AĞDAM QORUNMALI İDİ...

single-news
23 İyl 2005

AĞDAM QORUNMALI İDİ...



Ağdam Qarabağda alınmaz bir qalaya bənzəyirdi. Hələ keçən əsrin əvvəllərində baş verən erməni-müsəlman savaşından ağdamlıların vətənpərvərliyinə, cəsarətinə, iradəsinə bələd olan ermənilər bu qalanın həndəvərinə belə yaxın düşə bilməzdilər. Çox təəssüf ki, xəyanət və satqınlıq bu qalanın yolunu da düşmənə açdı. Təkcə Ağdamda, Qarabağda deyil, bütün Azərbaycanda cəsur insan, bacarıqlı hərbçi kimi şöhrət qazanmış, ermənilərin gözünün odunu almış, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Şirin Mirzəyevin ölümü də xəyanətlə bağlı olmuşdur. Onun ölümündən sonra yaranmış vəziyyət, xüsusən rayonda yerləşdirilmiş hərbi qüvvənin - 22 batalyonun, o cümlədən 4200 nəfərdən çox şəxsi heyətin, kifayət qədər silah-sursatın, texnikanın başqa istiqamətə yönəldilməsi ermənilərin əl-qolunu açmışdı. Nəticədə Ağdam təcavüzə məruz qalmışdır. Bu itki haqqında ulu öndərimiz Heydər Əliyev ürək ağrısı ilə belə demişdir: “1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü - ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəlmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağda yaşayan ermənilər daim Ağdamla əlaqədə olurdular, Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi”. ... Ağdamlıların iradəsi, düşüncəsi, amalı bir istiqamətə yönəlib. Onlar nikbindir. Torpaqlarımızın qaytarılacağına, respublikamızın ərazi bütövlüyünün bərpasına, soydaşlarımızın öz doğma yurd-yuvalarına dönəcəklərinə inanırlar. Bu sözləri yazarkən keçən il Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevin bir müsahibəsində qətiyyətlə dediyi bu sözləri xatırlayıram: “Ağdamsız yaşamaq çox çətindir. Bu, hər bir ağdamlının şəxsi müsibətindən də qat-qat ağır bir dərddir. İtkiyə nə qədər göz yaşları tökülür, dərdə tablaşa bilməyən neçə ürək vaxtsız dayanıb. Neçə ana oğulsuz, neçə övlad atasız, neçə gəlin ərsiz qalıb. Bütün bunlar nə qədər dözülməz olsa da, biz qovrula-qovrula tablaşmışıq. Göz yaşlarımızı ürəyimizə axıda-axıda yaşamışıq. Ancaq heç zaman müti olmamışıq, olanları alın yazısı kimi qəbul edib, qismətə boyun əyməmişik və heç vaxt da əyməyəcəyik”. Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr - Azərbaycanın haqq işinin dünya ictimaiyyəti tərəfindən daha çox dəstəklənməsi, ermənilərin işğalçı olmasının etirafı, insanların öz doğma yurd-yuvalarına sonsuz sevgisi, xalqın qətiyyəti bütün məcburi köçkünlər kimi ağdamlıların da öz müqəddəs torpaqlarına qayıdacaqları günün uzaqda olmadığına dəlalət edir.

Paylaş

// pop up