Aftandil Hacıyev qol haqqında nə dedi?

single-news
14 Dek 2010

Aftandil Hacıyev qol haqqında nə dedi?



`Qarabağ`ımızın `Simurq`u məğlub etməsi bir sıra amillərlə əlamətdar olsa da, oyuna 2-ci hissədə daxil olan müdafiəçimiz Aftandil Hacıyevin qol vurması da diqqəti cəlb etdi. Cari mövsüm 3-cü dəfə meydana çıxan Aftandil qol vurmaqla yanaşı əla oyunuyla da `göz` doldurdu. Görəsən, Aftandil özü bu haqda nə fikirləşir? Təcrübəli müdafiəçi öz ürəyini saytımıza boşaldıb:`Təbii ki, komandamızın qələbəsi daha önəmlidir. Admir Telinin zədələnməsindən xəbərim yox idi. Müşfiq müəllim fasilənin sonuna yaxın mənə yaxınlaşdıki, tez hazırlaş. Oyuna girərkən Qurban müəllim məni təcili təlimatlarını verdi. İlk andan öz oyunumu oynamağa çalışdım. Çempionatın 2-ci turunda MOİK-lə oyundan sonra zədələnmişdim. Zədəmi sağaltdıqdan sonra`forma` yığmağa vaxt lazım idi. Baş məşqçimiz özü hər şeyi görürdü. Öz üzərimdə daim çalışıb vaxtımı gözləyirdim.`
2007-ci ildən `Qarabağ`da çıxış edən 29 yaşlı müdafiəçi 2007-2008 mövsümündən sonra (`Bakı`yla 1:1) ilk dəfə çempionatda qol vurdu. Maraqlıdı ki, Hacıyev cari mövsümdə qol vuran ilk müdafiəçimiz olmaqla yanaşı, komandamızda fərqlənən 5-ci futbolçu oldu (Buna qədər Georgi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev və Emin İmaməliyev fərqlənmişdi). Maraqlıdı, görəsən, Aftandil özü qol vuracağını gözləyirdimi: `Komandamıza mütləq olaraq qələbə lazım idi. Ona görə də təbii ki, qol vurmaq lazım idi. Qol vurulan epizodda standart vəziyyətdən sonra geri qayıtmadım. Cərimə meydançasında gözlədim. Nə deyə bilərəm? Yəqin, qismətimdə qol vurmaq varmış. Komandamız üçün qələbə çox vacib idi. Əsas odu ki, qələbə qazanaraq `6`lıqda qaldıq.`

 

Paylaş

// pop up