AFFA ilin ən yaxşıları seçdi
AFFA ilin ən yaxşıları seçdi
Başa çatmaqda olan 2010-cu ildə Azərbaycan futbolunun ən yaxşılarının adları açıqlanıb. Ardıcıl ikinci dəfə ilin ən yaxşılarını seçən AFFA fərqlənənləri yenə də `Landmark`da keçirdiyi tədbirdə mükafatlandırıb.
İlk mükafat millidə ən çox oyun keçirən Mahir Şükürova qismət olub. Ona hədiyyəni Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov təqdim edib.
Ardından çimərlik futbolunun ən yaxşısının adı elan olunub. Bu nominasiyada Emin Kürdov birinci olub. O, mükafatını AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimovdan alıb.
AFFA qızlar arasında ən yaxşı futbolçu kimi Jalə Məmmədovanı seçib. Onu veteran futbolçumuz Ələkbər Məmmədov mükafatlandırıb. Üstəlik, UNİSEF rəsmisi də Məmmədovanı mükafatsız qoymayıb.
AFFA-nın seçiminə görə, Vitali Borisov ən yaxşı futzalçı seçilib. Yığmamızın kapitanına mükafatı Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim edib.
İlin futbolçusu nominasiyasında Rəşad Sadıqov birincilik əldə edib. Milli komandamızın kapitanını AFFA-nın baş katibi Elxan Məmmədov mükafatlandırıb.
Xatırladaq ki, ilk dəfə belə tədbir ötən il keçirilmişdi. Həmin vaxt yığmanın ən yaxşı oyunçusu Vaqif Cavadov, qapıçısı Kamran Ağayev seçilmişdi.
Qadın yığmasında Ana Ələkbərova, futzal millimizdə Rizvan Fərzəliyev, çimərlik yığmasında Elvin Quliyev mükafatlandırılmışdı.