AFFA “Qarabağ” klubunu cərimələyib (APA, 09.03.2006)
9 Mar 2006
AFFA “Qarabağ” klubunu cərimələyib (APA, 09.03.2006)
AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) “Qarabağ” klubunu cəzalandırıb. Ölkə Kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk qarşılaşmasında dörd oyunçusu sarı vərəqə aldığından “Qarabağ” komandası AFFA-nın xəzinəsinə 1000 AZN köçürəcək.
Birinci dəstədə “Simurq”la görüşdə də eyni qanun pozuntusu qeydə alındığından, Xanların “Göygöl” klubu 100 AZN cəriməyə məruz qalıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, NİK İmişlinin “MKT-Araz” klubuna xəbərdarlıq edib. Buna səbəb ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər-Lənkəran”la ilk oyunda lənkəranlı azarkeşlərə lazımı səviyyədə şəraitin yaradılmaması olub. Bundan başqa, hər iki komandanın baş məşqçilərinə oyunçulara qarşı qeyri-etik sözlər işlətdiyindən xəbərdarlıq edilib. /APA/