Aftandil Hacıyev:` Xal itirmək vaxtı deyil`
Aftandil Hacıyev:` Xal itirmək vaxtı deyil`
Cari mövsümdə “Qarabağ” əvvəlki illərdən fərqli olaraq, uğurlu çıxışı ilə diqqəti cəlb edir. Hazırda 4-cü pillədə qərarlaşan Ağdam təmsilçisi yaxşı təşkil edilmiş müdafiə xətti ilə də seçilir. Müdafiəçilərdən xüsusilə Aftandil Hacıyevin oyununu qeyd etməyə dəyər. Onunla söhbətimiz zamanı bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq.
- Əvvəlcə Türkiyə toplanışı barədə fikirlərini bildirməyini istərdik.
- Toplanış çox yaxşı keçdi. Türkiyədə təxminən 25 gün olduq və təlim-məşq toplanışı dövründə daha çox fiziki hazırlığa üstünlük verdik. Bundan başqa, bir neçə yoxlama görüşü də keçirdik. Orada oynadığımız qarşılaşmalarda əsas olan nəticə deyildi. Məqsəd xətlərarası əlaqəni qaydaya salmaq, baş məşqçimizin bizə verdiyi tapşırıqları lazımınca həyata keçirmək idi. Düşünürəm ki, Türkiyə toplanışında istədiyimizə çatdıq və ikinci dövrəyə lazımınca hazırlaşdıq.
- İkinci dövrədə ilk görüşünüz “Bakılı”ya qarşı oldu. Matçdan əvvəl rəqibdən çəkinmirdiniz ki?
- Düzü, fikirləşirdik ki, çətin olacaq. Çünki ikinci dövrənin əvvəlində istənilən komandaya qarşı oynamaq çətindir. Bundan başqa, “Bakılı” ilə ilk dövrədəki oyunumuz da çətin olmuşdu. Ona görə də ağır görüş olacağını düşünürdük.
- Amma fikirlərinizlə reallıq arasında fərq kifayət qədər böyük oldu.
- Orası elədir. “Bakılı” ilə “Qarabağ” arasında çox böyük səviyyə fərqi var. Bu da yekun nəticəyə öz təsirini göstərdi. Komandamız kifayət qədər qol vəziyyəti yaratdı. Düzdür, onların hamısından istifadə edə bilmədik. Bununla belə, böyükhesablı qələbə qazandıq.
- Lakin komandanız gözlənilənin əksinə olaraq, gözəl futbol nümayiş etdirə bilmədi. Bunun səbəbi nə idi?
- İkinci dövrənin ilk turunda baxımlı futbol nümayiş etdirmək çox çətindir. Qış ayları olduğu üçün meydanda pis vəziyyətdə olur. Bunlardan vacib bir məqam da var. Hazırda elə vəziyyət yaranıb ki, baxımlı oyun o qədər də böyük əhəmiyyət daşımır. Əsas olan odur ki, üç xal qazanaq. Bunu bacardığımız üçün sevinirəm.
- Cəzalı olduğun üçün bu oyunu tribunadan izlədin. Çətin deyildi ki?
- Tribunadan oyuna baxmaq həmişə çətindir.
- Sənin mövqeyində oynayan futb
olçular özlərini necə göstərdilər?
- Mənim mövqeyimdə Zəkəriyya Ramadanla Admir Teli çıxış edirdi. Əslində, oyun o qədər də çətin keçmədiyindən, nəsə demək olmur. Düzdür, Teli bu oyunda qol da vurdu. Amma mən onlar haqda nəsə demək istəmirəm. Yaxşı olardı ki, onlara baş məşqçimiz Qurban Qurbanov qiymət versin.
- Admir Telinin gəlişindən sonra sənin ehtiyatda qalacağın söylənilir...
- Bu barədə nəsə deməyim düz olmazdı. Mənim işim məşqlərdə özümü yaxşı tərəfdən göstərmək və baş məşqçidən şans gözləməkdir. Bir də ki, siz çox tez mühakimə yürüdürsünüz. Mən “Bakılı” ilə oyunu zəif oynadığım üçün deyil, cəzalı olduğum üçün buraxmışam. Opponentlərimə gəlincə, bayaq qeyd etdim ki, “Bakılı” o qədər də güclü rəqib deyildi. Ona görə də indidən nəsə fikir yürütmək doğru deyil. Qarşıda bizi hələ çox çətin oyunlar gözləyir və hər kəsin özünü göstərmək üçün şansı olacaq.
- Növbəti turda “Olimpik”lə qarşılaşacaqsınız. Ötən oyunda Telinin qol vurduğunu nəzərə alsaq, ehtiyatda qala bilərsənmi?
- Ola bilər. Hərçənd bu, mənim verdiyim qərar deyil. Bu sualı baş məşqçiyə ünvanlasanız, daha yaxşı olardı. Bir də ki, əsas olan o görüşdə kimin oynayacağı deyil, komandamın qələbə qazanmasıdır. Ehtiyatda oturmağa razıyam, təki “Qarabağ” meydandan üç xalla ayrılsın.
- Ümumiyyətlə, ilk turda qeydə alınan nəticələrə münasibətini bilmək də maraqlı olardı.
- Düzünü desəm, məni təəccübləndirən hər hansı nəticə olmadı. Demək olar ki, hamısını gözləmək mümkün idi. Daha çox “İnter” - “Olimpik” və “Xəzər-Lənkəran” - “Karvan” qarşılaşmaları maraq doğururdu. Lakin “Karvan”ın səfərdən bir xalla qayıtmasında qeyri-adi heç nə yoxdur. Yevlax təmsilçisi cari mövsümdə güclü rəqib olduğunu dəfələrlə sübut edib. “İnter” isə minimalhesablı qələbə qazandı. Bu nəticələr bizim xeyrimizə oldu və dördüncü pilləyə yüksəldik. Lakin arxayınlaşmağın mənası yoxdur. Çünki qarşıda hələ çox oyun var.
- “Olimpik”lə oyun barədə nə deyə bilərsən?
- Çox çətin olacaq. Rəqib yaxşı komandadır. Yaxşı oyunçuları var və cari mövsümdə iddialıdırlar. Üstəlik, son turda məğlub olduqlarından bizimlə oyuna daha ciddi hazırlaşacaqlar. Yəni növbəti xal itkisi onların vəziyyətini xeyli çətinləşdirə bilər. Üstəlik, ötən il “Olimpik”ə qalib gəlməklə çempionluqdan məhrum etmişdik. Bu da oyunun gərginliyini artıracaq. Lakin bizim vəziyyətimiz də məlumdur. İndiki vaxtda xal itirmək olmaz. Gərək uğurları sıralayıb, daha yüksəyə qalxaq. Ona görə də bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq.
- Komandanız artıq neçə turdur ki, məğlub olmur. Bu amil sizin üzərinizdə psixoloji təzyiq yaratmır ki?
- Xeyr. Əksinə, bu, bizdə özünəinam yaradıb. Düzü, indi heç məğlubiyyət barədə düşünməyə də vaxt yoxdur. Hətta heç-heçə təqdirində belə, vəziyyətimiz çətinləşə bilər, o ki qaldı məğlubiyyət ola. Biz meydana ancaq qələbə qazanmaq üçün çıxırıq. Əsas odur ki, hər oyuna ciddi hazırlaşaq və rəqibi yaxşı təhlil edib onların zəif yerlərindən maksimum istifadə edək.
- Qarşıda sizi bir-birinin ardınca çətin oyunlar gözləyir...
- Doğrudur. “Olimpik”dən sonra kubokda “Neftçi” ilə qarşılaşacağıq. Ardınca “Standard”, “Bakı”, “Qəbələ” və “Simurq”la çətin oyunlarımız olacaq. Ardıcıl iddialı rəqiblərlə oynamaq o qədər də asan deyil. Düzdür, biz “silah”ı yerə qoymaq fikrində deyilik. Bayaq qeyd etdiyim kimi, hər oyunda meydana qələbə qazanmaq üçün çıxacağıq. İndi isə bütün diqqəti “Olimpik”lə qarşılaşmaya yönəltmişik. Gərək bu oyundan maksimum nəticə ilə ayrılaq.
- Çətin oyunlar çoxdur. Belə qarşılaşmalarda uğur qazanmaq üçün isə gərək ehtiyat oyunçular skamyanız zəngin olsun. “Qarabağ” isə qış fasiləsində cəmi üç transfer etdi. Səncə, heyətdə yer alan futbolçular avrokuboklara vəsiqə qazanmağa kifayət edərmi?
- Transfer işinə klub rəhbərliyi baxır. Yəqin ki, onlar cəmi üç oyunçuya ehtiyac görüblər və bu sayda transfer ediblər. O ki qaldı futbolçuların sayına, məncə, bizim kifayət qədər səviyyəli oyunçularımız var. Azı 20 nəfər var ki, əsas heyətdə meydana çıxa bilərlər. Düşünürəm ki, bu sahədə elə bir ciddi problemimiz yoxdur.
- “Neftçi” ilə kubok oyunu barədə nə düşünürsən?
- Çox çətin olacaq. “Neftçi”nin avrokuboklara çıxmaq üçün yeganə yolu ölkə kubokunu qazanmaqdan keçir. Üstəlik, qış fasiləsində bir qədər gücləniblər. Həm də ki, istənilən vəziyyətdə olmasından asılı olmayaraq, “Neftçi”yə qarşı oynamaq çətindir. Buna baxmayaraq, sona qədər mübarizə aparmaq və qələbə qazanmaq istəyirik.
- Deyirlər ki, “Qarabağ” kuboku çempionata qurban verəcək...
- Belə bir şey yoxdur. Sona qədər hər iki “cəbhə”də mübarizə aparacağıq. Çünki biz avrokuboklara vəsiqə qazanmaq istəyirik. Ona görə də bütün oyunlarda var gücümüzü qoyub qələbə qazanmağa çalışacağıq.
- Konkret məqsədiniz nədir?
- UEFA kubokuna vəsiqə qazanmaq.
- Belə çıxır ki, çempionluq uğrunda mübarizə aparmayacaqsınız?
- Xeyr. İlk hədəf uzun illərdən sonra hər hansı əyarlı medal qazanaraq və UEFA kubokuna vəsiqə əldə etməkdir. O ki qaldı çempionluğa, hələ qızıl medallardan əlimizi üzməmişik. Üçxallıq sistemdə 6 xal böyük fərq deyil. Əsas odur ki, şəxsi oyunlarda “İnter” və “Bakı”nı məğlub edək və onların digər qarşılaşmalarda xal itirmələrini gözləyək. Bizim çempionluq şansımıza qarşıdakı turlarda aydınlıq gələcək.
- Avrokuboklara çıxmaq yolunda hansı komandaları özünüzə rəqib görürsünüz?
- “İlk yeddilik”də qərarlaşan bütün komandaları. Kubokda isə “Neftçi” və “Qəbələ” də var. Onlarla sona qədər mübarizə aparmalı olacağıq.
- Bir az da yığma barədə danışaq. Yenidən milliyə qayıtmaq istəyirsənmi?
- Əlbəttə. Yığmanın formasını geyindiyim vaxtları yada salanda bu arzum daha da güclənir. İstənilən futbolçu üçün milli komandada çıxış etmək karyerasının pik nöqtəsidir. Yığmanın məşqçiləri də oyunumu izləyirlər. Çağırsalar, canla-başla yenidən yığmada çıxış etməyə hazıram.
- Yığmamızı qarşıda Rusiya ilə çətin oyun gözləyir. Bu görüş barədə fikrin nədir?
- Rusiya futbolu son vaxtlar çox inkişaf edib. Klubları da, yığmaları da. Qus Hiddinkin rəhbərlik etdiyi komanda Avropa çempionatında bürünc medal qazandı. Onlara qarşı oynamaq çox çətin olacaq. Düzdür, rəqibdən xal almaq mümkündür, ancaq gərək uşaqlar çox ciddi hazırlaşsınlar. Yığmaya qarşıdakı oyunda uğurlar arzulayıram.