AFFA Fərhadla Samiri ağır cəzalandırdı (korner.az)

single-news
10 Noy 2009

AFFA Fərhadla Samiri ağır cəzalandırdı (korner.az)



Assosiasiyanın cəza yağışı ona 12100 manat gətirdi

AFFA İntizam Komitəsi Premyer-Liqanın X turunda baş vermiş hadisələrə hüquqi qiymət verib. “Korner.az” xəbər verir ki, dinləmələrdən sonra bir çox qərarlar qəbul edilib ki, onlardan ən çox diqqətəçəkəni millinin futbolçuları - Fərhad Vəliyev və Samir Abbasovla bağlıdı. Xatırladaq ki, bu iki futbolçu “İnter” - “Qarabağ” oyununun final fitindən sonra paltardəyişmə otağına yollanarkən dalaşmışdı. İntizam Komitəsu bu hərəkətə çox ciddi yanaşaraq hər iki oyunçunu 6 oyunluq diskvalifikasiya edib. Bununla yanaşı, futbolçuların şərəfini qoruduğu “İnter” 3, “Qarabağ” isə 5 min manat cərimə edilib.

İntizam Komitəsinin bütün qərarlarıyla aşağıda tanış ola bilərsiz:

Premyer-Liqanın X turunun "İnter" - "Qarabağ" matçının 63-cü dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi - "İnter" klubu 2000 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra "Qarabağ" klubunun 1 №-li futbolçusu Fərhad Vəliyevlə "İnter" klubunun 9 №-li futbolçusu Samir Abbasov dalaşıb. Belə ki, Samir Abbasov rəqibinin sinəsinə yumruq zərbəsi endirmiş, Fərhad Vəliyev isə ona tüpürmüşdür. Bu səbəbdən də hər iki futbolçu 6 oyunluq cəzalanır, "İnter" klubu 3000, "Qarabağ" klubu isə 5000 manat cərimə olunur. Hər iki futbolçuya verilmiş cərimənin yarısı (3 oyun) şərti olaraq tətbiq ediləcəkdir. Yəni futbolçular 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunur və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur. Matçda hər iki futbolçuya göstərilmiş sarı vərəqə ləğv edilir. Oyundan sonra stadionun ərazisindən kənarda hər iki klubun azarkeşləri arasında qarşıdurma baş vermişdir. Buna görə də "İnter", "Qarabağ" və digər Premyer-Liqada çıxış edən klublar öz fan klublarında nizam-intizam qaydalarına daha ciddi fikir versinlər. Oyunda ictimai asayişi təmin edən polis idarələri oyun vaxtı və oyundan sonra stadionlarda və ondan kənar ərazilərdə baş verə biləcək hər hansı qarşıdurmanın qarşısını almaları üçün təhlükəsizlik tədbirlərini gücləndirsinlər.

Premyer-Liqanın X turunun "Qəbələ" - "Muğan" matçında "Qəbələ" və "Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur. Oyunun 79-cu dəqiqəsində "Muğan" klubunun 22 №-li futbolçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer-Liqanın X turunun "Olimpik-Şüvəlan" - "Simurq" matçının 69-cu dəqiqəsində "Olimpik-Şüvəlan" klubunun 14 №-li futbolçusu Vasif Haqverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer-Liqada çıxış edən klubların əvəzedici heyətlərinin X turunun "İnter" - "Qarabağ" matçının 90+3-cü dəqiqəsində "İnter" klubunun 6 №-li futbolçusu Murad İsgəndərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Premyer-Liqada çıxış edən klubların əvəzedici heyətlərinin X turunun "Qəbələ" - "Muğan" matçında "Muğan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Premyer-Liqada çıxış edən klubların əvəzedici heyətlərinin X turunun "Olimpik-Şüvəlan" - "Simurq" matçının 56-cı dəqiqəsində "Olimpik-Şüvəlan" klubunun 55 №-li futbolçusu Namiq Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Paylaş

// pop up