdamlısınızsa, mən də Ağdamlıyam. Hər halda məndən betər ağdamlı ola bilməzsiniz. Yaxşı günün dostu hamı ola bilər. Amma dar gündə insanın iç üzü meydana çıxır. `Qarabağ`la bağlı bağlı kimin sözü varsa gəlsin mənə desin. Bütün Azərbaycan `Qarabağ`dan danışır. Bunlar isə `Qarabağ` içəridən parçalamağa çalışır. Komandanı əsl sevən insan belə etməz, bala!! Ola bilər olar, uşaqdılar. Hələ həyatda bərkə-boşa düşməyiblər. Amma kimsə onları nəyisə düzgün başa salmayıb. Mən çox şeyə danışa bilərəm. Amma insan gərək vicdanını hiss etsin. Əlini ürəyinin üstünə qoysun ki, mən etdiyim düzdü, ya yox? 9 il ərzində görmüsüz ki, bir futbolçu `Qarabağ`dan, `Azersun`dan şikayət etsin? Bu gün hansı klubun `Qarabağ` kimi daimi dayağı var? Əgər `Azersun`un bu siyasəti olmasaydı `Qarabağ` 2 il avropada play-off oynaya bilərdi? Yenə də deyirəm, kimin nə sözü var gəlsin mənə desin. `Qarabağ` hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın...`