Aftandillə Ayxan "Qarabağ"la birillik müqavilə bağladı (Futbol+, 25.08.2007)
Aftandillə Ayxan "Qarabağ"la birillik müqavilə bağladı (Futbol+, 25.08.2007)
"Standard" rəhbərliyi peşəkar deyil"
Cari çempionata yaxşı başlamayan "Qarabağ" bəslənilən ümidləri hələ ki puç etməklə məşğuldu. Nə Rasim Karanın gəncləşdirmə siyasəti, nə də başqa amillər bəhrəsini vermir. Düzdü, çempionata hələ iki həftədi start verilib. Və əsas mübarizə hələ irəlidədi. Lakin itirilən xallar sonda ağdamlıların başına bəla aça bilər. Bunu "Qarabağ" rəhbərliyi də yaxşı anlayır.
Deyəsən, elə bütün bunlara görə "transfer pəncərəsi"nin açıq olmasından istifadə edən ağdamlılar heyətini Aftandil Hacıyev və Ayxan Abbasovla gücləndirmək qərarına gəlib. "MKT-Araz"ın "ölümündən" sonra "Standard"a keçəcəyi gözlənilən futbolçular dünən "Qarabağ"la müqavilə imzaladılar. Əvvəlcə Hacıyevi dinləyək: "Elə indicə "Qarabağ"la birillik müqavilə imzaladım. Bu komandaya gəlməyimin başlıca səbəbkarı Rasim Kara oldu. "Qarabağ" köklü klubdu və həmişə iddialı olub. Düzdü, komanda bu mövsüm çempion olmağı qarşısına məqsəd qoymasa da, yüksək yerlər uğrunda mübarizə aparacaq. Çoxları Ağdam klubunun çempionatın ilk iki turunda məğlub olmasından danışır. Lakin hər şey irəlidədi. İnşallah, sonluq istədiyimiz kimi olar". Aftandilə "Standard"la "nəyə görə razılığa gəlmədin" sualını da verdik: "Standard" rəhbərliyi ilə razılığa gələ bilmədim. Ümumiyyətlə, onlar peşəkar deyil. İstədiyim məbləği ödəmədikləri üçün orda qalmadım. Həm də mən iddialı klubda oynamaq istəyirdim. Uyğunlaşma sarıdan heç bir problemin olmayacağına əminəm. Komanda yoldaşlarımdan bəziləriylə "Turan"da, bəziləriylə də millidə çiyin-çiyinə oynamışam".
Elə Ayxanın "Qarabağ"a üz tutmasının səbəbi də "Standard"la razılığa gələ bilməməsi olub: "Standard"la ilkin razılığa gəlmişdim. Lakin sonradan onların qoyduğu şərtlər məni qane etmədiyindən, keçidim baş tutmadı. Bu zaman "Qarabağ" təklif göndərdi və az əvvəl birillik müqavilə imzaladım. Düşünürəm ki, yeni komandada hər şey yaxşı olacaq. Məşq zamanı Rasim Karayla bu barədə söhbət etdik. Komanda iddialıdı. Uşaqlar da gəncdilər. Eyni zamanda təcrübəli futbolçuları da var. Zaman hər şeyi göstərəcək".