AFFA, 20!
AFFA, 20!
Martın 26-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar tarixdir. Ölkəmizin ali futbol qurumu məhz bu gün 20 illik yubileyini qeyd edir. 1992-ci il martın 26-da yaradılan AFFA ölkəmizdə futbolun idarə edilməsini həyata keçirən, ona nəzarət edən təşkilatdır. Onun əsas məqsədi futbolun inkişafına və ölkədə populyarlaşmasına nail olmaqdır. AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzvü seçilib və bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.
2003-cü ildə futbol klublarının, AFFA nümayəndələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Ədliyyə Nazirliyinin, FİFA-nın və UEFA-nın iştirakı ilə Sürix müqaviləsi imzalandı, AFFA-nın yeni Nizamnaməsinin layihəsi hazırlandı. Futbol klubları AFFA bayrağı altında oynamağa razılıq verməyi ilə milli çempionatımız bərpa olundu. 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirildi, yeni Nizamnaməyə əsasən demokratik yolla AFFA-nın rəhbər orqanları – yeni prezidenti Ramiz Mirzəyev seçildi. Həmin gündən Azərbaycan futbolunun inkişafında yeni mərhələ başlandı.
Mirzəyevin 2007-ci ilin oktyabrında vəfatından sonra AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də keçirdiyi iclasın qərarına əsasən prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olundu. AFFA-nın 14 mart 2008-ci il tarixdə keçirilmiş növbədənkənar Konfransında isə Rövnəq Abdullayev qurumun 3-cü prezidenti seçildi. O, bu ilin martın 9-da keçirilən növbəti hesabat-seçki Konfransında yekdilliklə daha 4 illiyə prezident seçildi.
AFFA-nın tabeçiliyində olan əsas qurum İcraiyyə Komitəsi (İK) sayılır. Hər halda, futbolumuzla bağlı əsas qərarları bu komitə verir. Abdullayevin sədrlik etdiyi İK-nın onunla birgə 11 üzvü var. Bunlar vitse-prezidentlər – Rauf Əliyevlə Elşad Nəsirov, veteran futbolçularımız Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, Təhsil Narininin sabiq müavini Elmar Qasımov, “Bakı”nın prezidenti Hafiz Məmmədov və “İnter”in fəxri prezidenti Cahangir Hacıyevdir.
AFFA rəhbərliyini yubiley münasibətilə təbrik edir, ona futbolumuzun inkişafı yolunda uğurlar arzulayırıq.
